Türkiyə-Rusiya savaşı çıxa bilər...?

Rusiya təyyarəsi yenə Türkiyə sərhədini pozdu və...
 
Rusiya indiki maliyyə resursları ilə nəinki NATO ilə, heç Türkiyə ilə regionda savaş aparmaq qüdrətində deyil
 
Rusiyaya məxsus daha bir qırıcı təyyarə (SU-34) Türkiyənin hava məkanını pozub. Rusiyanın SU-24 təyyarəsi Türkiyə qırıcıları tərəfindən vurulandan sonra bu, ilk hava sərhəddinin pozuntusu hadisəsidir. Bu dəfə köhnə SU-24 təyyarəsindən fərqli olaraq daha müasir SU-34 modeli ilə sərhəd pozuntusu həyata keçirilib.
İnsidentlə əlaqədar Rusiyanın Türkiyədəki səfiri Türkiyə XİN-nə çağırılıb. Rusiya səfirinə Türkiyə hava məkanının pozulması səbəbindən ortaya çıxa biləcək arzuolunmaz hallara görə məsuliyyətin tamamilə Rusiyanın üzərinə düşəcəyi bildirilib.
Bu faktı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da təsdiqləyib. Türkiyə prezidenti bu hava məkanının Rusiya tərəfindən pozulmasını Rusiyanın bölgədə mövcud krizisi daha da dərinləşdirmək istəyi ilə əlaqələndirib. Ərdoğan Rusiyanın bu təhdidinə qarşı təhdidlə qarşılıq verərək bildirib ki, Rusiya bu təhlükəli oyununun nəticələrinə də qatlanmaq məcburiyyəti ilə üzləşməli olacaq. Bu isə o anlama gəlir ki, daha bir hava məkanının pozuntusu müqabilində Rusiya təyyarəsi yenidən vurulacaq. Ərdoğan bununla bu hava məkanının təkcə Türkiyənin deyil, həm də NATO hava sərhədlərinin olduğunu Rusiyanın diqqətinə çatdırmaq istəyib. Çünki birinci uçağın düşürülməsi olayından sonra bu hava sərhədləri çox ciddi surətdə NATO tərəfindən izlənilir.
Ərdoğan, bu məsuliyyətsiz addımların nə Rusiyaya, nə Rusiya-NATO münasibətlərinə, nə region, nə də qlobal sülhə heç bir fayda vermədiyini, əksinə ciddi zərər verdiyini də vurğulayıb. Və bütün bunların Türkiyə XİN-ə çağrılan Rusiya səfirinin diqqətinə çatdırıldığını, Rusiyanın bu əməllərinə şiddətlə etiraz olunduğunu da qeyd edib. Prezident eyni zamanda XİN rəhbərliyi səviyyəsində Rusiya tərəfiylə təmasa keçib, onlara şəxsən Putinlə görüşmək istədiyinin çatdırılmasını da qeyd edib.
Bu arada NATO baş katibi Stoltenberq rus təyyarəsinin Türkiyə sərhədlərini pozması hadisəsini təsdiq etməklə Rusiyanı daha məsuliyyətli davranmağa çağırıb və NATO-nun hava sərhədlərinə hörmətlə yanaşmasını tələb edib.
Stoltenberq bundan öncəki rus təyyarəsinin vurulmasını bir daha xatırladaraq, belə hadisələrin nə qədər təhlükəli olduğunu da qeyd edib.
Və bir daha belə olayların təkrarlanmaması üçün Ankara ilə Moskvanın təmasa keçmələrinin doğru bir addım olacağını bildirib.
NATO baş katibi Türkiyəyə dəstək verdiklərini qeyd etməyi də unutmayıb: “NATO Türkiyə ilə dayanışma içindədir və müttəfiqimiz Türkiyənin torpaq bütünlüyünü dəstəkləyirik. İttifaq üzvləri Türkiyənin hava məkanının qorunmasını gücləndirirkən, Türkiyə üzərində erkən xəbərdaretmə AWACS təyyarələrinin sayının artırılmasına da dekabr ayında qərar verilib. Amma bu qərar baş verən olayla əlaqəli deyil, buna daha öncə qərar verilib.”
Maraqlıdır ki, ötən dəfə olduğu kimi bu dəfə də Türkiyə hava məkanını pozan Rusiya təyyarəsinin heyətinə rus və ingilis dilində dəfələrlə xəbərdarlıq edilib. Məhz buna görə əgər ötən dəfə sınıq-salxaq SU-24 təyyarəsində belə xəbərdarlıqları eşitmədiklərini deyən rus pilotları üçün bu dəfə daha müasir SU-34 təyyarəsi üzərindən bu yalanları söyləmək daha çətin olacaq, olsa da inandırıcı olmayacaq.
Rusiyanın hələlik bu insidentlə bağlı doğru-dürüst bir açıqlama verməməsi də müəyyən şübhələrə yol açmamış deyil. Ola bilsin ki, Rusiya Türkiyə tərəfinin olayı daha da dırmandırmamaq üçün dərhal hərəkətə keçəcəyini bildiyindən hələlik gözləmə mövqeyini tərcih edib. Hesab olunur ki, belə bir təmas qurulana qədər daha mötədil davranışlarla Rusiya hadisənin cığırından çıxmasına imkan verməyəcək. Və bunun gərəyi olaraq Türkiyə hava məkanının bu ərəfədə yenidən pozulması hadisəsi baş verməyəcək. Çünki belə bir halın yenidən təkrarlanması Rusiyanın bölgədə intiharı demək olardı.
 
Rusiya hava məkanını niyə pozdu?
 
Türkiyə prezidenti bu hadisəni Rusiyanın bölgədə krizisi daha da dərinləştirmək istəyi ilə əlaqələndirib. Məhz bu baxımdan Ərdoğan hadisə ilə bağlı açıqlama verərkən Bayırbucak Türkmənlərinin Rusiya tərəfindən vurulduğunu və nəticədə bu anda 3 min insanın Türkiyəyə keçid etdiyini  təsadüfən söyləməyib. Görünür, Ərdoğanın Rusiya prezidenti Putinlə görüşmək istəyi hava məkanının pozulması olayından sonra proseslərin daha pis məcraya yönəlməsinin qarşısını almaqla bərabər, həm də Türkmənlərin bombalanmasının dayandırılması və bu yöndə qurulan oyunların durdurulması ilə əlaqəlidir.
Ancaq Türkiyə prezidentinin olaya isti-isti qiymət verməsinə rəğmən hadisə ərəfəsinda baş verən bir sıra olaylara diqqət etdikdə maraqlı mənzərə yaranır. 
Bu həftənin əvvəli Türkiyə və Avropa Birliyi Rusiyanın metallurgiya şirkətlərinə qarşı vergi yükünü 25-29%-ə qədər artırdılar. Bu isə Avropa Birliyinin Rusiyaya qarşı sanksiyaların daha da genişləndirilməsi anlamına gəlir. Onu da xatırladaq ki, Rusiyanın təkcə Türkiyəyə metal ixracından qazancı yarım milyard dollar cıvarında idi. Ona görə də bu kimi Rusiya iqtisadiyyatını təhdid edəcək olayları gözardı etmək doğru olmazdı.
Ayrıca Rusiyanın buna cavabı da özünü çox gözlətmədi. Belə ki, Rusiyanın “Qazprom” şirkəti Türkiyənin özəl sektorda olan təbii qaz şirkətlərinə tətbiq etdiyi endirimləri ləğv edib. Bu isə o deməkdir ki, ildə 10 milyard kubmetr qaz idxal edən 6 şirkət 1 yanvar 2015-ci ildən bu yana yararlandığı 10,25 faiz endirimdən daha istifadə edə bilməyəcək. “Qazprom”un səlahiyyətli nümayəndələrinin verdiyi açıqlamaya görə, iki ölkə arasındakı krizisin başa çatması ilə yenidən güzəştlər tətbiq oluna biləcək.
Bu açıqlamanın özü də göstərir ki, Qazpromun tətbiq etdiyi bu məhdudiyyət Türkiyə ilə münasibətlərdə olan krizislə bağlıdır və həm də son metallurgiya şirkətlərinə tətbiq olunan vergi yükünün qaldırılmasına bir cavab xarakteri daşıyır.
Ancaq məsələnin ən böyük boyutu bilavasitə Suriyada gedən geosiyasi oyunlarla əlaqəlidir. Rusiyanın Türkiyə sərhəddini nəzarətə almaq istəməsi, PKK terror təşkilatının Suriya qolu olan PYD-yə verdiyi dəstək, Türkmən dağında İŞİD-i vurmaq bəhanəsi ilə mülki əhalini öldürməsi Ankaranın təbii ki, etirazlarına səbəb olur. Bunun davamı olaraq Rusiyanın Türkiyə sərhədləri yaxınlığında, Qamışlıda hərbi baza yaratmaq istəyi və 200 nəfər hərbçisini sərhədə yerləşdirməsi qətiyyən gözardı edilə bilməz. Çünki bu addım Türkiyə üçün bir savaş elanıdır.
Rusiyanın Türkiyə sərhəddində  bombardmanlar həyata keçirməsi, rəsmi Ankaranın isə sərhədboyu xəttini minalardan təmizləməsi və sərhədə əsgər yığması hərbi əməliyyatların başlama ehtimalını artırır. Və hələlik hər iki ölkə Suriya sərhəddində öz  mövcudiyyətini gücləndirməklə güc nümayiş etdirir və qarşı tərəf üçün çəkindirici amil olmaq istəyir. 
Bu arada Fərat çayının şərq və qərb istiqamətində olan torpaqları bir-birinə bağlamağa çalışan və haradasa bütün sərhəd xətti boyu uzanacaq ərazi formalaşdırmağa cəhd edən PKK-nın Suriya qolu PYD-YPG Cerablusu ələ keçirmək istəyindədir. Bununlada da 98 kilometrlik Cerablus-Azez zolağında yerləşən İŞİD-ı sıxışdırmaqla ərazini ələ keçirmək və Türkməndağı bölgəsində yerləşən türkmənləri o ərazidən çıxartmaqla rahatca dənizə çıxışını təmin etmək istəyir. Rusiyanın Türkməndağı bölgəsini intensiv bombalaması da məhz bu strateji hədəfin tərkib hissəsidir. Bu yöndə Rusiya ilə PKK uzantısı arasında konkret razılığın əldə olunduğu da bildirilir. Məhz bunun nəticəsidir ki, son həftələr Rusiya PYD kürd terrorçularına tonlarla silah verməyə başlayıb. Özü də müftə, müsəlləf. Təbii bu işin içində Rusiyanın geosiyasi maraqları yox deyil. Rusiya bu prosesin içində Türkiyəni Suriya prosesindən tamamilə sıxışdırıb çıxarmaq, eyni zamanda terrorçularla çevrələnmiş və hər tərərfdən təhdid olunan bir Türkiyə gerçəyi yaratmaq istəyindədir. Bu isə Türkiyənin Yaxın Şərq bölgəsi əlaqələrinin məhdudlaşması və regiondan sıxışdırılıb çıxarılması anlamına gəlir. Belə vəziyyət isə regionda qüvvələr nisbətini Rusiya-İran müttəfiqlərinin xeyrinə dəyişmiş olacaq ki, bu da bölgədə status-kvonun dəyişməsi və yenidən təhlükəli yöndə şəkillənməsi təhdidi yaradır. Belə vəziyyət həm də enerji xətlərinə nəzarət etmək kimi geosiyasi üstünlüyü Rusiyavə İran ikilisinə vermiş olardı. Məhz bu baxımdan kürd terror qruplaşması müttəfiq olaraq seçilib və onlara gələcəkdə Suriyada “Böyük Kürdüstan”ın bir qolunun yaradılması imkanı tanınıb. Bu xüsusda Kürdüstanın yaşaya bilməsi üçün dənizə çıxışı uğrunda Rusiya ciddi-cəhdlə çalışır və bunun üçün koridor açmağa cəhd olunur. Bu koridor isə Türkiyənin strateji həyat zonası olan Cerablus-Azez və Türkməndağı bölgəsindən keçir. Bu, o bölgələrdir ki, Türkiyə illərdir o ərazilərdə Suriya vətəndaşlarını yerləşdirmək üçün təhlükəsiz bölgə yaratmaq istəyir. Ancaq bunu Suriya, Rusiya, İranın istəmədiyinə rəğmən, ABŞ-da qarşı olduğu üçün hələlik reallaşdırmaq mümkün olmayıb. Ancaq bu o demək deyil ki, Türkiyə öz strateji maraqları olan bu həyat zonasından vaz keçib.
Bu ərazi hələ də Türkiyə üçün keçilməz qırmızı xəttdir və kimliyindən asılı olmayaraq bu ərazilərə müdaxilə edəcəksə, Türkiyə ordusunu qarşısında görməli olacaq. Bu barədə dəfələrlə Türkiyə hakimiyyəti öz xəbərdarlığını edib.
Hələlik bu əraziləri Rusiya PYD terroristlərini silahlandırmaqla ələ keçirmək istəyir. Təbii ki, Rusiyanın havadan dəstəyilə.
Ancaq bu yöndə bir də Türkiyə prezidentinin xəbərdarlığı var ki, Cerablusa girəcəyi halda YPG Türkiyənin qoyduğu “qırmızı xətt”i keçəcək ki, bu halda da təbii olaraq məhv ediləcək. 
Prezident Ərdoğan keçən həftə ABŞ vitse-prezidenti Co Baydenlə görüşdə Rusiyanın Qamışlıda əsgər yerləşdirməsinin cavabsız qalmayacağını deyib. Çərşənbə axşamı isə Kreml Türkiyəyə cavab verdi və Ankaranın Suriya sərhəddində böyük əsgəri qüvvə topladığını diqqətə çatdırdı. Və bütün bu qarşılıqlı təhdidedici ritorikaları nəzərə alanda Rusiyanın SU-34 təyyarəsinin Türkiyənin hava məkanını pozmasının heç də təsadüfi olmadığı üzə çıxır. Görsənir ki, Rusiya bu təhdidlə Türkiyəni savaş çıxa biləcəyi ehtimalı ilə qorxutmaq, bununla geri çəkilməsini və strateji maraqlarını təmin etmək istəyini ortaya qoyub.
 
Rusiya-Türkiyə savaşı çıxa bilərmi?
 
Artıq dünyanın bir çox beyin mərkəzləri Rusiyanın Türkiyə maraqlarına zərbə vurmaq istəməsi faktını qəbul edir. Və bu yöndə təbii ki, Rusiya Türkiyə dövləti ilə PKK arasındakı gərginlikdən istifadə edir. ABŞ isə Rusiya və Əsəd rejimi ilə çoxtaktikalı davranır. Əlavə bir də PKK-nın Suriya qoluna silah verməklə dəstəkləyir və İŞİD-ə qarşı quru əməliyyalarının keçirilməsində onu əhəmiyyətli müttəfiq kimi görür. Bu isə PKK-nı ruhlandırır və terror təşkilatı öz zamanlarının gəldiyini sanır və bu savaşda öz siyasi hədəflərini həyata keçirmək üçün istifadə etmək istəyirlər.
Təbii ki, ABŞ hələlik daha çox YPG-ni İŞİD-in qalası sayılan Raqqadan çıxarmaq üçün həyata keçiriləcək quru əməliyyatında istifadə etmək istəyir. Ancaq proses bunun əksini göstərir. Belə ki, keçən həftə Raqqa cəbhəsində YPG-nin itkiləri azalırkən, Cerablus bölgəsində artıb. Bu faktın özü də göstərir ki, kürdlərin Cerablus istiqamətində hərəkət etmək istəyi daha çoxdur, nəinki İŞİD-in mərkəzi sayılan Raqqaya. Bu isə bilavasitə Rusiya ilə PYD terror qruplaşmasının sövdələşməsinə uyğun davranışdır ki, o da Moskvanın geosiya maraqlarına xidmət edir. 
Bu isə təbii ki, ABŞ-ı narahat edir. Əvvəla ona görə ki, İŞİD-lə mübarizədə ABŞ koalisiyasının planlarını ləngidir və İŞİD-in Suriyada daha çox qalmasına şərait yaradır. Bu isə Rusiya və Əsəd rejiminin siyasi maraqlarına xidmət edən bir oyundur. Çünki İŞİD-in varlığı Əsəd rejiminin ömrünün uzadılması üçün münbit bir mühitdir. İŞİD ABŞ koalisiyası tərəfindən ortadan qaldırılırsa, təbii ki, belə bir şəraitdə Əsəd hakimiyyətinin varlığına da ehtiyac qalmayacaq və tezliklə yeni keçid hökümətinin yaradılması ilə bu rejimin varlığına son qoyulacaq.
İkincisi də ABŞ anlayır ki, vəziyyətin bu istiqamətdə inkişafı Türkiyənin strateji maraqlarını təhdid edəcək ki, bu da bölgədə Türkiyə-Rusiya, sonra da NATO-Rusiya savaşına rəvac verə bilər.
Bütün bunları Rusiya da bilməmiş deyil. Və Rusiya NATO gücüylə savaşa bilmək gücündə olmadığını və regiondakı güclərinin tamamilə NATO güc mexanizmləri ilə çevrələndiyini və savaş başlarsa, bunun Rusiyanın birdəfəlik bölgədən çıxarılmasına səbəb olacağını da anlayır. Bəs onda sual oluna bilər ki, Rusiya nədən savaşa yol aça biləcək davranışlara yol verir?
Bu, Rusiyanın hər şeydə üstün olduğu üçün deyil və bunu qətiyyən belə qəbul etmək lazım deyil. Bu, sadəcə Rusiyanın 2008-ci ildə Gürcüstanla savaşdan sonra Qərb dünyasının verə bilmədiyi təpkilərlə bilavasitə əlaqəlidir. Məhz Qərbin Rusiyanın aqressiyasına qarşı adekvat davrana bilməməsi Moskvanı təhdidedici, basqıcı bir siyasət yürütməsinə rəvac verdi. Bu, Ukraynada, Suriyada, Baltikyanı ölkələrin və Türkiyənin hava sərhədlərinin pozulmasında da belədir.
Əgər Rusiya real olaraq qarşısında NATO gücünü hiss edərsə, dərhal geri çəkilməsi və danışıqlara başlaması an məsələsi olacaq və buna heç bir şübhə yeri yoxdur. Çünki Rusiya indiki maliyyə resursları ilə nəinki NATO ilə, heç Türkiyə ilə regionda savaş aparmaq qüdrətində deyil.
Ona görə də prosesin gələcəyi daha çox Türkiyənin nə qədər qətiyyətli davarana bilməsi, Rusiya-Türkiyə prezidentlərinin görüşüb, bu problemləri çözməsi və təbii ki, ABŞ-ın prosesə müdaxiləsindən asılı olacaq. Bu isə iki formada baş tuta bilər. Birincisi, Türkiyə və Rusiya prezidentləri görüşür və qarşılıqlı maraqlar müqabilində krizisi həll edirlər. İkincisi isə Rusiya Türkiyə prezidenti ilə görüşdən imtina edir və bölgədə gedən proseslərdə hegemon güc olan ABŞ-la bu məsələləri çözməyə və geosiyasi bazarlıqlara üstünlük verir.
Bu variantlardan hansının olacağını isə çox yaxın zaman çərçivəsində görəcəyik. Hər bir halda savaş arzuolunan bir durum deyil və təbii ki, əgər Rusiyada özünə hesabat verə biləcək soyuq başlar hələ də qalıbsa, böyük savaşın çıxmasına rəvac verilməyəcək. Çünki bu, Rusiyanın maraqlarına heç də uyğun deyil.
Natiq Miri