​"Türkiyənin ABŞ-dan yeganə istəyi…" - POLİTOLOQ

Baxış sayı:
2299

Hadisələrin gedişatı göstərir ki, Amerikada Türkiyə mövzusunda söz sahibi Tramp və ya Tillerson deyil, amerikalı generallar və kəşfiyyat xidmətinə rəhbərlik edən şəxslərdir.
Muxalifət.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Reks Tillersonun Türkiyə səfərini şərh edən politoloq Elxan Şahinoğlu deyib.
 “Doğrudur, Tillersonla Çavuşoğlu Ankaradakı müzakirələrin yekunu olaraq razılığa gəldilər ki, anlaşmazlıqları ortadan qaldırmaq üçün ən azı ikitərəfli mexanizm qurulsun. Birincidə iki ölkə arasındakı hüquqi məsələlər - Fətullah Gülənin ekstradisiyası, Nyu Yorkda türkiyəli nazirlər əleyhinə məhkəmə çəkişmələri, Prezident Rəcəb Təyyub Ərdoğanın mühafizəçilərinin əleyhinə açılan cinayət işləri, ikili vətəndaşlıq məsələsinə aydınlıq gətirilməsi və s., ikincidə isə Suriyada ortaq nöqtələr tapılmağa çalışılacaq”, - siyasi şərhçi bildirib.
Politoloqun fikrincə, Tillersonun səfəri ABŞ-Türkiyə münasibətlərinin normallaşmasına xidmət etməyəcək:
 “Hadisələrin gedişatı göstərir ki, Amerikada Türkiyə mövzusunda söz sahibi Tramp və ya Tillerson deyil, amerikalı generallar və kəşfiyyat xidmətinə rəhbərlik edən şəxslərdir. Onlar isə PKK-ya bağlı YPG və PYD-də həm silah, həm də maliyyə ayırmaqda qərarlıdırlar. Bu davam edəcəksə, Tillersonun nə deməsindən, hansı mexanizmlər yaratmasından asılı olmayaraq, münasibətlər normallaşmayacaq. Fətullah Güləni də ekstradisiya edən deyillər”.

E.Şahinoğlunun sözlərinə görə, Türkiyənin Amerikadan yeganə istəyi kürdlərin Menbiçi tərk etməsidir:
“Əgər bu istiqamətdə bir irəliləyiş olarsa, onda səfərin müsbət nəticəsindən danışmaq olar. Ancaq ümumilikdə elə bir fikrə rast gəlmədim ki, Türkiyənin Afrin əməliyyatlarını dəstəkləsinlər və ya kürdlərə silahlı dəstəkdən vaz keçsinlər. Sadəcə, ümumi koordinasiya ilə bağlı mexanizmin olacağını bildirdilər. Bunun hansı mexanizm olacağı və tərəflərin ortaq məxrəcə necə gələcəkləri aydın deyil”.
Politoloq bildirib ki, görüşün əsas məqsədlərindən biri də keçmiş müttəfiqlərin Suriyada hərbi toqquşmasını önləmək idi:
“Türkiyə və Amerika hərbi hissələrinin Suriyada toqquşma ehtimalı riski var. Əsas məsələ bunun qarşısını almaq idi. Çünki nə qədər olmasa da, illərin tərəfdaş ölkələridirlər. Ancaq illərin müttəfiqləri artıq rəqibdirlər, ortaq maraqlar da demək olar ki, yoxdur”.
Qeyd edək ki, ABŞ Dövlət katibi Reks Tillerson fevralın 15-də Türkiyəyə ikigünlük səfər edib./axar/