“Türkiyənin bu tələbə reaksiyası çox sərt olacaq” - POLİTOLOQ

Baxış sayı:
586

ABŞ Türkiyəyə qarşı atdığı bu cür addımlarla istəyinə nail ola bilməyəcək.
 
Bu sözləri Axar.az-a ABŞ Konqresinin Türkiyənin F-35 proqramından çıxması ilə bağlı tələbini şərh edən politoloq İlqar Vəlizadə deyib. Ekspert ABŞ-ın uzaqgörən addım atmadığını və qərarın yaranmış şəraitdə heç bir təsirə malik olmayacağını qeyd edib:
 
“Tələbin əsas mahiyyətinin nədən ibarət olduğu bəllidir. ABŞ Türkiyənin Rusiya ilə hərbi-texniki əməkdaşlıqdan, xüsusilə də S-400 tipli sistemlərdən imtina etməsini istəyir. Ancaq ABŞ Türkiyəyə qarşı atdığı bu cür addımlarla istəyinə nail ola bilməyəcək”.

Politoloq hesab edir ki, sözügedən tələb ilk növbədə ABŞ-ın Türkiyə ilə münasibətlərinə və hərbi-texniki əməkdaşlığına mənfi təsir göstərək:
 
“Türkiyənin bu tələbə reaksiyası çox sərt olacaq. Çünki Türkiyə bu proqramı uzun illərdir idi ki, reallaşdırırdı. Buna baxmayaraq, Türkiyə bu boşluğu asanlıqla digər ölkələrlə doldura və analoji saziş bağlaya bilər. Bundan başqa, Türkiyə hazırda öz hərbi-texniki proqramlarını həyata keçirir. Ankara 2023-cü ilə qədər bütün əsas hərbi sursatlara olan tələbini məhz öz ehtiyatları hesabına ödəyəcəyinə dair qarşısına mühüm hədəflər qoyub. Belə ki, Türkiyədə hərbi gəmiqayırma zavodları tikiləcək. Hətta indidən həmin zavodlara sifarişlər var. Eyni zamanda, Türkiyə müasir tipli təyyarələrin istehsalı ilə bağlı mühüm layihə həyata keçirir. Türkiyənin Rusiya, Çin, Fransa, İtaliya və bir sıra digər ölkələrlə hərbi sənaye sahəsində sıx əməkdaşlığı var. Yəni istənilən halda bu qərardan ən çox ziyan çəkən tərəf ABŞ olacaq. ABŞ-ın Türkiyə kimi bazarının yerini bərpa edə biləcəyi və rəqabət mövqelərini qoruyub saxlayacağı isə sual altındadır”.
 
Qeyd edək ki, ABŞ Konqresi Türkiyənin F-35 proqramından çıxmasını tələb edib. Türkiyə Xarici İşlər Nazirliyi isə bu tip addımların atılacağı halda Ankaranın cavab verməyə məcbur qalacağını bildirib.