Türkiyə Əsəd rejiminə qarşı vuruşacaq qoşun hazırlayır

Mövlud Çavuşoğlu: Türkiyədə mayda Suriya müxalifət dəstələrinin hərbi təliminə başlanılacaq

Türkiyə və ABŞ tərəfindən birgə hazırlanmış proqrama uyğun olaraq gələn ay Türkiyə ərazisində Suriya mötədil müxalifətinin 200-dək üzvünün hərbi təliminə başlanılacaq.

Muxalifet.az-ın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə  Washington Post qəzetinə müsahibəsində Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib.

“Bu il biz Suriya müxalifət dəstələrinin iki minədək döyüşçüsünə təlim keçməyi və onları təchiz etməyi planlaşdırırıq. Onların əsas vəzifəsi İŞİD terrorçuları ilə mübarizə olsa da, onlar həmçinin Suriya prezidenti Bəşər Əsədin qoşunları ilə də döyüşəcəklər”, deyə Türkiyə XİN rəhbəri qeyd edib.     

 Mövlud Çavuşoğlu bu məsələ ilə bağlı Türkiyə və ABŞ arasında ziddiyyətlərin olduğunu etiraf edib. Onun sözlərinə görə, ABŞ hazırkı vəziyyətdə İŞİD-lə mübarizənin əsas prioritet təşkil etdiyini iddia edir və indiki  mərhələdə Suriyamüxalifət dəstələrinin təlimi üçün maliyyə vəsaitlərini məhz bu məqsədlə  ayırıb.  “Lakin indi hər iki tərəf fikir ayrılığını aradan qaldıraraq nəhayət proqramın icrasına başlamaq niyyətindədir”, deyə Washington Post qeyd edir.   

 Nəşr çox şeyin təlim keçmiş döyüşçülərin Suriyanın hansı hissəsinə göndəriləcəyindən və nəzarət altında qalıb-qalmayacağından asılı olduğunu qeyd edir. Qəzet bu məsələlərin hələ də həll olunmadığını vurğulayıb: “Türkiyədən başqa, Suriya müxalifət dəstələri Səudiyyə Ərəbistanı, İordaniya və Qətərdə də təlim keçəcəklər”, deyə Washington Post qeyd edib.