“TÜRKİYƏDƏ OLMAMIŞAM” – Həbs xəbərini Qurban Məmmədov özü yayıb / Yeniləndi

Baxış sayı:
858

“Yayılan informasiyalara görə Azərbaycan xalqında üzr istəyirəm. Türkiyə dövlətindən, xalqından da üzr istəyirəm. Çünki sosial şəbəkələrdə Türkiyənin əleyhinə həm hakimiyyətin daxilində, həm də hakimiyyətdən kənarda olan qüvvələr təbliğat apardılar. Bu, çox təəssüfləndirici haldır”.

Bu sözləri “Musavat TV”nin canlı efirində Türkiyədə həbs edilməsi barədə xəbərlər yayılan Qurban Məmmədov deyib.

Q.Məmmədov bu məlumatı məqsədli şəkildə yaydığını da etiraf edib:

“Mən bu müddət ərzində Türkiyədə olmamışam. Azərbaycan hökuməti mənim barəmdə cinayət işi açıb və axtarışa verib. Mən də öz təhlükəsizliyimi daha da artırmalıyam. Mənim başqa bir yerdə müəyyən yoldaşlarla görüşüm var idi. Ona görə də diqqət yayındırmaq üçün bu aksiya planlaşdırıldı. Bilirəm ki, istər İngiltərədə, istər Türkiyədə, istərsə də Avropada Azərbaycan hakimiyyəti məni ovlamaq üçün tədbirlər həyata keçirir. Bu barədə məndə məlumatlar var. Bu mübarizəni sadəlövhcəsinə aparmıram. “İnterpol” məni axtardığı halda başqa ölkəyə gedəsi deyiləm. Buna görə də yayılan məlumata görə təkrar Türkiyə dövlətindən üzr istəyirəm. Hər kəs bilməlidir ki, Türkiyə hüquqi dövlətdir, qanunların şah olduğu müqəddəs bir məmləkətdir”.

***

"Azərifreedom" kanalının rəhbəri Qurban Məmmədovun Türkiyədə saxlanılması ilə bağlı yayılan məlumatlar yalan çıxıb.
Musavat.com xəbər verir ki, Qurban Məmmədovun oğlu Qoşqar Məmmədov sosial şəbəkədə status yazaraq, atasının İngiltərəfə olduğunu bildirib.
“Qurban bəy artıq İngiltərədədir. Sağ və salmatdır. İndi yoldadır, axşam özü efirdə olmalıdır. Əlavə narahatlığa ehtiyac yoxdur, Türkiyəylə bağlı heç bir problem yoxdur. Qardaş ölkə hər zaman bizim üçün ana vətəndir”,-deyə Qoşqar Məmmədov bildirib.

***

"Azərifreedom" kanalının rəhbəri Qurban Məmmədov Türkiyədə saxlanılıb.

BAu barədə onun oğlu Qoşqar Məmmədov məlumat yayıb.

Qeyd edək ki, Qurban Məmmədova Avropada yaşayırdı.

Sentyabrın 8-də Azərbaycan Baş Prokurorluğunun yaydığı məlumata əsasən, Q.Məmmədov, Orduxan Bəbirov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı və Süleyman Süleymanlı Cinayət Məcəlləsinin 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) və 281.1-ci (hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) maddələri ilə ittiham edilirlər.

Qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının vətəndaşları və burada yaşayan vətəndaşlığı olmayan şəxslər ölkə hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycanın, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, Azərbaycanın Cinayət Məcəlləsi əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. Həmin şəxslər barəsində istintaq orqanının təqdimatına əsasən Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib və barələrində beynəlxalq axtarış elan edilib. İstintaq idarəsi tərəfindən qeyd edilən şəxslər barəsində beynəlxalq axtarışın elan edilməsinə dair müvafiq qərarlar qəbul edilməklə, icra edilməsi üçün Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə, həmçinin “İnterpol”un Milli Mərkəzi Bürosuna göndərilib.