"Türkiyə və Rusiya artıq Mehriban Əliyevanın hakimiyyətə gəlməsinə hazırdır" - ADP SƏDRİ

Baxış sayı:
7141

"Növbədənkənar parlament seçkilərinin keçirilməsi, Mehriban Əliyevanın hakimiyyətə gətirilməsi Azərbaycanın daxili və xarici siyasətində yeni istiqamətin seçilməsiylə bağlıdır"

Xəbər verdiyimiz kimi, noyabrın 28-də hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının təcili toplantısı keçirilib. İclasda YAP Siyasi Şurasının qərarı qəbul edilib. Həmin qərara əsasən, partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmək tövsiyə olunub. Həmçinin, partiya növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış edib. Dünən isə YAP üzvü olan deputatların parlamentin buraxılması ilə bağlı müraciəti Milli Məclisə daxil olub.
Spiker Oqtay Əsədov isə Milli Məclisin ötən gün keçirilən plenar iclasında qeyd edib ki, parlamentin buraxılması barədə məsələ dekabrın 2-də müzakirəyə çıxarılacaq. Onun sözlərinə görə, YAP parlamentin buraxılması təşəbbüsü ilə prezident İlham Əliyevə müraciət edib: "Mən də bu təşəbbüsə dəstək vermişəm. Hakim çoxluğun müraciəti parlamentə də daxil olub. Bu məsələ dekabrın 2-də müzakirə ediləcək".
Onu da nəzərinizə çatdıraq ki, dünən həm də Milli Məclisdə təmsil olunan bitərəf deputatların da iclası keçirilib. İclasda bitərəf deputatlar da parlamentin buraxılması təşəbbüsü ilə çıxış ediblər. Qeyd olunur ki, bununla bağlı Milli Məclisə müraciət ünvanlanacaq.

"Əgər bundan əvvəl növbədənkənar parlament seçkilərinin gündəmə gəlməsi zamanı Azərbaycandakı vəziyyəti, ətrafımızda baş verən hadisələri düzgün təhlil etsək, onda Rusiya faktorunun bu məsələdə ciddi əngəl olduğunu görə bilərik"
 
Beləliklə, mövzu ilə bağlı mövqeyini öyrəndiyimiz Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, prezidentliyə keçmiş namizəd Sərdar Cəlaloğlu "Hürriyyət" açıqlamasında bildirdi ki, son referendumdan sonra mütləq növbədənkənar parlament seçkiləri keçirilməlidir: "Mən bunu dəfələrlə qeyd etmişəm. Çünki son referendumda qəbul edilmiş konstitusion qanunlar mövcud parlamentin fəaliyyəti ilə ziddiyyət təşkil edir. Yəni hazırkı parlament əvvəlki konstitusiya əsasında seçilib, referendumdan sonra isə konstitusiyada əlavə və dəyişikliklər edilib. Bu əlavə və dəyişikliklər isə parlamentin bəzi funksiyalarını məhdudlaşdırır, o cümlədən bəzi əlavə funksiyalar verib. Məhz bu səbəbdən də ortada ciddi ziddiyyət var. Bu ziddiyyətin aradan qaldırılmasından ötrü növbədənkənar prezident seçkilərindən sonra mütləq növbədənkənar parlament seçkiləri keçirilməli idi".
Hakimiyyət orqanları tərəfindən dəfələrlə növbədənkənar parlament seçkilərinin keçirilməyəcəyi haqda bəyanatların verildiyini vurğulayan ADP sədrinin sözlərinə görə, bir neçə dəfə hiss olunub ki, iqtidar özü də növbədənkənar parlament seçkiləri keçirmək istəyir: "Lakin buna mane olan hansısa səbəblər var. Həmin səbəblər üzündən hakimiyyət bu məsələnin dəfələrlə gündəmə gəlməsinə baxmayaraq, bundan imtina edib. Əgər biz bundan əvvəl növbədənkənar parlament seçkilərinin gündəmə gəlməsi zamanı Azərbaycandakı vəziyyəti, o cümlədən ətrafımızda baş verən hadisələri düzgün təhlil etsək, onda Rusiya faktorunun bu məsələdə ciddi əngəl olduğunu açıq şəkildə görə bilərik. Belə ki, Kreml bir tərəfdən Azərbaycan daxilindəki qüvvələri aktivləşdirib növbədənkənar parlament seçkilərinin keçirilməsini əngəlləyən ab-hava yaradırdı, digər tərəfdən isə Qarabağ cəhbəsində müəyyən aktivləşmə və ya danışıqlarla bağlı gərginliklər meydana çıxırdı".

"Həm Rusiya səfərini, həm də Türkiyə mətbuatında dərc olunan məqaləni, bu iki dövlətin Mehriban Əliyevanın hakimiyyətə gətirilməsinə bir xeyir-duası kimi qiymətləndirmək olar"

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya səfərinə də toxunan Sərdar Cəlaloğlu hesab edir ki, bu, faktiki olaraq bir prezidentin başqa bir dövlətə gedişi səviyyəsində təbliğ edilib: "Sonuncu müsahibədə də qeyd etdiyim ki, həmin səfər ərəfəsində Türkiyənin "Türkiye" qəzetində "Mehriban Əliyeva ilə Azərbaycanda dəyişiklik rüzgarı" başlıqlı məqalə dərc olunub və ölkədə baş verən bütün dəyişikliklərin məhz Mehriban Əliyevanın rəhbərliyi altında həyata keçirildiyi göstərilir. Aydın şəkildə görünür ki, həm Türkiyə, həm də Rusiya artıq Mehriban Əliyevanın hakimiyyətə gəlməsinə hazırdır. Əslinə baxsaq, həm Rusiya səfərini, həm də Türkiyə mətbuatında dərc olunan məqaləni, bu iki dövlətin Mehriban Əliyevanın hakimiyyətə gətirilməsinə bir xeyir-duası kimi qiymətləndirmək olar. Amma bu zaman Mehriban xanımın hakimiyyətə gəlməsinin qarşısında duran ən ciddi əngəllərdən biri də iqtidardakı əks klana məxsus olan insanlar və onların parlamentdəki nümayəndələridir. Belə ki, hazırkı parlament qüvvələr nisbətinə uyğun formalaşmadığına görə, Milli Məclis üzvlərinin böyük əksəriyyəti Mehriban Əliyevanın maraqlarına zidd olan qüvvələrin təmsilçiləridir. Odur ki, gələcək prezident seçkilərinin daha rahat, kataklizmasız keçməsi üçün parlamentin Mehriban Əliyevanın nəzarəti altına düşməsi vacibdir. Mənə elə gəlir ki, indiki halda növbədənkənar parlament seçkilərinin keçirilməsi növbədənkənar yeni prezident seçkilərinin keçirilməsi üçün hazırlıqdır. Çox güman ki, İlham Əliyev prezidentlik müddətini sona qədər başa vurmayacaq, müəyyən bir müddət sonra özü ya səhhəti ilə bağlı, ya da hansısa başqa səbəbdən könüllü şəkildə istefa verəcək. Bu zaman birinci vitse-prezident kimi Mehriban Əliyeva prezident səlahiyyətlərini icra edəcək və o zaman parlament artıq nəzarət altında olacaq. Bu halda Mehriban xanımın prezident seçkilərində iştirak etməsi və hakimiyyətin əl dəyişməsi asanlıqla baş tutacaq". Prezidentliyə keçmiş namizədin fikrincə, indiki halda bu hadisələri başqa heç bir səbəblə izah etmək mümkün deyil: "Bu, Azərbaycanda hakimiyyət dəyişikliyinin kataklizmasız, rahat keçirilməsi istiqamətində atılan addımlardan biridir. Yəni bu zaman parlament neytrallaşdırılacaq, ordakı müəyyən qanada məxsus qüvvələr təmizlənəcək, Milli Məclisdə Mehriban Əliyevaya sədaqətli insanlar oturacaq. Ondan sonra isə Mehriban xanımın prezidentlik məsələsi gündəmə gələcək".

"Bu gün ölkədə hakimiyyətdən kifayət qədər böyük narazılıq var və bu narazılıq müxalifətin xeyrinə işləyəcək bir faktordur"

Parlament seçkilərinin vaxtının önə çəkilməsinin marafonda iştirak etmək niyyətində olan müxalifət partiyalarının işini çətinə salmayacağını vurğulayan ADP sədri qeyd etdi ki, bu gün ölkədə hakimiyyətdən kifayət qədər böyük narazılıq var və bu narazılıq müxalifətin xeyrinə işləyəcək bir faktordur: "Mənə elə gəlir ki, burda elə də ciddi çətinlik olmayacaq. Çünki onsuz da müxalifət heç vaxt seçkilərə qeyri-adi dərəcədə vəsait sərf etmir və qeyri-adi dərəcədə hazırlıq aparmır. Bundan başqa, onsuz da bu gün ölkədə hakimiyyətdən kifayət qədər böyük narazılıq var və bu narazılıq müxalifətin xeyrinə işləyəcək bir faktordur. Təbii ki, qanuni və ədalətli seçki keçiriləcəyi təqdirdə,burada heç bir problem yoxdur. Yox əgər seçkilər əvvəlki illərdəki kimi total şəkildə saxtalaşdırılacaqsa, açıq-aşkar qanun pozuntularına yol veriləcəksə, müxalifətə süni əngəllər yaradılacaqsa, onda növbədənkənar parlament seçkilərinin əvvəlki seçkilərdən heç bir fərqi olmayacaq. Yəni seçkilərə olan münasibətdən çox şey asılı olacaq. Onda bilinəcək ki, hakimiyyətin niyyəti nədən ibarətdir. Əgər iqtidar cəmiyyətdə gərginliyi aradan qaldırmaq, ictimai münasibətlərə uyğun şəkildə parlamentdəki siyasi güclərin təmsil olunmasını təmin etmək məqsədi güdürsə, bu, ölkə üçün çox ciddi demokratik açılım olar. Bununla cəmiyyətdəki gərginlik aradan qaldırıla, Qarabağ probleminin həllində, o cümlədən Azərbaycanın dünya inteqrasiyasında yeni bir ab-hava yarana bilər. Bu, olmayacağı təqdirdə isə yenə cəmiyyətdəki problemlər olduğu kimi qalacaq, gərginlik artacaq. Nəzərə alsaq ki, hakimiyyətdəki dəyişilmələr nəticəsində bəzi klan nümayəndələri müxalifətə keçəcək. Onların isə müxalifətə böyük güc verəcəyi qaçılmazdır. Bugünlərdə verdiyim müsahibələrin birində də qeyd etmişdim ki, Əli İnsanov hakimiyyətdə baş verəcək dəyişikliklərdən sonra YAP-dan və iqtidardan uzaqlaşdırılacaq qüvvələri qarşılamaq üçün partiya yaradır. Mənə elə gəlir ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi, Mehriban Əliyevanın hakimiyyətə gətirilməsi Azərbaycanın daxili və xarici siyasətində yeni istiqamətin seçilməsiylə bağlıdır".

"Hesab edirəm ki, AXCP, Müsavat və Əli İnsanovun formalaşdırdığı ittifaqdan kənarda qalan müxalif qüvvələrin geniş koalisiya yaratması daha məqsədəuyğun olardı"

"Müxalifətin növbədənkənar parlament seçkilərinə blok halında getməsi mümkündürmü" sualını cavablandıran Sərdar Cəlaloğlunun sözlərinə görə, Azərbaycan müxalifəti bu günə qədər istər Qarabağ, istər parlament seçkiləri, istərsə də hər hansı bir milli problemin həllində bir araya gəlməyib: "Bildiyiniz kimi, bu gün AXCP, Müsavat, Əli İnsanov və digərləri özləri bir mərkəz yaradıb, digər qüvvələr isə kənarda qalıb. Bu baxımdan, parlament seçkilərinə görə bir araya gəlmək daha çətindir. Əgər Qarabağ məsələsi kimi mühüm bir məsələdə bir araya gələ bilmədiyimiz halda, parlament seçkilərində bir araya gələcəyiksə, bu, artıq bizim merkantil maraqlara xidmət etdiyimizi göstərəcək. Lakin bununla yanaşı, hesab edirəm ki, AXCP, Müsavat və Əli İnsanovun formalaşdırdığı ittifaqdan kənarda qalan müxalif qüvvələrin geniş koalisiya yaratması daha məqsədəuyğun olardı. Burada əsas məqsəd parlament seçkiləri zamanı koalisiya daxilində namizədlər bir-birinə alternativ olmasın. Yəni həmin dairədən iqtidara yalnız bir müxalif namizəd olsun və həmin dairədəki bütün qüvvələr koalisiyanın namizədini dəstəkləsin. Odur ki, biz məhz bu şəkildə blok yarada bilərik".
Hurriyyet.org