​Türkiyə SON NÖQTƏNİ QOYDU: Oradan da çıxacaqlar

Baxış sayı:
12004

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Suriyanın şimalındakı vəziyyətlə bağlı açıqlamalar verib. Muxalifet.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Çavuşoğlu Türkiyənin meydanda və masada güclü olduğunu nümayiş etdirdiyini deyib. Türkiyəli nazir terrorçuların Qamışlıdan da çıxmalı olduğunu bildirib. “Rusiya ilə razılaşmamızın mahiyyəti budur: Fərat çayından İraq sərhəddinə və 30 kilometr dərinliyə qədər bütün PKK/YPG terrorçuları çıxarılacaq. 10 kilometr dərinlikdə birlikdə patrul xidməti həyata keçirəcəyik. Terrorçuların çıxarılacağı əraziyə Qamışlı da daxildir. Qamışlıda patrul xidməti olmayacaq, çünki, burada əvvəldən rejim var”, - Çavuşoğlu söyləyib. Qeyd edək ki, Türkiyə oktyabrın 9-da Suriyanın şimalında "Sülh çeşməsi" antiterror əməliyyatına başlayıb. Oktyabrın 17-də isə YPG terrorçularının bölgədən çəkilməsini nəzərdə tutan Türkiyə-ABŞ razılaşması əldə edilib. Razılaşmaya əsasən, əməliyyat terrorçuların bölgədən çəkilməsi üçün 120 saat müddətində dayandırılmışdı. Oktyabrın 22-də isə Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə Soçidə keçirdiyi 6 saatlıq görüşündə Suriyanın şimalında yaradılacaq təhlükəsiz zona ilə bağlı razılıq əldə edilib. Hər iki razılaşma YPG-nin Suriyanın şimalından çıxarılmasını nəzərdə tutur. Oktyabr 29-da Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, YPG bölgəni nəzərdə tutulmuş müddətdən daha tez tərk edib. Eyni bəyanatı həmçinin, “Suriya Demokratik Gücləri” verib. Qeyd edilirdi ki, qruplaşma əvvəl Rusiyaya öz etirazlarını ifadə edirdilər, ancaq sonda sülh təşəbbüsü ilə razılaşmalı olublar.