Türkiyə regional güc olur: Berlin nəzərə almalıdır...

Almaniya kansleri Angela Merkelin güclü hökumət qurmağı bacara bilməməsi onun Avropa Birliyindəki rolunu da zəiflədib.
 
Bunu “Doyçe Velle”yə açıqlamasında Avropa Xarici Əlaqələr Şurasının Berlin bürosunun rəhbəri Jozef Janninq söyləyib.
“Merkel əfsanəsi bitib. Artıq avropalılar da Merkelin hamı kimi olduğunu anlayırlar. O, siyasi həyatında çata biləcəyi ən yüksək yerə gəldi və artıq vəzifəsini sona çatdıra bilər. Almaniyada siyasi böhran müvəqqətidir”, – deyə o bildirib.
Onun sözlərinə görə, yeni Almaniya hökuməti Türkiyə-Almaniya münasibətlərinə xüsusi diqqət yetirəcək:
“Türkiyə artıq Avropa Birliyinə tam üzv olmaq yolunda irəliləyən ölkə deyil. Türkiyə regional güc olmaq istəyir və bu yolda irəliləyir. Ankara öz xarici siyasət maraqlarını hər şeydən üstün tutur. Türkiyə AB-ni siyasi ortaq kimi qəbul etməyə bilər, amma iqtisadi ortaq görməyə məcburdur".
Janninq ABŞ-ın Almaniyadakı siyasi böhrandan məmnun olduğunu deyib:
“Tramp administrasiyası Almaniyada hökumətin qurulması məsələsində yaranan problemlərdən narahat deyil. Hətta onlar buna görə çox sevinirlər. Zəif Almaniya Avropa ölkələrinin gözündə ABŞ-ı daha önəmli ölkəyə çevirəcək”.
Janninq həmçinin AB-də artıq yeni liderin də ortaya çıxdığını bildirib. Onun fikrincə, Almaniyada yaranmış böhran Fransaya sərf edəcək və yeni Prezident Emmanuel Makron Parisin Avropadakı mövqelərini daha da gücləndirəcək./axar.az