Türkiyə sərhədi bağladı, Naxçıvanda qiymətlər sürətlə bahalaşmağa başladı - EKSPERTLƏR VƏZİYYƏTİN PİSLƏŞƏCƏYİNİ DEYİR

Baxış sayı:
5395

"Türkiyənin Naxçıvanla sərhəd-keçid məntəqəsi olan "Dilucu"-nu gediş-gəlişə bağlaması Naxçıvan əhalisinin, xüsusilə gündəlik ərzaq və gigiyena məhsullarını İran və Türkiyədən alan şəxslərin vəziyyətinə əsaslı təsir edə bilər". 
BBC News Azərbaycanca deyir ki, mütəxəssislər belə hesab edirlər.
"Sərhədin bağlanması artıq qiymətlərə təsir edib. Dünən kələmin kilosu 1 manat idi, bu gün 1,50 qəpikdir. Kartof 80 qəpik idi, bugün 1-1,10 AZN-dir. Soğanın da qiyməti qalxıb", - Naxçıvan sakini Faiq Əliyev deyib.
Naxçıvanın İqtisadiyyat Nazirliyindən "qurumda bu məsələ ilə bağlı rəsmi məlumat olmadığı üçün şərh verə bilməyəcəklərini" bildiriblər.
Naxçıvan sakini, Ümid partiyasının sədr müavini Faiq Əliyev BBC News Azərbaycancaya dünəndən [bazar günündən-red.] bəzi ərzaq qiymətlərində artım olduğunu deyib.
"Sərhəd bağlanan gündən artıq təsirini göstərməyə başlayıb. Böyük marketlərin hamısında alış-veriş edənlərin sayı durmadan artır. Əhali daha çox ərzaq almağa çalışır. Un, vermişel, makaron, şəkər tozu və alırlar. Camaat qiymətlərin qalxacağından qorxub, bu məhsulları evinə daşıyır. Artıq qiymətlərin qalxması da müşahidə olundu", - Əliyev deyib.
O vurğulayır ki, Naxçıvan əhalisinin əsas ticarət yeri əsasən İran və Türkiyədir: "Bunlar da bağlanıbsa, Naxçıvanın vəziyyəti pisləşəcək".
Faiq Əliyev bildirib ki, artan qiymətlər hələlik yalnız ərzaq məhsullarında özünü göstərir: "Təmizlik məhsullarının qiymətlərində dəyişiklik yoxdur".

Şəxsi istehlak, ticarət və turizm

İqtisadi təhlilçi Toğrul Vəliyev hesab edir ki, "sərhəd-keçid məntəqəsinin bağlanması əsasən İrana və Türkiyəyə ticarət məqsədilə səfər edən və şəxsi istehlak üçün ölkəyə müəyyən məhsullar alıb gətirən insanlara təsir edəcək".
"Sərhəd-keçid məntəqəsinin bağlanması əsasən gediş-gəlişin dayandırılmasıdır. Məhsulların gətirilməsi davam edəcək. Sərhəd-keçid məntəqələrinin bağlanması əsasən ölkəyə şəxsi istehlak üçün məhsul gətirən şəxslərə zərər vuracaq və əsasən bəlli ərazilərdəki sərhədyanı əhaliyə təsir göstərəcək", cənab Vəliyev BBC News Azərbaycancaya bildirib.
Təhlilçi həmçinin "sərhəd-keçid məntəqələrinin bağlanmasının dini və səhiyyə turizminə təsir edəcəyini" ehtimal edir.
Naxçıvanın İqtisadiyyat Nazirliyindən "qurumda bu məsələ ilə bağlı rəsmi məlumat olmadığı üçün şərh verə bilməyəcəklərini" bildiriblər.
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsi ilə əlaqə saxlamaq mümkün olmayıb.

Sərhəd-keçid məntəqəsin bağlanması koronavirusla bağlıdır

Bazar ertəsi günü Türkiyə Dilucu sərhəd-keçid məntəqəsindən BBC News Azərbaycancaya bildirilib ki, "Dilucu gömrük-keçid məntəqəsinin bağlanması koronavirusla bağlıdır və məntəqənin gediş-gəlişə nə vaxt açılacağı da bəlli deyil".
"İrandan gələn yolçular var. TIR sürücüləri var. Bu şəxslərin koronavirusa yoluxmadığını kim deyə bilər? Azərbaycanda koronavirusun olmadığına heç kim zəmanət verə bilməz. Məntəqəni dünən (bazar günü-red.) gəliş-gedişə bağlamışıq. Nə vaxt açılacağı da bəlli deyil", - Dilucu sərhəd-keçid məntəqəsindən bildiriblər.
Azərbaycanın Sədərək sərhəd-keçid məntəqəsindən deyiblər ki, Türkiyə gediş-gəlişi birtərəfli qaydada bağlayıb. Azərbaycan tərəfi də gediş-gəlişin nə vaxt bərpa ediləcəyini bilmir.

İranda ölüm və yoluxma halları

İranın Qum şəhərini təmsil edən millət vəkili Əhməd Əmirabadi-Farahani fevralın 24-də ölkə parlamentində deyib ki, şəhərdə Covid-19 infeksiyasına yoluxmuş 50-dən çox adam ölüb.
İranın səhiyyə nazirinin müavini İrac Harirçi bu iddiaları dərhal təkzib edib. Harirçi İranda virusdan ölənlərin sayının 12 olaraq qaldığını vurğulayıb.
İranın Səhiyyə və Tibbi Təhsil naziri Saeed Namaki bazar ertəsi günü İranda koronavirus səbəbilə ölənlərin sayının 12-yə yüksəldiyini deyib.
İSNA-nın məlumatına görə, nazir İranda 47 nəfərin virusa yoluxduğunun təsdiqləndiyini bildirib.
Çərşənbə axşamı günü Ümumdünya Səhiyyə Təşkilatı Covid-19-a 75 mindən çox yoluxma və 2 mindən çox ölüm hadisəsi olduğunu bildirib.