Türkiyə Şərqi Aralıq dənizini qorumaq üçün müdaxiləyə hazırdır - Ərdoğan geri çəkilməyəcək - TƏHLİL

Baxış sayı:
6325

Bülent Erandaç

“Takvim”, Türkiyə

Türkiyənin gələcəyinin asılı olduğu coğrafi bölgə İran-Şimali İraq-Şimali Suriya-Şərqi Aralıq dənizi-Kipr xəttidir. Bu xətdə olan hər bir hadisə, oyun, hiylə, gizli görüş daima eyni başlıq çərçivəsində olur. Çünki onlar bir bütünün tərkib hissələridir.

Xüsusilə 2013-cü ildən etibarən ölkəmizə yönəlik olan bütün hücumlar, xaricdən, cənub sərhədlərimizdən və buna bağlı olaraq daxildən olan bütün əməliyyat təşəbbüsləri Türkiyənin güc, imkan və qabiliyyətlərini məhdudlaşdırmağa, onun regional güc olma xarakterini ortadan qaldırmağa yönəlik olan plan və layihələrdir.

ABŞ-dan gələn dollar və iqtisadi təzyiq fırtınaları, ölkəmizi bütün bölgədə yalnızlaşdırma təşəbbüsləri 15 iyulda əziz millətimiz tərəfindən geri püskürdülmüş “böyük hesablaşma”nın parçalarıdır.

İmperialistlərin “dərin oyunu”nu Prezident Ərdoğan və “dövlət ağılı” çox yaxşı oxumaqdadır.

Milli Təhlükəsizlik Şurasının (MTŞ) Ərdoğanın rəhbərliyi ilə ötən həftə keçirilən toplantısında Suriyanın şimalı, Fərat çayının şərqi və Şərqi Aralıq dənizinə yönəlik olaraq alınan “casus belli”(müharibə elanı üçün formal səbəb – tərc.)qərarlarını Türkiyə Prezidenti Argentinada keçirilən G-20 sammitində bir daha aydın, açıq və qərarlı bir şəkildə elan etdi.

Prezident Ərdoğanın Fərat çayının şərqi və Şərqi Aralıq dənizilə bağlı etdiyi vurğular imperialist ölkələrin və onların beyinlərinin anlayacaqları dildə idi: “Türkiyə, Şərqi Aralıq dənizində öz hüququnu qorumaq üçün qərarlıdır. Adanın rum kəsimi Kipr türklərinin hüquqlarını nəzərə almadıqca, aqressiv siyasətlərini davam etdirdikcə, lazımlı önləmləri almağa davam edəcəyik. Şərqi Aralıq dənizinin karbohidrogen ehtiyatlarının əsil sahiblərindən biri olan KKTC-nin haqlarının qəsb edilməsinə əsla izin verməyəcəyik”.

Fərat çayının şərqinə vurğu edən Prezident Ərdoğan, “Suriyanın şimalında ölkəmizin və bölgəmizin təhlükəsizliyinə təhdid yaradan heç bir qurumun yaradılmasına izin verməyəcəyik. Fəratın şərqini qısa zamanda terrordan qurtaracağıq” dedi.

Ərdoğan həqiqəti

Türkiyənin “Fərat qalxanı”, “Zeytun budağı”, Cerablus hərəkatlarının nə qədər böyük nəticələrə yol açdığını çox yaxşı görürük.

Ərdoğanın türk donanmasını inkişaf etdirmək üçün etdiyi həmlələrin nə qədər həyati olduğunu Şərqi Aralıq dənizində dolaşmaqda olan imperialist ölkə donanmalarını gördükcə daha yaxşı anlamaqdayıq. Ərdoğanın “tale xəttimiz”də, Türkiyənin gələcəyinin bağlı olduğu bu xətdə həyata keçirdiyi geopolitik həmlələr ölkəmizin yüz il sonrası üçün coğrafiya inşa edəcək, tarix dəyişdirəcək güc sıçrayışlarına yardımçı olmaqdadır. Artıq İrandan Aralıq dənizinə, Şərqi Qara dənizdən Bəsrə körfəzinə, oradan da Qırmızı dənizədək olan hər yerdə Türkiyə mövcuddur.Ərdoğan, məzlum müsəlmanların səsi olaraq bütün dünyada əks-səda doğurmaqdadır. Anadoludan Mesopotamiyaya, Fələstindən Məkkəyə, Şimali Afrikadan Yəmənə qədər olan torpaqlarda Ərdoğan həqiqəti vardır.

Böyük türk milləti oyanmışdır. Yenidən dirilişi səhnəyə qoymuşdur. Məhz bu yeni Türkiyədən, qlobal lider Tayyib Ərdoğanın yaxın coğrafiyada oyunqurucu olmasından qorxduğu üçün imperialist Qərb ölkəmizi durdurmaq planlarını ard-arda dövrəyə soxma təlaşı içindədir. Fəratın şərqində “qarnizon dövlətcik” – “II İsrail” qurmaq üçün ABŞ, İngiltərə və Fransanın öz hərbçilərini ora yığmalarına, kuklaları PKK/PYD-ni silahlandırmalarına və dünyanın donanmasını Şərqi Aralıq dənizinə cəmləmələrinə diqqətlə baxın.

Ölkəmizi Allah qorudu. Ərdoğan başda olmasaydı, əziz millətimiz ayağa qalxmasaydı, 15 iyul MKİ-Pentaqon-FETÖ hücumu ilə Türkiyəni iflic edəcəkdilər. Bu gün Suriyanı rəsmən bölmə, “Türkiyə cəbhəsi” açma planlarını həyata keçirəcəkdilər. Aralıq dənizinin şərqini Türkiyəyə qapadacaqdılar. Müsəlman dünyası ilə Türkiyə arasında divar hörəcək və “Böyük İsrail” layihəsinə canlılıq qazandıracaqdılar.

Prezident Ərdoğan qərarlıdır. Türkiyə MTŞ-si “casus belli” qərarlarını alıb. Hesabı nə olursa-olsun, cənub qapılarımızı, Şərqi Aralıq dənizini itirməmək üçün müdaxilə edəcəyik.

Əlimiz hara çatırsa, orada güc əldə edəcəyik. Artıq ölkəmizi Çörçilin cızdığı, Sayks-Pikonun nəzərdə tutduğu süni sərhədlərdə müdafiə etmirik. İmperialist Qərb xəritə cızıb, Prezident Ərdoğansa o xəritəyə müdaxilə edir.

Tərcümə Strateq.az-ındır