Türkiyə siyasətinin yeni parlayan ulduzu - Əkrəm İmamoğlu kimdir?

Baxış sayı:
4114

İstanbulun yeni meri bir çox parametrlərinə görə hazırkı dövlət başçısı Ərdoğanla oxşardır Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 23 iyunda keçirilən seçkilərdə İstanbulun meri seçilmiş Əkrəm İmamoğlunu ikinci dəfə təbrik edib. 23 iyunda seçkilər başa çatdıqdan bir neçə saat sonra ilkin nəticələrə əsasən CHP namizədini qələbə münasibətilə təbrik edən Türkiyə prezidenti ötən gün partiyasının qrup toplantısında çıxış edərkən “CHP namizədi Əkrəm İmamoğlunu bir daha təbrik edirəm” deyib. Ərdoğan söyləyib ki, İstanbul əhalisinin qərarının başımız üzərində yeri var. Eyni zamanda əlavə edib ki, 31 mart seçkilərində mübahisəli məqamlar olub, bələdiyyə məclisi üzvləri arasında çoxluğu AKP qazanıb. Ancaq əlavə edib ki, bu seçkidə İstanbul sakinlərinin seçimi dəyişib, 23 iyun seçkilərinin nəticəsi milli iradənin təcəssümüdür. Ərdoğan deyib ki, seçkilərin nəticəsi həm də hökumətə bir mesajdır, iqtidar bu mesajı nəzərə alacaq. Bu açıqlama bir mənada 23 iyun seçkilərin nəticələrinin rəsmiləşməsi mənasına gəlir. Ərdoğan Türkiyənin prezidentidir və seçkilərin rəsmi nəticələri ona məlumdur, həm də hakim partiyanın sədri kimi nəticələri qəbul etdiyini göstərir. Artıq ötən gün İstanbul Vilayət Seçki İdarəsi seçkilərin nəticələrini rəsmən açıqlayıb. CHP namizədi Əkrəm İmamoğlu rəsmi nəticələrə əsasən səslərin 54,21 faizini, yəni 4 milyon 741 min 868 seçicinin səsini alaraq qalib gəlib. Onun rəqibi, AKP namizədi Binəli Yıldırım isə 44,99 faiz, yəni 3 milyon 935 min 453 səs alaraq ikinci olub. Bununla da iki namizəd arasında səs fərqi 31 martdakı 13 min səsdən 806 min 767 səsə yüksəlib. Türkiyə qanunlarına əsasən seçkilərdən sonra 2 gün ərzində tərəflərin etiraz haqqı var. Yəni iyunun 25-də saat 15-ə qədər tərəflərdən biri öz etirazını bildirə bilər. Ancaq Ərdoğanın açıqlaması seçkilərlə bağlı hər hansı etirazın olmayacağını artıq sabah saatlarından təsdiqlədi. Türkiyə mətbuatının yazdığına görə, iyunun 26-da Əkrəm İmamoğlu bələdiyyə sədri vəsiqəsini ala bilər. Artıq yeni bələdiyyə sədrinin planı da bəllidir. “Sözçü” qəzetinin yazdığına görə, sədr vəsiqəsini aldıqdan sonra İstanbul böyük şəhər bələdiyyəsi binası qarşısında mitinq keçirəcək. Daha sonra isə İstanbul valisi, mayın 6-dan etibarən İstanbul bələdiyyə sədri vəzifəsini həyata keçirən Əli Yerlikayadan möhürü təhvil alaraq rəsmi olaraq fəaliyyətə başlayacaq. Əkrəm İmamoğlu namizəd olarkən bir sıra kompleks vədlər verib. Bunlar aşağıdakılardır: İstanbulun nəqliyyat və tıxac probleminin həlli, İstanbulda yoxsulluğun aradan qaldırılması, həyat xərclərinin ucuzlaşdırılması, şəhər inşaatında planlaşma və ətraf mühit, tikinti və zəlzələ riskləri ilə bağlı problemlərin aradan qaldırılması, işsizlik problemlərinin həlli, yeni iqtisadi və sənayenin yaradılması, investisiya cəlbi, İstanbulun iqtisadi cəlbediciliyini artırmaq, həyat səviyyəsinin yüksəldilməsi, mədəniyyət, incəsənət və idman fəaliyyətlərini şəhərin bütün rayonlarına yaymaq. Təbii ki, bu vədləri reallaşdırmaq elə də asan olmayacaq. Nəzərə almaq lazımdır ki, hazırda İstanbul bələdiyyəsi məclisində iqtidar koalisiyasının 180, müxalifətin isə təqribən 140-a yaxın üzvü var. Yəni İmamoğlunun ən ciddi müxalifəti Bələdiyyə Məclisində olacaq. Ə.İmamoğlunun ikinci ciddi problemi bələdiyyədəki iqtisadi vəziyyətdir. İstanbul Böyük Şəhər Bələdiyyəsinin (İBB) may ayının rəsmi rəqəmlərinə görə, 500-ə yaxın firmaya 26 milyard 800 milyon lirə borcu var. Bunlardan 300-ü kiçik məbləğli borclardır. İBB-nin builki büdcəsi 23.8 milyard lirədir. Buna əlavə olaraq 2.5 milyard lirə İETT (İstanbul Elektrik Tramvay ve Tünel İşletmeleri) və 8 milyard 501 milyon lirə həcmində İSKİ (İstanbul Su Kanalizasiya İdarəsi) büdcələri ilə birlikdə İBB-nin 2019-cu il büdcəsi 34 milyard 801 milyon lirəyə çatıb. Yəni təxminən büdcənin 75 faizi qədər borc var. CHP-nin bələdiyyə məclisindəki təmsilçisinin verdiyi məlumata görə, hazırda kiçik məbləğli borcların sahibləri demək olar ki, hər gün bələdiyyəyə gələrək borclarını tələb edir. Hər nə qədər İstanbul böyük və gəlirli şəhər olsa da, 26 milyard lirə (bu təxminən 4,5 milyard dollar edir hazırkı kursla - K.R.) dəyərində yığılmış borcu qəbul edəcək. Türkiyə siyasətinin yeni parlayan ulduzu, Qərb mediasının yazdığı kimi, qarşıdakı 5 ildə Avropanın ən böyük şəhərinə rəhbərlik edəcək Əkrəm İmamoğlu bundan əvvəlki 5 il ərzində İstanbulun 39 rayonundan biri olan Beylikdüzündə bələdiyyə sədri olub. Yeri gəlmişkən, 31 mart seçkilərində Beylükdüzündə növbəti dəfə CHP namizədi 59 faizlə qalib gəlib. İstanbulun yeni meri bir çox parametrlərinə görə hazırkı dövlət başçısı Ərdoğanla oxşardır. İqtisadiyyat təhsili alıb, gəncliyində futbolla məşğul olub, Quran oxuyur və Qara dəniz sahilindən, yəni Trabzondandır. Yeri gəlmişkən, seçki kampaniyası zamanı Yunanıstan mətbuatının İmamoğlu haqqında “Pontuis” sözü yazması ciddi mübahisələrə səbəb olub. İmamoğlunun yunan olması ittihamları ortaya atılıb. Hətta mübahisə o qədər böyüyüb ki, axırda Yunanıstan qəzeti təkzib açıqlaması yayaraq “Pontuis” sözünün yunancada “Qara dəniz sahilindən olduğuna işarə” olduğunu bildirib. İmamoğlu isə türk olduğunu bildirir. Əkrəm İmamoğlu 1970-ci ildə Trabzonda dünyaya gəlib. İstanbul Universitetində menecment ixtisası üzrə təhsil alıb. 1992-ci ildə əmək fəaliyyətinə ailəsinə məxsus şirkətdə inşaat mühəndisi kimi başlayıb. Tezliklə şirkətin rəhbərliyinə gətirilib. Futbol həvəskarı olan İmamoğlu “Trabzonspor” futbol klubunun rəhbərliyində təmsil olunub. Eyni zamanda “Trabzonspor” basketbol klubunun qurucusu və sədr müavini vəzifəsini tutub. Daha sonra isə Beylikdüzü klubunun rəhbərliyində təmsil olunur. Bundan başqa, Atatürkçü Düşüncə Dərnəyi və daha bir neçə vətəndaş cəmiyyəti qurumlarında təmsil olunur. İmamoğlu ənənəvi sekulyar CHP elektoratından deyil, sağ mühafizəkar cinahdandır. Yeri gəlmişkən, Türkiyənin hazırkı prezidenti və hakimiyyətdə təmsil olunan bir sıra şəxslər məhz İmamoğlunun mənsub olduğu Qara dəniz bölgəsindədir. İmamoğlu siyasi fəaliyyətə Turqut Özalın Ana Vətən Partiyasında başlayıb. Ailəsi dindar mühafizəkar olsa da, İmamoğlu universitet illərində sosial-demokrat camiəyə yaxınlaşıb. 2008-ci ildə isə aktiv siyasətə gələndə CHP-ni seçib. 2009-cu ildə Bəylikdüzü bələdiyyəsinə namizədliyini versə də, partiyadan namizədliyi qəbul olunmayıb. Ancaq bir neçə ay sonra CHP-nin Bəylikdüzü təşkilatına sədr seçilir. 2014-cü il bələdiyyə seçkilərində Bəylükdüzündən namizəd olub və 50,83 faiz səslə bələdiyyə sədri seçilib. Ailəlidir, 3 övladı var. 23 iyun seçkilərində qalib gələn İmamoğlu qarşıdakı 5 il ərzində Avropanın ən böyük şəhərini idarə edəcək./musavat.com