TÜRKİYƏNİN MÖHTƏŞƏM “SÜLH ÇEŞMƏSİ” ƏMƏLİYYATI – Türk ordusunun hücumu hansı ölkələri narahat edir və dəstək təklif edənlər kimlərdir...

Baxış sayı:
2653

Türkiyənin Müdafiə Nazirliyi bildirir ki, Suriyanın şimal-şərqində baş verən böyük hərbi əməliyyatda azı 342 kürd döyüşçüsü öldürülüb.
Prezident Rəcəb Tayyib Ərdoğan isə hücumun kürd rəhbərliyindəki qüvvələrin sərhəd bölgəsindən çıxarılması və milyonlarla suriyalı qaçqının geri qaytarılması üçün "etibarlı bölgə" yaratmağı hədəflədiyini söyləyib.
Müdafiə naziri Hülusi Akar hərbi əməliyyatın planlaşdırıldığı kimi uğurla davam etdiyini bildirib: "Biz yalnız ölkəmizin və xalqımızın təhlükəsizliyinə deyil, eyni zamanda etnik qruplara - kürd, ərəb, assuriya, xristian, Ezidis və Keldani xalqlarına da böyük əhəmiyyət veririk".
 
SDF 22 döyüşçüsünün öldürüldüyünü bildirib
 
Bu arada Suriya Demokratik Qüvvələrini (SDF) döyüşçülərindən 22-nin çərşənbə və cümə axşamı günü Türkiyə və Suriyalı hərbçilər tərəfindən öldürüldüyünü bildirib.
Hərəkat ABŞ-ın İraqdakı "İslam Dövləti" və Levant İslam Dövləti (İŞİD) silahlı qruplaşmasına qarşı mübarizədəki əsas müttəfiqi olan kürdlərin başçılıq etdiyi SDF-ni tərk edib, bölgədən öz qoşunlarını çıxardığını elan etməsindən sonra başladı.
Türkiyənin Müdafiə Nazirliyi cümə günü Türk əsgərləri arasında ilk ölüm hadisəsini təsdiqlədi: “Suriya sərhədindəki şəhərlərdə Türk qüvvələri ilə SDF arasında ağır döyüşlər gedir. Türk ordusu döyüş təyyarələrindən, ağır artilleriyadan, raket atəşindən istifadə edir və Tel Abyad artıq boşalıb. SDF isə Türkiyənin sərhəd şəhərlərini atəşə tutur. Artıq 8 nəfər Suruc şəhər sakini həlak olub”.
Türk qüvvələri sərhəd boyunca 120 km uzunluğu, 30 km eni olan ərazidə cəmləşməkdədir. Hələlik əməliyyatların hansı miqyasda genişlənəcəyini demək çətindir.
Suriyanın şimal-şərqindəki muxtar kürd rəhbərliyi 7 min məcburi köçkünü təxliyə etməyə başlayıb. Mülki şəxslərin daha cənubda yerləşən Arişa adlı düşərgəyə köçürülməsi gözlənilir.
 
Pakistandan qardaş ölkəyə dəstək təklifi

 
Pakistanın baş naziri İmran Xan Türkiyənin Suriya əməliyyatına dəstək təklif edib. Pakistan hökumətindən verilən açıqlamada Xanın Ərdoğana "dəstək və həmrəylik" ifadə etdiyi açıqlanıb. “Pakistan Türkiyənin  terrorla əlaqəli narahatlıqlarını tam başa düşür”, - deyə bildirib.
Pakistanın baş naziri son illər terror aktlarında 40 min insanın həyatını itirdiyini də xatırladıb və "Türkiyənin gücləndirilmiş təhlükəsizlik, regional sabitlik və Suriya situasiyasının sülh yolu ilə həll edilməsi üçün səylərinin tamamilə müvəffəq olması" üçün dua etdiyini söyləyib.
Yeri gəlmişkən, Ərdoğan bu ayın sonunda Pakistana səfər edəcək.
 
Putin İŞİD-çi əsirlərin qaçmasından narahatdır
 
Rusiya prezidenti Vladimir Putin Türkiyənin Suriyadakı hərbi əməliyyatlarının bölgədəki İŞİD qruplaşmasının fəallaşmasına  səbəb ola biləcəyini deyib. O, həbsxanada olan minlərlə İŞİD döyüşçüsünə nəzarət edən kürdlərin indi qaçdıqlarını söyləyib: "Türk ordusunun bunu tezliklə nəzarət altına ala biləcəyinə əmin deyiləm", - deyə Putin Türkmənistana səfərində televiziya çıxışlarında bildirib.
"Bu, bizim üçün əsl təhdiddir. İŞİD döyüşçüləri necə və hara hərəkət edəcəklər? Türk ərazisindən keçərəkmi? Başqa ərazilərdən keçərəkmi? Biz sadəcə bunu başa düşməli, ortaya çıxan yeni təhlükəni neytrallaşdırmaq üçün təhlükəsizlik xidmətimizin resueslarını bilməli və səfərbər etməliyik", - Putin deyib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Aşqabadda Müstəqil Dövlətlər Birliyi (MDB) rəhbərlərinin görüşündə iştirak edib.
 
Avropa Birliyi nədən narahatdır?
 
Avropa Birliyinin Prezidenti Donald Tusk Ərdoğanın yeni qaçqın dalğasını əmələ gətirəcəyi təhlükəsini dilə gətirib.
Donald Tusk bildirib ki, blok Ankaranın Suriyadakı əməliyyatlarını tənqid etdiyi təqdirdə, Türkiyə prezidentinin milyonlarla qaçqının Avropaya getməsinə imkan yaradacağını anlayırlar.
"Amma Türkiyə başa düşməlidir ki, bizim əsas narahatlığımız onların hərəkətlərinin başqa bir humanitar fəlakətə səbəb ola biləcəyidir", - deyə Tusk Avropa Birliyinin üzvü olan Kiprdə səfərdə ikən bildirib.
"Qaçqınların silahlandığı və bizi şantaj etmək üçün istifadə edildiyini heç vaxt qəbul etməyəcəyik. Buna görə prezident Ərdoğanın təhdidlərini tamamilə yersiz hesab edirəm", - Tusk deyib.
 
Türkiyə hərbi əməliyyatının nəticəsində xəstəxanalar qapadılıb

 
“Suriyanın şimal-şərqindəki hərbi əməliyyatı mülki insanları yerindən didərgin saldı və orada bəzi əsas xəstəxanaların qapadılmasına  səbəb oldu”.
Bu haqda Sərhədsiz Həkimlər (MSF) təşkilatı  bildirir.
"Döyüş nəticəsində yerdəyişmə və yaralanmalar əhalinin ehtiyaclarını ödəmək üçün mübarizə aparan səhiyyə xidmətinin  mövcud məhdud resurslarını daha da məhdudlaşdıra bilər", -deyə  MSF-nin Suriya üzrə təcili meneceri Robert Onus bildirib.
Atışma nəticəsində Suriya sərhədində Tel Abyad şəhərindəki MSF  yardımı ilə işləyən bir xəstəxananın tibb işçilərinin əksəriyyəti  ailələri ilə birlikdə köçdüyü üçün bağlanıb.
"Ərazidə yeganə dövlət xəstəxanası olduğu üçün Tel Abyad xəstəxanası şəhərin və ətraf ərazilərin sağlamlıq ehtiyaclarını ödəmək baxımından vacib idi", - deyə təşkilat əlavə edir.
MSF üzvləri humanitar yardım göstərmək üçün regionun başqa bölgələrinə sövq olunmuşlar.

NATO rəhbəri Türkiyəni təmkinli olmağa çağırır
 
NATO-nun baş katibi Jens Stoltenberg cümə günü Türkiyənin Suriyada kürd qüvvələrinə qarşı davam edən əməliyyatı ilə bağlı narahatlığını ifadə edib və qardaş ölkəni təmkinli olmağa çağırıb.
"Mən bu davam edən əməliyyat nəticədsində bölgədə sabitliyin daha çox pozulması təhlükəsi ilə əlaqədar ciddi narahatçılığımı Mövlud Çavuşoğlu ilə bölüşdüm", - İstanbulda Stoltenberg jurnalistlərə  bildirib.
"Türkiyənin ciddi təhlükəsizlik narahatlıqları olsa da, Türkiyənin təmkinli davranacağını gözləyirik", - o, deyib
Stoltenberg, ayrıca, hücumun İŞİD üzərində qarşı qazanılmış uğurların itirilməsinə yol açmamalı olduğunu da söyləyib: "Bu qazanc təhlükə altına alınmamalıdır. Əsir düşən İŞİD məhbuslarının qaçmasına icazə verilməməlidir".
 
64 min insan evini tərk edib...
 
Beynəlxalq Xilasetmə Komitəsinin yardım təşkilatı 64 min insanın Suriyanın şimal-şərqində, Türkiyə ilə sərhəd boyunca evlərini tərk etdiklərini və sayın kəskin şəkildə arta biləcəyini xəbərdar edib.
"Hücum davam edərsə, artıq İŞİD-ə qarşı mübarizədən qurtulmuş düşərgələrə və şəhərlərə cəmi 300 min insanın köçürülməsi mümkündür" - IRC üzrə rabitə direktoru Misty Buswell bildirib.
“Human Rights Watch” isə bəyan edib ki, hərbi əməliyyatın miqyası hələ bilinməsə də, bu hücumun minlərlə insanı didərgin salma ehtimalı var.
BMT-nin məlumatına görə, Suriyanın şimal-şərqindəki 1.7 milyon insanın ən az 700 min nəfərinin humanitar yardıma ehtiyacı var.
 
Muxalifet.az