Türkiyədə qəzet, jurnal və kitab vergidən azad edildi - bəs Azərbaycan?

Baxış sayı:
2422

Türkiyədə kitab, qəzet və jurnal qiymətlərinə tətbiq olunan əlavə dəyər vergisi (ƏDV) sıfıra endirilir. Qardaş ölkə mediasının verdiyi xəbərə əsasən, bununla bağlı məlumatı prezident Rəcəb Tayyib Ərdoğan açıqlayıb. Ərdoğan qeyd edib ki, Türkiyə Böyük Millət Məclisində müvafiq qanunun qəbulundan sonra kitabda və digər qəzet, jurnalda ƏDV dərəcəsi sıfıra salınacaq. Ərdoğan Atatürk Mədəniyyət Mərkəzinin təməlatma mərasimində çıxışı zamanı bildirib ki, rəqəmsal texnologiyanın inkişafı mətbuat orqanlarının, həmçinin kitabların satışını çətinləşdirirdi. Dövlətin vergi dəstəyi onların rəqabət qabiliyyətini artıracaq".

Qeyd edək ki, Azərbaycanda da bu günlərdə çap mediasının öz varlığını qoruyub saxlaması müzakirə edilir. Bununla bağlı hökumətin ata biləcəyi dəstək addımlarından biri də qəzet kağızının ƏDV-dən azad edilməsi ola bilər. İllərdir ki, bu məsələ müzakirə olunur, dəfələrlə Milli Məclisdə qaldırılıb. Lakin hələ də qəzetlər bu yükdən azad edilməyib. Ağır olan iqtisadi durumları 18 faiz də əlavə  yük altında qalır.

“Yeni Müsavat” Media Qrupunun baş direktoru Ələsgər Süleymanov  da bildirdi ki, Azərbaycanda qəzet kağızının ƏDV-dən azad edilmədi mətbuatın işinə böyük dəstək olar: “Bizdə mətbuat, qəzetlər əlavə dəyər vergisindən azaddır. Ancaq qəzet kağızına və qəzetə verilən reklamlara görə ƏDV ödəyirik. Biz özümüz xaricdən qəzet kağızı gətirmirik, belə bir imkanımız yoxdur, onu  idxal edənlərdən alırıq.

Картинки по запросу Ələsgər Süleymanov musavat.com

Ələsgər Süleymanov: “Qəzet kağızının ƏDV-dən azad edilməsi mətbuatın işinə böyük dəstək olar”

Əvvəllər qəzet kağızı ƏDV-dən azad olanda bizə daha ucuz başa gəlirdi. Faktiki olaraq, kağızın bir tonu üçün ödədiyimiz vəsaitin 290-300 manatını ƏDV təşkil edir. Nəzərə alsaq ki, ”Yeni Müsavat" qəzetinin çapı üçün ay ərzində 7 ton qəzet kağız istifadə olunur, o zaman bu fərq 2100 manat edir. Kağıza tətbiq edilən ƏDV ləğv edilsə, bu, ay ərzində bizim xərclərimizin 2100 manat azalması deməkdir. Bu “Yeni Müsavat” qəzeti üçün böyük bir vəsaitdir. Hazırda elə də güclü reklamımız yoxdur. Ancaq mətbuatın reklam gəlirləri ƏDV-dən azad olunsa, bununla  da müəyyən qədər əlavə vəsaitə qənaət etmiş olarıq".

Ə.Süleymanov onu da qeyd etdi ki, kağıza qoyulan ƏDV ləğv olunsa, bir çox seqmentlərə müsbət təsir edəcək: “Kitab və jurnalların çapında, ümumilikdə kağızla istehsal olan bütün sahələrdə qiymətlər ucuzlaşa bilər. Kağıza görə kitabların qiyməti getdikcə artır. Kağıza ƏDV ləğv edilərsə, bu qiymətlər də aşağı düşəcək. Bu məsələni biz də dəfələrlə gündəmə gətirmişik, Milli Məclisdə də qaldırılıb. Ancaq hələ də qərar verilməyib. Əgər belə bir qərar olsa, biz onu alqışlayarıq”. 

Похожее изображение

Aydın Quliyev: “Belə bir qərarın olacağını gözləyirik”

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev də bildirdi ki, hökumət qəzet kağızından ƏDV-ni ləğv etməklə mətbuata böyük yardım etmiş olar: “Biz əvvəllər də bu mövzunu müzakirə etmişik. Mətbuat Şurasının İdarə Heyəti adından da bu məsələni ictimailəşdirmişik. Bu gün də MŞ-nin İdarə Heyətində bu məsələ müzakirə olundu. Toplantı iştirakçıları yekdilliklə bildirdilər ki, çap kağızının ƏDV-dən azad olunması  qəzetlərin vəziyyətini xeyli yüngülləşdirə bilər. Əgər hökumət bununla bağlı qərar qəbul etsə, mediaya böyük dəstək olar. Biz belə bir qərarın olacağını gözləyirik. Hökumətdə də bu mövzuya anlayışlı bir münasibət var ki, kağızın ƏDV-dən  azad olunmasının çap mediasının vəziyyətinə birbaşa  təsiri var. Mətbuat Şurasının da qəbul etdiyi müraciətdə bu məsələnin də öz əksini tapması təklif olundu”.

Картинки по запросу Samir Əliyev

İqtisadçı ekspert Samir Əliyev “Yeni Müsavat”a açıqlamasında mətbuata reklam və satışla bağlı da güzəştlərin edilməsini vacib saydı: “Qəzetlərin iqtisadi durumunu təhlil etsək görərik ki, hazırda əsas problem satışın aşağı düşməsidir. Bunun bir səbəbi internet medianın inkişafı və rəqabətdə daha önə keçməsidirsə,digər səbəbi də qəzetlərin mövzu çevrəsinin daralmasıdır. Kağızın ƏDV-dən azad edilməsi problemi bütövlükdə həll edə bilməyəcək. O baxımdan güzəşt tamamilə mətbuata yönəlik olmalıdır. İlk növbədə mətbuata verilən reklamlarla bağlı güzəştlər edilə, reklam gəlirləri ƏDV-dən azad oluna bilər. Əsas gücü reklama qoymaq lazımdır. Mən kağızdan ƏDV-nin götürülməsi fikrini də dəstəkləyirəm. Bu, problemi tamamilə həll etməsə belə, müsbət dəyişiklik ola bilər. Əsas məsələ reklam və satışın artmasıdır. Bunun üçün də qəzet əlçatan olmalıdır. İnsanlar asudə vaxtının olduğu, boş oturduğu metroda  qəzet  oxumaq istəyirlər. Metroda qəzet köşkləri bərpa edilsə və  satışı təmin edilsə, bu da müəyyən qədər müsbət təsir edə bilər”./musavat