​TÜRKİYƏNİN “B” PLANI! – “ABŞ Türkiyəni daha çox mühasirəyə alacaq”

Bundan sonra “Şərq-Qərb” qütbləşməsi yeni mərhələyə qədəm qoyur. Qərbin öz hegemonluğunu itirdiyi bir vaxtda, Türkiyə özünü, sanki heç nə baş verməmiş kimi aparır.
Qərbin narahatlığının əsas mənbəyi Türkiyə-İran-Rusiya ittifaqının genişlənməsidir. Bu gün Türkiyə üzərindəki nəzarəti itirən Qərbi çaşqınlıq və qəzəb hissi bürüyür.
Rusiyalı mütəfəkkir, filosof və strateq Aleksandr Duqin öz müsahibəsində deyib ki, Türkiyənin “B” planı olmalıdır, çünki ABŞ, getdikcə Türkiyəni daha çox mühasirəyə alacaq. Onun bu proqnozu nə qədər əsaslıdır?
Aydındır ki, Türkiyəni hər tərəfdən mühasirəyə alırlar. Uzun illər ərzində Türkiyəni asılılıq çərçivəsi altında öz orbitində tutan Qərb sistemi, Türkiyənin bu gün həmin xəttdən ayrılıraraq, müstəqil ölkə kimi hərəkət etməsiylə barışa bilmir. Həm də ki, bu, yeganə səbəb deyil. Yaxın Şərqi itirmək riskinə qarşı ABŞ-ın işləyib hazırladığı “Yeni Yaxın Şərq siyasəti” ilə Türkiyənin yürütdüyü “Yeni siyasi xətt” arasındakı ziddiyyət getdikcə böyüyür.
Əslində isə, ilk çatlaq İraqın işğalı ilə başlayan və regional dövlətləri parçalanmış strukturlara çevirməyə və onlar üzərində maneəsiz nəzarət qurmağa hədəflənmiş siyasət həyata keçirmək istəyən zaman əmələ gəlmişdi.
İndi bu münaqişə Misir, Tunis, Suriya, Liviya, Yəmən, Əfqanıstanı da özünə qataraq, bütün regiona yayılır. ABŞ-ın Türkiyəyə düşmən olan “PKK” və “PYD” kimi terrorçu təşkilatlarla əməkdaşlığa getməsi vəziyyətin geridönməz strateji hal aldığını göstərir.
Hal-hazırda baş verənləri təhlil etmək üçün, yüz il bundan öncə müstəmləkəçilik siyasətinin köməyi ilə bu regionda “süni dövlət –millət” yaradılmasına cəhd göstərən Qərbin milli dövlət qurulması prosesinin gedişində demokratik tələblərlə əlaqədar qarşılaşdığı narahatçılığı anlamaq gərəkdir.
Osmanlı imperiyasını “dövlət-millət” modeli əsasında parçalayan Qərb müstəmləkəçiliyi, regionun zənginliklərini özünə tabe olan “kral”, ”əmir”, ”şeyx” hakimiyyətləri vasitəsiylə istismar etməyi qarşısına məqsəd qoymuşdu. Bu ölkələrin milliləşməsi özü ilə birlikdə bu cəmiyyətlərdə demokratiya tələblərini də gətirdi və nə vaxt ki, ”bahar inqilabları” post-müstəmləkəçi administrativ quruluşları sarsmağa başladı, onda Qərbin siyasətində ciddi dəyişikliklər baş verdi.
Əhalisi müsəlman olan bir ölkə kimi modernləşmə yolunda ciddi addımlar atmış və eyni zamanda da, apardığı demokratik islahatlar və iqtisadi inkişafıyla nümunə halına gəlmiş Türkiyənin Qərb sistemi ilə qurulmuş köhnə ”asılılıq münasibətləri”ni qoparması, demokratik proseslərin nəticəsində baş verəcək. Bu vəziyyət Türkiyədə demokratikləşməyə qarşı çıxan quruluşlarla Qərb sisteminin sürdürdüyü dərin bağların ləğv edilməsini vacib edir.
Qərbin həyacan və narahatlığınıın səbəbi regional dövlətlərin milli bütövlüklərinin qorunması istiqamətində Türkiyənin apardığı müstəqil siyasətdən qaynaqlanır. Türkiyənin bu siyasəti ilə Qərbin strateji tərcihləri arasındakı ziddiyyətlər təsadüfi deyil və bu müəyyən “tarixi dönüşümü” göstərir. Artıq Qərbin etnik və dini əsaslara dayanaraq, Yaxın Şərqi parçalanmış quruluşlara bölmək layihəsi Türkiyənin maraqları ilə uzlaşmır və beləliklə, Türkiyə yeni bir vəziyyətlə qarşı-qarşıyadır.
Qərb hegemonluğunu itirdiyi bir vaxtda, Türkiyə, İran və Rusiya arasında yaranan əməkdaşlığın yalnız Yaxın Şərq ölkələrinin maraqları ilə məhdudlaşmasını düşünmək olardı, lakin burada “yeni tarixin başlanğıcı”nı görmək lazımdır. İrandan Türküstana və bütün Asiyaya, Çinə, Uzaq Şərqə uzanan inkişaf dalğasının səsləri günbəgün daha güclü eşidilir. Türkiyənin “B” planının olmadığını düşünmək mümkünmüdür?
(Akşam qəzeti-Türkiyə)
Tərcümə azpolitika.info-nundur