​“Türklər – kürdlərin, ruslar – bütün iranlıların əkiz qardaşıdır”: Tehranın krossvordu xatırladan milli siyasəti - TƏHLİL

Baxış sayı:
2947

“Hökumət qadın” komediyasında bir ibrətamiz səhnə var: Mardinin milliyyətcə kürd xanım  bələdiyyə başçısının (Xati anne) evinə elçiliyə gəliblər. Qız istəyən türk zabitidir. Valideynlər oğlanın bəyəndiyi qızın təhsili ilə maraqlanır. “Hansı xarici dilləri bilir?” Xati anne qaçaraq deyir: “Türkcə”. Təəccübdən ağzı açıq qalmış oğlan tərəfi soruşur: “Necə yəni türkcə?” Cavab: “Çünki doğuşdan kürddür…”
Milli və dini kimliklə bağlı məsələ, bütün Yaxın Şərq ölkələrindəki kimi, Türkiyədə də həssas məqamdır. Bununla belə, Türkiyənin tele-kino sənayesində kiçik xalqlarla bağlı sarı simin tapdalanması geniş yayılıb. Əksər serial və filmlərdə təkcə ölkənin cənub-şərq bölgələrinin sakinləri deyil, məsələn, gürcü-abxaz mənşəli qaradənizlilərin də kəmağıl, çağdan geri qalmış kimi təqdimatı geniş yer almış haldır.
Bu baxımdan, “Hökumət qadın” milli /dini / məzhəbi ləyaqətin həqarət hədəfi olmadığı çox nadir kinematoqrafiya nümunəsidir.
Orta əsrlərdə ksenofobiyaya nümunə gətiriləcək misallar olsa da (məsələn, Firdovsinin “Şahnamə”sində), bütövlükdə, o çağda hər bir yaradıcı şəxs yaşadığı coğrafiyanın milli landaşftına inkarçı, nifrətamiz mövqedə olmayıb. Buna görə də, Şərqin bir çox söz dühaları geniş yayılmış üç dildə – ərəbcə, farsca və türkcə divanlar yaradıb. Hətta erməni mənşəli xristian Sayat Novanın İslam müqəddəsləri barədə şeri də təəccüb doğurmur. Qoca Yaxın Şərqdə oxşar misraları olan tək o deyil ki…
O dövrün bilicilərində Məhəmməd Füzulinin mirasında kürdcə yazılmış şerlər olması da heyrət oyatmır. Amma İran prezidenti Həsən Ruhaninin administrasiyasında milli və dini azlıqlar üzrə xüsusi müşavir Əli Yunesinin ölkənin türk mənşəli əhalisini kürdlərin əkiz qardaşı adlandırmasından alınan təəssürat hər bir səviyyədə ancaq qıcıq ola bilər.
Aprelin 1-də gündəlik “Qanun” qəzetinə verdiyi müsahibədə Məhəmməd Xatəmi hökumətində kəşfiyyat naziri olmuş Əli Yunesi deyib ki, “lurlar, kürdlər, azərilər, mazadaranlılar fars dilinin dialektində danışırlar”.
Ardınca: “Azəriləri türklərdən fərqləndirmək lazımdır. Onlar türk deyillər və farsca danışan fars mənşəli, kürdlərin əkiz qardaşlarıdır. Bu iki xalq ta Həxamneşi (Əhəməni) istilasından əvvəl bu bölgədə məskunlaşmış vahid ailədir. Azərilərin çoxu həm öz, həm də fars dilində danışırlar. Onların bir hissəsi, həmçinin talışlar kimi, qədim pars dilində danışırlar… Azərbaycanda türk dilinin tarixi 300-400 ildən uzağa getmir…”
Əlbəttə, İranda istər elmi (Əli Yunesi də iddialarında bir araşdırmaya istinad edir), istərsə də rəsmi səviyyədə bu sayaq açıqlamalar ilk dəfə səslənmir. Amma ümumən həm iqtidarının ilk, həm də ikinci dövründə milli-dini azlıqlarla bağlı fərqli siyasət yeridəcəyinə söz vermiş (mərkəzçi) islahatçı Həsən Ruhani administrasiyasına kölgə salır.
İnsafən, hazırkı hökumət bu yöndə bəzi addımlar atıb, lakin bir çox vəddən əmələ keçməyib. Onlardan biri də İranda kürd və azəri türkcəsində təhsilin həyata keçirilməsidir.
Milli heysiyyətin toxunulmazlığına qəsdə başqa bir nümunə Azərbaycan-İran sərhədindəki Parsabad-Muğan şəhərində ustad Məhəmməd Hüseyn Şəhriyarın büstünün dağıdılmasıdır. Heç bir məntiqli və əsaslı izah olmadan bu əmələ göstəriş vermiş şəhər məclisinin qərarı da böyük təpki ilə qarşılaşıb. Vilayət prokurorluğunun araşdırdığı bu məsələ sosial şəbəkələrin gündəmindən hələ də düşmür.
Daha böyük etiraz isə İran televiziyasının (İRİB) bir sıra yayımları ilə bağlıdır. Ali Rəhbər Xamnəinin fərmanı ilə təyin olunan İRİB rəhbərinin kürsüsünü hazırda “İranda rəqəmli televiziyanın atası” Əbdüləli Əli Əsgəri tutur.
50 yerli və xarici telekanalı və 42 radiostansiyası olan teleşəbəkədə nümayiş edilmiş bir sıra veriliş və seriallar ölkədə yaşayan xalqların hiddətini doğurub.

İRİB-1-də nümayişi senzura qayçısı və Mazandaran sakinlərinin təhqiri kimi yozulmuş “Paytaxt 5” serialının personajları
“İRİB-2”də ənənəvi ərəb libaslı gəlinciyin nümayişi və “biqeyrət iranlı ərəb” ifadəsinin səslənməsi əhalisinin böyük hissəsi ərəb mənşəli olan Xuzistan əyalətində doğurduğu etiraz indiyə hələ də səngimək bilmir.
Novruz bayramı günlərində İRİB-in Şərqi Azərbaycan vilayətində yayımlanan şəbəkəsində isə “Təbriz-2018” verilişi rəsmi məqamlara xoş gəlməmişdi (Onunla müqayisədə Səttarxandan bəhs edən, habelə “Anam” adlı serial rəğbətlə qarşılanıb).
Başqa bir qalmaqal isə “Paytaxt 5” serialı ilə əlaqədardır. Öz məziyyətləri və çəkilişdə iştirak etmiş 2 aktrisa ilə bağlı (hər ikisi – Negin Mirzayi və Sara Bahonar 17 dildə (o cümlədən azəri türkcəsində) yayımlanan, 2017-ci ilin aprelində İstanbulda küveytli ortağı ilə birlikdə öldürülən TV patronu Səid Kərimianın “Gem Group” televiziyasının əməkdaşlarıdır) günbəgün gündəmdən düşməyən “Paytaxt 5”də ksenofobiya izləri tapanlar olmuşdu.
Əsas personaj Nəqi Məmuli, ailəsi və həmyerlilərinin sərgüzəştlərinə İranın Xəzəryanı bölgəsindən etiraz səslənib. Hətta parlamentin Mazandaran üzrə millət vəkili “kəmağıl, çağdan geri qalmış kimi göstərilən” həmyerlilərinin bu sayaq münasibətə layiq olmadığını qeyzlə dilə gətirib.
Yeri gəlmişkən, parlamentin 50 azəri-türk deputatı da etiraz əlamətin olaraq Həsən Ruhaniyə açıq məktubla müraciət edib.
Amma az qala bütün İran xalqlarında etiraza səbəb olan daha bir mühüm məsələ var. Bu, 2017-ci ilin sonu – 2018-ci ilin əvvəlində baş vermiş iğtişaşlardan sonra sosial şəbəkələrə (ilk növbədə “Telegram”) bərabər, ingiliscənin xarici dil kimi tədrisinin məhdudlaşdırılması kampaniyasıdır. Ruhani administrasiyasında təhsil naziri kürsüsünü tutan Seyyid Məhəmməd Bəthayi Rusiya parlamentinin elm təhsil və elm üzrə komitəsinin rəhbəri Vyaçelav Nikonovla görüşündə hər iki ölkədə qarşılıqlı olaraq rus və fars dillərinin əsas xarici dil kimi tədrisini təklif edib.
Nazir deyib: “İran hökuməti ikinci dil kimi ingiliscənin inhisarını dağıtmaq və digər, o cümlədən rus dilinin yayma niyyətindədir”.
Təklif geniş dairələrdə dərhal etiraz doğurub. “Niyə rus dili? – deyə hətta tanınmış aktyor Əmir Ağayi heyrətini gizlədə bilmir. – Rus dili dünyanın hansı guşəsində onu öyrənmiş övladımın karına gələcək?!”