Türkiyədə fahişəlik edən azərbaycanlı qadınların sayını bilən var? - BİR ÇOXU QUL KİMİ İŞLƏDİLİR…

Baxış sayı:
1423

Türkiyədə yaşamaq icazəsi almaq üçün yaşlı kişiləri tora salan azərbaycanlı qadınlardan ibarət dəstə ifşa olunub. Dəstə üzvləri təxminən 60-75 yaşlı varlı kişiləri tora salıb, onlarla evləndikdən və Türkiyədə yaşama icazəsi aldıqdan sonra boşanaraq fahişəliklə məşğul olublar.

Türkiyə mətbuatı tez-tez yaşlı kişiləri aldadan, həmçinin fahişəliklə məşğul olan azərbaycanlı qadınlardan yazır. Baxmayaraq ki, bəzən də əksinə olur, qadınlar tora düşürlər. 

O cümlədən dəfələrlə Türkiyədə azərbaycanlı qadınların zorakılığa məruz qalması, öldürülməsi halları da baş verib. Başqa sözlə, azərbaycanlı qadınlar Türkiyədə insan alverçilərinin "əmtəə fondunda" sanballı yer tuturlar və vaxtaşırı olaraq cinayətlərə də qurban gedirlər.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova deyir ki, azərbaycanlı qadınlar ərazi və dil baxımından yaxınlıq olduğu üçün Türkiyəni seçirlər. Qonşu dövlətə üz tutan qadınların statistikası bəlli deyil, amma rəqəmlər onminlərlə ölçülür. “Demək olmaz ki, bu qadınların əksəriyyəti fahişəliklə məşğul olmağa gedirlər. Çoxluq dayə, xadimə kimi iş elanlarında göstərilən əmək haqqına aldanır. Bəziləri doğrudan da işləyir, halal zəhməti ilə çörəyini qazanır”,-Zeynalova əlavə edib. 

Onun sözlərinə görə, digərlərindən fərqli olaraq yaşlı kişiləri hədəf seçənlər məhz yaşamaq icazəsi almaq istəyənlər, həmçinin asan yolla varlanmaq arzusunda olanlardır. Belələri planlı şəkildə varlı və yaşlı kişilərlə tanış olub, aldadırlar. Amma belə hadisələri qonşu dövlətə üz tutan bütün  azərbaycanlı qadınların adına yazmaq doğru deyil: “Türkiyədə insan alverinin qurbanına çevrilən, fahişəliyə məcbur edilən azərbaycanlı qadınlar da var, onlar zaman-zaman aşkarlanaraq geri qaytarılır. Bəzən də qadınların özləri imkan tapan kimi qaçırlar. Türkiyədə nikah bağlayaraq ailə quran qadınlarımız da kifayət qədərdir, bir çox hallarda övladları əllərindən alınır, boşanarkən belə hüquqları qorunmur.  

“Təmas” Regional İctimai Birliyinin sədri Südabə Məmmədova isə deyir ki, əksinə, iş adı ilə aldadılan, çarəsizlikdən bu yola düşən qadınlar daha çoxdur: “Təşkilatımızın nəzdindəki sığınacaqda məişət zorakılığının qurbanları ilə yanaşı insan alverinin qurbanları da müvəqqəti qalırlar. Onların arasında   Türkiyədə məcburi fahişəliyə cəlb edilən, insan alverinin qurbanına çevrilən qadınlar olub. Bu qadınların həyat hekayələri, başlarına gələnlər dəhşətdir”. 

Məmmədova rəhbərlik etdiyi təşkilatın sığınacağında bir müddət qalmış qadının başına gələnlərdən danışıb. Deyir ki, qadın ali təhsilli müəllimədir, 15 yaşlı qızı var. 

“Qadın həyat yoldaşından ayrılmışdı, işləyirdi. Yaxın qohumlarının vasitəsilə  Azərbaycana iş üçün gəlmiş Türkiyə vətəndaşı ilə tanış olub. Kişi bildirib ki, iş adamıdır, ailəsindən ayrılıb,  azyaşlı övladı var. Onlar rəsmi nikah bağlayıblar, hər ikisinin tək tələbi uşaqlarla yaxşı rəftar etmək olub”,-təşkilat rəhbəri deyir. 

Əlavə edir ki, qadın rəsmi nikaha görə aldadılma ehtimalını düşünməyib. Kişi onları Türkiyənin ucqar vilayətlərinin birindəki fermasına gətirib. Qadının 15 yaşlı qızını dini məktəbə qoyub, qapanmasını tələb edib. Qadın isə günün 18-19 saatı fermada mal-qaraya qulluq edirmiş: “Qadının telefonunu, pasportunu əlindən alıb, qaçacağı təqdirdə öldürməklə qorxudub. Bəzən istirahət etmədən fasiləsiz işlədilib, bəzən də amansızlıqla döyülüb. Nəticədə sağlamlığını itirən qadın gecə saatlarında qızını da götürərək qaçmağa nail olub. Yolda rastlaşdığı insanlardan polis çağırmalarını xahiş edib. Polis onu vilayətdəki sığınacağa yerləşdirib, oradan da Azərbaycana göndərib. Ağır xəsarətlərdən sonra səhhəti pisləşdiyindən dəfələrlə əməliyyat olunub, hətta anası evini satıb müalicəsinə xərclədi. Hazırda Türkiyədə məhkəmə boşanma və  məişət zorakılığı ilə bağlı iddiasına baxılır”.      

Məmmədovanın sözlərinə görə, Türkiyəyə səfər edərkən də müşahidələr aparıb, söhbətlər edib. Hazırda araşdırmalarını davam etdirir. 

“Digər türkdilli xalqların nümayəndələri kimi azərbaycanlı qadınlar da yüksək əmək haqqı vədi ilə aparılırlar, amma ən ağır işlərdə çalışdırılırlar. Bəzən qeyri-qanuni məskunlaşdığı üçün şikayət edə bilməyən, geri dönməyə şansı olmayan qadınlar fahişəliklə məşğul olmağa məcbur qalırlar”,-Məmmədova deyir.  

Yaşlı türk kişilərinin tora salınmasına gəldikdə, birlik sədri əmindir ki, kişilər qadınlardan daha istəkli olur. Çünki azərbaycan qadınını itaətkar qismində təqdim edirlər, kişi qadını evində az qala xidmətçi kimi saxlayır. “Bununla bağlı faktlar var və yaxşı olar ki, türk mətbuatı araşdırsın. Qeyri-qanuni miqrantı işə götürən, əməyini istismar edən, son nəticədə qadının fahişəliyə cəlb edilməsinə səbəb olanlardan da yazmaq  lazımdır”.  /virtualaz