“Türkiyəni dərin bir oyuna çəkəcəklərsə, dünya müharibəsi olacaq” – SƏRDAR CƏLALOĞLU

Baxış sayı:
7204

PKK/PYD qüvvələrinin Suriya prezidenti Bəşər Əsədlə anlaşdığı bildirilir. Bu anlaşmaya görə, Suriya ordusu Türk ordusu ilə Azad Suriya Ordusunun əməliyyat keçirdiyi Afrinə girəcək. İddiya görə, terror təşkilatları PKK/PYD Suriyada federal sistemin yaranması qarşılığında Bəşər Əsəd hökuməti ilə razılaşıb.

“Suriyanın federallaşması Yaxın Şərq böhranının dərinləşməsi deməkdir”

PYD/PKK-nın Əsəd rejimi ilə anlaşmasına münasibətini ifadə edən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Hurriyyet.org-a dedi ki, proseslər hər gün dəyişilir: “Bu gün Suriya hökuməti ilə PKK nəyəsə razılaşıbsa, o demək deyil ki, bu, son və əbədi bir razılaşmadır. İndi Suriyada oyunlar gedir, tez-tez sahədə baş verən yerdəyişmələrə uyğun Suriyanın, Türkiyənin, İranın, ABŞ-ın da mövqeləri dəyişir. Bu xəbərlə bağlı uzağa gedən nəticə çıxartmaq olmaz. Suriyanın federallaşması Yaxın Şərq böhranının dərinləşməsi deməkdir. Çünki federallaşma parçalanmya gedən yoldur. Bəşər Əsəd razılaşsa da, nə İran, nə Türkiyə bu federasiyaya razı olmaz. Hazırda Suriya ərazisinin böyük bir hissəsi Türkiyənin, böyük bir hissəsi də Rusiyanın nəzarəti altındadır. Türkiyənin, İranın, Rusiyanın razılıq vermədiyi bir proses həyata keçirilə bilməz. Ona görə, bu, bir siyasi konyuktura ola bilər”.

“Rusiyanın bu məsələdə təsiri yoxdur

“Ola bilərmi ki, PKK/PYD qüvvələri ilə Bəşər Əsəd hökumətinin anlaşmasına Rusiya imkan verib” sualına S. Cəlaloğlu belə cavab verdi: “Rusiyanın bu məsələdə təsiri yoxdur. Sadəcə olaraq PKK həm Amerikanın, həm Rusiyanın, həm də yeri gələndə İranın əlində bir silah kimi istifadə olunur. Əsas fiqur Turkiyədir. Türkiyə indiki halda hərbi səhnədə üstünlük əldə edib. Təbii ki, Türkiyə ilə dostluq edən dövlətlərin də bu ölkə ilə maraqları uyğun gəlməyə bilir. Onda da Türkiyəni bir qədər zəiflətmək, qarşısına almaq və yaxud irəliyə doğru hərəkətini saxlamaq üçün müəyyən konyuktur addım atıla bilər”.

“Türkiyənin kifayət qədər gücü var”

“Əslində, bu bölgələr tarixən Türkiyənin nəzarəti altında olan bölgələrdir. Türkiyəni nə qədər dərin oyuna çəkirlərsə, çəksinlər, Türkiyənin mövcudluğu İraq, Suriya ərazisində baş verən hadisələrdən çox asılıdır. Ona görə də Türkiyə öz təhlükəsizliyini təmin etmək üçün iki ölkə üzərində çox ciddi nəzarəti həyata keçirməkdədir, onun başqa variantı yoxdur. Türkiyəni daha dərin oyuna çəkəndə neyniyə bilərlər ki? Türkiyə birinci dünya müharibəsində Amerika da daxil olmaqla 35 dövlətə qarşı vuruşub və qalib gəlib. Həmişə Türkiyə böyük güclər qarşısında tək qalıb. İndi dövr dəyişib. Əvvəla, Türkiyənin arxasında bir çox İslam, türk dövlətləri durub. Türkiyə artıq tək deyil. 8 türk respublikası var ki, Türkiyə ilə qardaşdır. Hələlik Qazaxstan, Azərbaycan, Qırğızıstan, Özbəkistan bu məsələyə bir münasibət bildirməyib. Amma xalq diplomatiyasında Azərbaycandan da, başqa yerdən də dəstək səsləndirilir. Hələlik Türkiyənin kifayət qədər gücü, 1 milyon ordusu var. Hələ Pakistan bu məsələyə qoşula bilər. Yəni Türkiyəni dərin bir oyuna çəkəcəklərsə, onda dünya müharibəsi olacaq. Dünya müharibəsi də indiki dövrdə heç kəsə xeyir etmir”, - deyə partiya sədri vurğuladı.
“Suriyanın federallaşması İranın, Türkiyənin federallaşması deməkdir”
S.Cəlaloğlu dedi ki, Suriyanın federallaşmasına heç kəs razılıq verməz: “Suriyanın federellaşması İraqın federallaşması, İraqın, Suriyanın federallaşması isə İranın, Türkiyənin federallaşması deməkdir. Hamı başa düşür ki, federallaşma ideyası bu dövlətlərin dinc yolla parçalanmasıdır. Hərbi yolla bir şey əldə edə bilmirlərsə, federallaşma parçalanmaya gedən yoldur. Yəni bu kürd dövlətini yaradılmasının aralıq mərhələsi kimi başa düşülür. Hamı da bunu başa düşür və heş kəs buna razılıq verməz”.
 
Şamo EMİN