“Türkiyənin Azərbaycanda hərbi baza qurması üçün yeni şərtlər yaranıb” - POLİTOLOQ

Baxış sayı:
2419

“Türkiyənin Yaxın və Orta Şərqdə siyasi-hərbi uğurları və geosiyasi qarşıdurmada öz mövqeyini gücləndirməsi, beynəlxalq münasibətlər sistemində Ankaranın aparıcı ölkə statusunu şəkilləndirəcək”. 

Bu fikirlər Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadəyə məxsusdur.

Politoloq qeyd edib ki, Türkiyə rəhbərliyinin xarici siyasətdə praqmatik və prinsipiallığı, xüsusilə müstəqil hərəkət etməsi Qərbin onunla hesablanması və barışmasına gətirib çıxarır: “Türkiyə təkcə öz təhlükəsizliyini deyil, regionda digər ölkələrin müstəqilliyini və təhlükəsizliyini, həmçinin Yaxın və Orta Şərqdə stabilləşdirici rol oynayır. Bu, rəsmi Ankaranın öz sərhədləri çərçivəsində deyil, beynəlxalq gərginliyə adekvat cavabdır. Çünki dünya nizamının yeni konfiqurasiyanın formalaşması Yaxın və Orta Şərqdə cərəyan edir və bu da Türkiyənin milli təhlükəsizliyini və suverenliyini təhdid edirdi”.

Onun sözlərinə görə, artıq Türkiyə təkcə öz sərhədləri yaxınlığında deyil, digər regionlarda da aktiv rol alır: “Ona görə ki, həmin regionlarda gedən gərgin mübarizə birbaşa Türkiyəni hədəfləyə bilərdi. Türkiyə artıq öz hədəflərini müəyyənləşdirərək, Liviyada, Somalidə, Cibutidə, Qatarda, Suriyada və İraqda hərbi bazalarını təsis edib. İraqda Türkiyənin üç hərbi bazası var və burada öz təhlükəsizliyini təmin edir. Göründüyü kimi, Türkiyənin beynəlxalq aktivliyi və digər ölkələrin təhlükəsizliyini təmin etməsi beynəlxalq hüquq çərçivəsində reallaşır. Ötən həftə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı çox ciddi mesaj verdi və istənilən qərarda Azərbaycanın yanında olacaqlarını vurğuladı. Bu, rəsmi Ankaranın Bakıya ciddi hərbi dəstək mesajıdır. Qeyd edim ki, Türkiyənin Azərbaycanda hərbi baza qurması üçün yeni şərtlər yaranıb. Çünki son aylar Ermənistanın Naxçıvana iddiaları, Qars müqaviləsini tanımadıqlarını bu istiqamətdə təxribatlara əl atdıqları aydın görünür. Düzdür, Azərbaycan Ermənistana bu istiqamətdə güclü zərbə endirmək iqtidarındadır. Amma Ermənistanın hamisi Rusiya faktoru var. Ona görə də Türkiyənin Naxçıvanda hərbi baza yaratmasının vaxtı gəlib. Bundan əlavə, Abşeron yarmadasında Türkiyənin hərbi dəniz və hərbi hava bazası qurması lazımdır. Çünki Azərbaycan üçün risklər hər bir vaxt aktualdır. Yaxın illərdə Azərbaycan və Türkiyənin bunu reallaşdırması mümkündür görünə bilər”.