​“Türkiyəni getdiyi yoldan döndərmək istəyirlər” – SƏRDAR CƏLALOĞLU

“İndiki terror hadisəsi Türkiyəni son günlər geopolitik səhnədə atdığı addımlarla bağlıdır”

“Heç bir xarici təsir Türkiyənin dövlət kimi strukturlaşmasına, suveren siyasətini aparmasına, daxili siyasətini öz xalqının maraqlarına uyğun həyata keçirməsinə mane ola bilməz”

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu teleqraf.com saytına müsahibə verib. Muxalifet.az həmin müsahibəni olduğu kimi təqdim edir:

- Sərdar bəy, İstanbulda Atatürk adına hava limanında baş verən qanlı terror aktı ilə bağlı nə düşünürsünüz, sifarişçi kimdir?

- 30 ildən çoxdur ki, Türkiyədə terror hadisələri davam edir. Zaman-zaman sayında artım və ya azalma olur. Bu da, Türkiyəni qarışdırmaqda maraqlı olan qüvvələrin istəyindən asılıdır. Onlar lazım olanda terror aktlarının sayını artırır, lazım olmayanda isə qarşısını alırlar. İndiki halda terror hadisəsinin olması yenə də Türkiyəni son günlər geopolitik səhnədə atdığı addımlarla bağlıdır. Türkiyə Rusiya və İsraillə münasibətləri yoluna qoyur. Avropa Birliyində isə ciddi parçalanma müşahidə edilir. Bütün bu dediklərim və demədiklərim, şübhəsiz ki, terror aktlarının arxasında duran mərkəzləri razı sala bilməz. Onlar Türkiyəni getdiyi yoldan saxlamaq, zəiflətmək, fikrindən döndərmək üçün bu hadisələri təşkil edirlər. Hesab edirəm ki, onların bu fəaliyyəti nəticəsiz qalacaq. Türkiyə ciddi dövlətdir və eyni vaxtda yüz illərdir ki, bu regionda 20-30 dövlətlə mübarizə aparır. Yəni bu hərəkətlər yanlış hesablamalardır. Çox təəssüflər olsun ki, bu cür terror hadisələri səbəbindən sadə insanlar həlak olur, həyatlarını itirirlər. Ancaq böyük mənada belə terror aktları ilə Türkiyəni yolundan saxlamaq olmayacaq. Həqiqətən də, bu həm də bizə qarşı yönələn hərəkətdir. Bu, Türkiyənin düz yolda olduğunu, doğru qərarlar qəbul etdiyini və haqlı yolla irəlilədiyinin sübutudur.

- Demək istəyirsiniz ki, Ankaranın Moskva və Təl-Əvivlə münasibətləri yoluna qoyması onu sevməyən qüvvələri hərəkətə gətirir?

- Son zamanlar Rusiya və İsraillə olan soyuq münasibətləri aradan qaldırmaq məqsədilə Türkiyə önəmli addımlar atır. Bəziləri çalışır ki, son terror olayında daha çox İraq Şam İslam Dövləti adlı terrorçu qruplaşmanın adını çəksin. Guya Türkiyənin Rusiya və İsraillə münasibətlərini yaxşılaşdırması İŞİD adlı qurumu razı salmır. Bu, əsassız yanaşmadır. Bu cür hadisələrin arxasında Türkiyənin dünya gücünə çevrilməsində marağı olmayan dünya gücləri, Avropadakı müəyyən dairələr durur. Düzdür, İŞİD adlı qurumun arxasında da müəyyən dairələr dayanır. Burada Avropa dairələri də olmamış deyil. İŞİD və PKK-dan Türkiyəyə qarşı istifadə edən qüvvələrin olması yeni məsələ deyil. Guya Türkiyənin yəhudilərlə yaxınlaşmasını istəməyən müsəlmanlardır? Əksinə, Türkiyənin güclənməsinə gətirib çıxaracaq addımların atılmasına qarşı olan, bu rəqabətdə tərəf olan gizli güclər var. Məsələni də belə başa düşmək lazımdır. Onlar Türkiyənin daha güclü dövlət olmasını, dünyada söz sahibi olmasını istəmirlər.

- Sizcə, bundan sonra necə olacaq?

- Türkiyə seçdiyi yolla irəliləyəcək. Bu terrorda əli olan qüvvələri cəzalandıracaq. Türkiyəni bu yoldan heç kəs saxlaya bilməz. Üzvü inkişaf qanunu var. Bu dörd qanundan ibarətdir. Üzvü inkişafın dördüncü qanununa görə, əgər hər hansı bir orqan özünün inkişaf mərhələsini başa çatdırıbsa, xarici təsirlər ancaq müəyyən qədər funksiyasının zəifləməsinə səbəb ola bilər. Bundan başqa heç nəyə səbəb ola bilməz. Son terror hadisəsi də, ola bilsin ki, Türkiyəyə iqtisadi cəhətdən ziyan vuracaq, insanlarda kədər yaradacaq. Türkiyə artıq bir dövlət kimi inkişaf mərhələsini başa çatdırıb. Heç bir xarici təsir Türkiyənin dövlət kimi strukturlaşmasına, suveren siyasətini aparmasına, daxili siyasətini öz xalqının maraqlarına uyğun həyata keçirməsinə mane ola bilməz. Təəssüflər olsun ki, bəzi dairələr bu reallığı anlamır.

- Terrorun daxildə ciddi problemlər yaşayan Türkiyənin ictimai-siyasi həyatına təsiri hansı formada olacaq?

- Bu cür terrorlar Türkiyədə xalqı birləşdirəcək, ziddiyyətləri aradan qaldıracaq, iqtidarla-müxalifəti yaxınlaşdıracaq və xalqı dövlət ətrafında sıx birləşdirəcək. Terror hadisələri göstərir ki, türk dövləti, polisi və xüsusi xidmət orqanları olmasa, türk xalqını çox böyük təhlükələr gözləyir. Yəni Türkiyəni İraq və Suriyadakı kimi hər gün terror gözləyir. Bu baxımdan xalq polisin ətrafında sıx birləşəcək. Bu cür hadisələr Türkiyədə polisin və digər qurumların gücünün yüksək səviyyədə təşkil edilməsinin, habelə xalqla iç-içə işləməsini tələb edir. Xalq da bunu başa düşəcək və ordu, polis, təhlükəsizlik idarələrin ətrafında birləşəcək. Bir sözlə, düşünürəm ki, bu hadisə Türkiyədə xalqı daha da yaxınlaşdıracaq.

- Ancaq Atatürk hava limanında baş verən terrordan sonra bəzi iddialar ortaya atıldı. Bəyan olundu ki, Türkiyə polisi və xüsusi xidmət orqanları terrorçular qarşısında sanki acizdir və belə halları öncədən müəyyən edib aradan qaldıra bilmirlər.

- Belə deyil. Əgər Türkiyənin hüquq mühafizə orqanları yaxşı işləməsə, belə hallar daha sıx yaşanar. Təsəvvür edin ki, gün ərzində Atatürk hava limanına 3 milyon insan girib-çıxır. Bu 3 milyon insana nəzarət etmək o qədər də asan deyil. İkincisi, polis nə qədər həssas işləsə belə, terrorçular ağla gəlməyən üsul və metodlarla öz məqsədlərini həyata keçirməyə çalışır. Məsələn, 100 terror hadisəsinin qarşısı alınanda və cəmi 1 terror hadisəsi baş verəndə insana elə gəlir ki, polis və xüsusi xidmət orqanları terrorun qarşısında acizdir. Halbuki, indiyə qədər minlərlə terror olayının qarşısı alınıb, onlardan biri nəzarətdən qaçıb və belə hadisə olub. Məncə, bu da Türkiyədə polisin və xüsusi xidmət orqanlarının pis işləməsini deyil, yaxşı işlədiyini göstərir. Çünki belə intensiv terror təhlükəsi ilə qarşı-qarşıya olan dövlətlərdə terrorun 2 aydan bir baş verməsi böyük nailiyyətdir, nəinki İraq, Pakistan, Əfqanıstan və Suriyada hər gün baş verməsi.
Götürək ABŞ-ı. ABŞ-da hüquq mühafizə orqanları ciddi işləyir. Ancaq burada qoşa qüllələrin məhv edilməsi, bu yaxınlarda bir müsəlmanın gey klubuna daxil olub terror törətməsi, ayrı-ayrı məktəblərdə baş verən terror hadisəsinin qarşısını almaq mümkün olmayıb. Eləcə də Fransada baş verən terrorun qarşısını ala bildilərmi? Belçikada baş verən terror hadisəsini də qeyd edə bilərik. Bu o deməkdir ki, ABŞ, Fransa və Belçika polisi düz işləmir? Rusiyanın özündə dəfələrlə terror olub. Sadəcə olaraq bir ölkə daha böyük terror riski altındadırsa, burada hüquq mühafizə orqanları nə qədər təkmil işləsə də, terror hallarının baş verməsi qaçılmaz olur.