​Türkiyə üçün kritik həftə: ABŞ HƏRƏKƏTƏ KEÇİR

Baxış sayı:
327

“Fitch” beynəlxalq reytinq agentliyi Türkiyənin uzunmüddətli defolt reytinqini (EDR) “BB” səviyyəsindən “BB-“ səviyyəsinə endirib. Qurumun reytinq üzrə proqnozu da “Mənfi”dir”.
Publika.az xəbər verir ki, bunu iqtisadçı ekpsert Vüqar Bayramov açıqlayıb.
Ekspert bildirib ki, bu həftə Türkiyə üçün kritik olacaq:
“Təşkilat bunu Türkiyə Mərkəzi Bank sədrinin işdən azad olunması və eləcə də Türkiyənin Rusiyadan S-400 zenit raket kompleksləri almasından sonra ABŞ-ın sanksiyaları ilə üzləşəcəyi ehtimalı ilə əlaqələndirir.
“Fitch” təşkilatının qərarından sonra bu həftə ABŞ-ın Türkiyəyə sanksiyalar tətbiq edəcəyi gözlənilir. Okeanın o tayında sanksiyalar ilə bağlı qərar qəbul edilərsə, bu, Türkiyə iqtisadiyyatına ciddi mənfi təsir göstərə bilər. Əvvəla, “Fitch”in son qərarından sonra qardaş ölkənin sərmayə cəlbdiciliyinin azalacağı gözlənilir. ABŞ sanksiyaları isə yenidən lirənin ucuzlaşmasına səbəb ola bilər. Sanksiyaların qəbul ediləcəyi halda, Türkiyədə dollara tələb yenidən yüksələcək. Bu, isə sözügedən ölkənin milli valyutasına iqtisadi və psixoloji təsiri gücləndiriəcək”.

Bayromovun fikrincə, eyni zamanda, sanksiyalar Türkiyədən kapital axınına səbəb ola bilər: “Bu, xarici valyutaya olan tələbin ödənilməsində çətinlik yaradacaq. 2018-ci ildə Türkiyənin xarici ticarət dövriyyəsində 55 milyard dollarlıq kəsr qeydə alınıb. 223 milyard dollarlıq mal idxal edən qonşu ölkədə ixrac 168 milyard dollar olub. Türkiyə 2018-ci ildə 13,2 milyard dollarlıq birbaşa xarici investisiya cəlb edə bilib. Sadəcə bir faktı qeyd edək ki, SOCAR Türkiyə iqtisadiyyatına son illər bu rəqəmdən çox - 15 milyard dollar sərmayə yatırıb. Qərb ölkələrinin Türkiyə iqtisadiyyatına sərmayə qoyuluşunda çəkisi azalsa da, Asiya ölkələrinin töhfəsi 12 faizdən 27 faizədək yüksəlib. ABŞ sanksiyalarından sonra Qərb ölkələrinin xarici sərmayə portfelində payının daha da azalacağı istisna edilmir. Sanksiyalar qəbul olunursa və uzun müddət qüvvədə qalarsa, o zaman Türkiyədə daşınmaz əmlakın da dollar ifadəsində qiymətinin azalacağı gözlənilir”.