Türkiyəyə verilmiş möhlət bitir, Ankara nə edəcək? - İrana qarşı neft embarqosunu bu dəfə aşmaq çətin olacaq

Baxış sayı:
9733

Endrü Uilks

“Əl-Cəzirə”, 25.04.2019

Vaşinqtonun İrana qarşı birtərəfli qaydada sanksiyalar tətbiq etməsi gələn həftə Türkiyəyə zərbə vuracaq, çünki ona İran neftini satın alma üçün verilmiş güzəşt müddəti sona çatır.

ABŞ prezidenti Donald Tramp keçən ilin noyabr ayında İran əleyhinə yenidən sanksiya tətbiq edərkən, Türkiyə neft ticarətinə altı aylıq güzəşt almış 8 ölkə arasında idi.

Bu güzəşt müddəti mayın 2-də başa çatır. Türkiyənin qonşusundan neft idxalını saxlamaq israrına baxmayaraq, Vaşinqton heç bir imtiyaz olmayacağını açıqlayıb.

Türkiyə prezidentinin rəsmi təmsilçisi İbrahim Kalin bildirib ki, “İran neftini almaqda davam etmək istəyirik. İnsanlar Türkiyənin İrandan üz döndərəcəyini gözləməməlidirlər”.

Vaşinqton mayın 1-dən etibarən neft almamağa çağırdığı zaman Türkiyənin ticarətin uzadılmasına dair ümidləri boşa çıxır.

ABŞ dövlət katibi Mayk Pompeonun sözlərinə görə, İranın regional rəqibləri olan Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri neft təchizatı ilə sabit dünya bazarı qiymətlərini təmin edəcək, yəni hazırkı 1 barel üçün 75 dollar kursu yerində sayacaq.

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu regional sülh və sabitlik üçün risklər barədə xəbərdarlıq “tweet”-i atıb: “Türkiyə qonşuları ilə əlaqələrini zədələyəcək birtərəfli sanksiyaları rədd edir”.

Enerji tələbatı artdıqca Türkiyə son illərdə İrana daha çox yaxınlaşır. Əhəmiyyətli karbohidrogen ehtiyatlarının yoxluğu ucbatından Türkiyə ötən il elektrik enerjisi idxalına 43 milyard dollar xərcləyərək, enerji tələbatının 90 faizini xarici mənbələr hesabına ödəyib.

2017-ci ildə ABŞ-ın nüvə razılaşmasında sonuncu il tamamlanarkən, Türkiyənin xam neft ixracatının 45 faizi İranın payına düşüb.

Səudiyyə Ərəbistanı, BƏƏ və Suriya

Ankaranın Səudiyyə Ərəbistanı və BƏƏ kimi digər regional qüvvələrlə münasibətləri, xüsusilə Səudiyyə jurnalisti Camal Xaşuqcinin keçən il İstanbulda qətlə yetirilməsindən sonra qarışdığından, İrana güvən artıb.

Suriyada Ankaranın İranın dəstək verdiyi prezident Bəşər Əsədə müxalifəti yumşalıb və Rusiya ilə yanaşı, Türkiyə İranla Suriyanı sülhə doğru yönəltməyə təşəbbüs göstərib.

Neft idxalından asılı olduğuna görə keçən ilin sonunda tənəzzülə uğrayan Türkiyə iqtisadiyyatı qiymət artımlarına xüsusilə həssasdır və sabit dəyərini itirən lirə daha sürətlə məzənnə itirə bilər.

Berlin mərkəzli “Orient Matters” konsaltinq şirkətinin baş icraçı direktoru David Cəlilvənd deyib: “İraqdan başqa, Türkiyə yalnız İrandan enerji idxalına güvənmir. İrandan neft idxalının sona çatdırılması, yaxud əhəmiyyətli azalma Türkiyənin idxal həcmini xeyli dərəcədə artıracaq, bu da Türkiyə iqtisadiyyatına inflyasiya təzyiqinə səbəb olacaq”.

Keçən ilin may ayında Tramp birtərəfli olaraq İran, ABŞ, Rusiya, Çin, Almaniya, Fransa, İngiltərə və Aİ arasında 2015-ci ildə imzalanan “Joint Joint Plan” (JCPOA) Müqaviləsini ləğv etmək qərarına gəlib.

Bu qərar İranla ticarəti aparan şirkətlərə cəza tətbiq edən sanksiya rejiminin dönüşünə səbəb olub. ABŞ Tehranın “terrorizmi dəstəkləməsi və müdaxilə siyasətinə maneə törətmək məqsədi ilə” İranın neft sənayesini, yəni əsas xarici valyuta qaynağını kəsməyi hədəfləyir.

“Sıfır tolerantlıq strategiyası”

Braun Universitetinin analitiki Səlim Sazak bildirib ki, ABŞ-ın İran siyasəti “müttəfiqlərini özündən uzaqlaşdıran israilpərəst, Körfəzpərəst siyasətə keçib”.

“Heç kim, ABŞ və İsraildən başqa, İrana qarşı sıfır tolerantlıq strategiyasını istəmir, amma oyunda ABŞ olduğu üçün hər kəs səsini çıxarmır. Ankarada, Brüsseldə və başqa yerlərdə bir çox adamın bu məsələyə qəzəblə yanaşdığını düşünürəm”.

Çoxmilyard dollarlıq cərimələr təhlükəsi ilə qarşı-qarşıya qalmaq və ABŞ-ın maliyyə sistemindən xaric edilmək təhdidi ilə son bir neçə ildə Türkiyənin neft şirkətləri İranla işlərini azaldıb.

Ötən ay Oksford Enerji Araşdırmaları İnstitutu bildirib ki, 2017-ci ildə gündəlik 244 min barel ilə müqayisədə, keçən ilin fevralından İrandan Türkiyəyə gündə 144 min barel neft göndərilib.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin ötən həftə Ankaraya səfərindən sonra ABŞ-ın sanksiyalarını aşmaq üçün Türkiyə ilə maliyyə mexanizminin yaradılması təklifini irəli sürüb.

Cəlilvəndin sözlərinə görə, Türkiyə və İran milli valyutalar və ya qızıldan istifadə edərək, dollar ticarətinə alternativ tapa bilər.

“Quru sərhədləri paylaşaraq İran və Türkiyə beynəlxalq maliyyə sistemindən yayınmaq üçün fiziki ödəşmədən faydalanacaq. Bununla belə, yerli şirkətlər diqqəti cəlb edəcəklər. Beynəlxalq bank sistemindən İranla ticarət qurmaq üçün istifadə etməsələr də, digər əməliyyatlar üçün ona güvənməyə davam edəcəklər”.

ABŞ-ın İrana qarşı sanksiyalarına qarşı çıxmaqdan əlavə, Türkiyə Rusiya raketlərinin alınması da daxil olmqla, bir sıra mübahisələrlə riskli strategiya izləyir.

İranın ən böyük neft müştərisi olan Çinin ABŞ planına razılıq verməyəcyinə eyham edən Xarici İşlər Nazirliyinin sözçüsü Gen Şuanq aprelin 24-də İranla “normal enerji əməkdaşlığı”nın qorunmasının vacibliyini söyləyib.

Ancaq ankaralı siyasi analitik Əli Bəkir Çin etirazını izah edərkən deyib: “Biz Pekinin rəsmi ritorika və əslində, nə edəcəklərini fərqləndirməliyik. Çinin ABŞ-la ortaq maraqları var və o, sanksiyaların pozulmasına heç bir maraq göstərmir”.

O əlavə edib: “Türkiyənin variantları azdır, əgər Türkiyə Vaşinqtona qarşı çıxsa, böhranlı vəziyyətdə olacaq, çünki iqtisadi cəhətdən sanksiyaların öhdəsindən gələ bilməz. Türkiyə fərdi qaydada danışıqlar aparmağa çalışacaq və rəsmən razılaşmaqdan imtina edəcək, amma bu, yalnız ritorika olacaq. ABŞ və digər ölkələr alternativ təklif edə bilərlərsə, ehtimal ki, o, idxalı kəsəcək”.

Daha yüksək xərclər

İran neftinin hədəflənmə, dünya bazarında tədarükün məhdudlaşdığı indiki halda, qiymət artımı təhlükəsi yaradır.

Liviyada yaşanan gərginlik, dünyanın ən böyük “qara qızıl” ehtiyatları olan Venesuelada hasilatın azalmasını da nəzər alan Cəlilvənd deyib: “Türkiyənin İran neftini əvəz etməsi çətin olacaq. Qısa dövrdə, Səudiyyə Ərəbistanı və Rusiya, habelə az dərəcədə İraqın ehtiyat tutumu və neft qiymətləri İranla müqayisə edilə bilər.

Anma bu ölkələrdən idxal Türkiyənin neft emalı zavodlarının nəql və uyğunlaşdırma üçün yüksək xərclərə, eləcə də daha yüksək qiymətlərin yaranmasına gətirib çıxaracaq. Türkiyənin kommersiya maraqlarından əlavə, İran neftini Səudiyyə Ərəbistanından olan barellərə əvəz etməsi üçün siyasi iştahası da kiçikdir.

Tərcümə: Strateq.az