Türkiyədə yaşayan müəllimənin Bakıdakı evi ondan xəbərsiz sökülüb - “ARAZ-2011 A” TİKİNTİ ŞİRKƏTİNİN ŞOK QANUNSUZLUĞU...

Baxış sayı:
1840

“Dünyanın harasında belə bir qanun var ki, mənim şəxsi mülkiyyətimi özüm olmadan içinin əmlakını talan elə, sök, dağıt”

Bakının mərkəzi küçə və prospektlərində çoxmənzili binalar tikən Mənzil Tikinti Kooperativlərinin çoxunun həmin ərazilərdə yerləşən evlərin sahibləri ilə razlaşmadan, əraziyə uyğun müvafiq kompensasiya ödəmədən, qanunsuz söküntü işləri aparması barədə dəfələrlə mətbuatda şikayətlər dərc olunun. Buna baxmayaraq, bu cür halların sayı günbəgün artmaqdadır.

Belə ki, Nərimanov rayonu, Faiq Yusifov küçəsi 11, mənzil “11 a”nın sahibi Məmmədova Şərqiyyə Behbud qızı sözügedən ərazidə tikinti işləri aparan “Araz-2011 A” MMC-dən “Hürriyyət” qəzetinə şikayət məktubu yazıb.

Məktubda deyilir:

“Bədbəxtlər ölkəsi Azərbaycanda başımıza gətirilənləri sizə yazırıq. Hər kəs kimi, biz də ölkəmizdən uzaqlara baş götürüb getdik. Cünki hər bir sadə azərbaycanlı kimi, biz də qorxu altında yaşayırdıq. Polis rejimi, polis zorakılıgı, müstəqil olmayan məhkəmə, addımbaşı pozulan haqlarımıza görə ölkədən getdik. Bizim kimi, başqa insanlar da qorxu altında yaşamaqdan bezib, hara getdiklərindən əmin olmadan özlərini dibi gorünməyən qaranlığın ağuşuna atırlar.

2017-cildə Bakı səhəri, Nərimanov rayonu, 18-ci polis bölməsindən Kənan adında polisin mənim telefonuma zəng edib “bu saat bölməyə gəl,yoxsa gəlib səni sürüyüb gətirərəm” deməsindən sonra Azərbaycanda yaşamağın mümkünsüz olduğunu anladım. Ana qalxıb haqqı olan bir şeyi istəyirsə, onun övladı şərlənir, həbsə atılır. Ölkənin sərvətləri talan olunur, millət aclıqdan ölür, ağzını acıb polisə bir söz desən, müqavimət deyib icəri atırlar. Hüquqsuzluq şəraitində yaşamaq, polis qorxusu insan ömrünə hakim kəsilib. Dünyanın harasında belə bir qanun var ki, mənim şəxsi mülkiyyətimi özüm olmadan içinin əmlakını talan elə, sök, dağıt”.

“Qonşular zəng edərək bildirdilər ki, mənə məxsus olan evin üstünün qoruyucu örtüyünü söküblər”

Ş. Məmmədovanın sözlərinə görə, 2019-cu ilin oktyabr ayında onun şəxsi mülkiyyətində olan evi şirkət sökəcək deyə, ölçüyə alınıb: “Sonra bir şey deyən olmadı. Mən hazırda həyat yoldaşımla birlikdə Türkiyə Cümhuriyyətində, İstanbulda  yaşayıram. Mart ayında qonşular zəng edərək bildirdilər ki, mənə məxsus olan evin üstünün qoruyucu örtüyünü söküblər. Yağan yağış evimə tökülür. İllərdir alnımın təri ilə qazandığım bütün mülkiyyətim suyun altında qalıb. Dost, tanışlardan xahiş etdim, gedib Nərimanov rayon baş polis idarəsinə şikayət etdilər, bir faydası olmadı. Bəzi əşyalarımı dostlar evinə yerləşdirdi. Sonra pandemiya ilə əlaqədar küçəyə cıxma qadağası qoyuldu, əşyaların daşınması yarımcıq  qaldı. Aydın məsələdir ki, günlərlə yağışa məruz qalan əşyalar onsuz da yararsız hala salınıb. Mənim etibar etdiyim adam qorxusundan kücəyə çıxmırdı ki, cərimə edəcəklər. Onsuz da işsiz-gücsüz adamlar cörək pulu tapmırlar, cərimə ödəyəcək halları da yoxdu. Etibar etdiyim adam karantinin bitməsini gözləyir ki, evin qalan əşyalarını götürsün.

8 may 2020-ci il tarixdə evə baş çəkməyə gedir və görür ki, evdən əsər-əlamət yoxdu, söküb yerlə-yeksan ediblər. Qoy, indi  bütün dünya necə dəhşətli bir ölkədə yaşadığımızın fərqində olsun”.

“Vətəndə bir yuvam olsun deyə, ev almışdım”

Ş. Məmmədova nəzərə çatdırıb ki, Ağa Nemətulla küçəsi 61 ünvanında yaşadığı evin blokunun 5 metrliyində otel tikiləndə məcbur olub dəyər-dəyməz qiymətə o evini  satıb: “Vətəndə bir yuvam olsun deyə, ev almışdım. 3 övladım, 4 nəvəm var, hamısına aid olan bu mülk beləcə yerlə-yeksan oldu. Hazırkı zamanda çörək pulunu qazana bilməyən insanların illər uzunu ağır zəhmət hesabına alıb yığdığı nə varsa hamısını bir anın içində zibilliyə atmaq, talan etmək nədir, bilirsinizmi?!”

“Deməli, qadağa da sadə insanlar, kasıb təbəqə üçundür”

Şikayətçi onu da qeyd edib ki, ölkənin bütün sərvətləri 5-10 oğru nazir tərəfindən talanıb: “Hansı naziri tərpədirlərsə, milyon deyil, milyard oğurladıqları ortaya çıxır. Hamısı da əlini-qolunu sallayıb gəzir. Mənim kimi muəllimənin də ömrü boyu qətrə-qətrə qazandığına qəsd edilir, yerlə-yeksan edilir. Quru yurdda qoyulur. Bu da bu qədər ailə üzvünün başına gətirilən tragikomediya! Bu da bizim hakimiyyəti idarə edənlərin əməllərinin mahiyyəti! Hüquq, məhkəmə, ədalət yox ,insan haqları yox. Bəs nə var? Polis var, şərləyib içəri atmaq var. Sən bircə söz desən, bütün nəslini sərləyib cəzalandırmaq var. Allahdan başqa sikayət edəcəyimiz bir yer yoxdur. Bir dəfə mənə “gəl” dedilər. Pasportumu yeniləməyə vermişdim. İcra hakimiyyətinə rəsmi məktub göndərdim ki, məni nə üçün çağırdıqlarına dair İstanbul Göc İdarəsinə faksla məktub göndərsinlər, mənə qanuni çıxış izni verilsin. Mən izinsiz getsəydim, 5 illik deportasiya olunacaqdım. Nərimanov İcra Hakimiyyətindən cavab gələndə artıq həm Türkiyədə, həm  də Azərbaycanda karantin rejimi tətbiq olunmuşdu. Mən və həyat yoldaşım altmış yaşdan çox oldugumuz ücün riskə girə, yola çıxa bilməzdik. Mənim Azərbaycanda etibar etdiyim şəxsə isə evimin əsyalarını tam toparlayıb daşımaq üçün icazə verilmirdi. Cərimə olunmaq qorxusundan Qadir adında dostumuz da bunu tamamlaya bilməmişdi. Bu necə karantin, qadağa idi ki, bu şirkət istədiyini edir, bu qadağalarla hesablaşmır. Deməli, qadağa da sadə insanlar, kasıb təbəqə üçundür. Gəl, belə ölkədə yaşa. Biz övladlarımıza belə bərbad bir ölkə qoyub gedirik. Onlar bizi bağışlamayacaqlar. Prezident hara baxır?! Hər kəsin həyatı təhlükə altındadır”.

Şamo EMİN,

Hurriyyet.org

Redaksiyadan: Mövzunu davam etdirəcəyik. Qarşı tərəfin məövqeyini dərc etməyə hazırıq.