​Türkiyədə milyonların ad günü niyə 1 yanvardadır?

Baxış sayı:
2710

Türkiyəyə ilk gəldiyim illərdə çox sayda insanın doğum gününün 1 yanvar tarixində olmasına çox təəccüblənmişdim. Muxalifet.az xəbər verir ki, bu sözləri Azərbaycanın İstanbuldakı sabiq baş konsulu İbrahim Nəbioğlu qeyd edib. O bildirib ki, bunun necə olmasını öyrənməyə çalışıb: “İmkanların, xüsusilə də nəqliyyatın az olduğu ucqar bölgələrdə, əsasən də ölkənin cənub-şərqində uşaq doğulanda onun qeydiyyatı aparılmırdı. Bir vaxt ayılanda ki, bəs uşağın sənədi, doğum şəhadətnaməsi yoxdur, əl-ayağa düşür, təlaşla ilçə (rayon) mərkəzlərinə gəlirlər. Orada isə şəhadətnamə çıxararkən anadan uşağın nə vaxt doğulduğunu soruşurlar. O da bilmir və məmur da ucdantutma hamısına “1 ocak”, yəni “1 yanvar” yazırmış”. İ.Nəbioğlu bildirib ki, urfalı tanışı ona məktəbli olarkən siniflərindəki uşaqlardan 15-nin doğum gününün 1 yanvar olduğunu deyib: “Ölkənin qərb bölgələrində isə əhalinin qeydə alınması daha düzgün və daha səliqəli aparılırdı. Ankarada bir Kulinariya mağazasının sahibi deyirdi ki, 365 gündə ən çox doğum günü tortu məhz 1 yanvar günü sifarış edilir. Bəzi mətbuat orqanlarında zaman-zaman “1 yanvar” hadisəsinin əsasən kürdəsilli ailələrdə yaşandığı deyilsə də, bu, belə deyil. Çünki ucqar, gözdəniraq bölgədə yaşayırsansa, kürd, türk, laz - fərq eləmir - doğum tarixin 1 yanvar olurdu. Təbii ki, XXI əsrdə artıq bu hallar qeydə alınmır. Zatən ad gününü 1 yanvarda qeyd edənlər də artıq yaşları 35-40-dan yuxarı olanlardır”.