Türkiyə ordusundakı dəyişikliklər nə vəd edir?

Baxış sayı:
9322

Politoloq: “Orduda heyətin sayının çoxluğu, həmin ordunun mütləq şəkildə zəfər qazanacağı anlamına gəlməz”

Türkiyədə Hərbi Xidmət Qanununa edilən təkliflər Türkiyə Böyük Millət Məclisində (TBMM) qəbul edilib. Dəyişikliyə əsasən sıravi əsgərlər üçün hərbi xidmət müddəti 6 ay, gizir və zabitlər üçün isə 12 ay təyin edilib. Bundan başqa, hərbi xidmət Türkiyə vətəndaşı olan bütün kişilər üçün icbari olacaq.

Qeyd edək ki, bu vaxta qədər Türkiyədə hərbi xidmət müddəti sıravi əsgərlər üçün 1 il idi.

Məlum olduğu kimi Türkiyə hazırda geniş hərbi əməliyyatlar aparır. Həm daxildə, həm də xaricdə terroristlərə qarşı mübarizə aparan dövlət üçün orduda bu cür dəyişiklik hansı nəticələrə gətirə bilər?

“Yeni Müsavat”a danışan politoloq Toğrul İsmayıl hesab edir ki, qərarın Türkiyə ordusuna mənfi fonda ciddi təsiri ola bilməz: “Hərbi xidmət başqa şeydir. Türkiyə keçirdiyi əməliyyatlarda əsasən professional hərbiçilərdən istifadə edir. Hərbi xidmətin qısamüddətli olması, ordunu genişlətmək lazım olduğu zaman xalqa müraciət kimi məsələləri kənara qoymur. Yəni ehtiyac olduğu təqdirdə, xalqa müraciət etmək olar. Bu cür islahatlara isə ehtiyac var idi. Çünki Türkiyə artıq peşəkar orduya keçib. Ordu da, orada xidmət etmək də bir məsləkdir. İnsanların dolayısı ilə orduya gedib, orada uzun müddət zaman itirmələrindənsə, qısa vaxt ərzində təməl bilgiləri ala bilərlər.  Demək olmaz ki, artıq bu sistemə tam olaraq keçilib. Bəzi tənqidlər var. Ona görə də məsələlər hələ yerinə tam oturmayıb. Lakin ümumilikdə bu cür islahata ehtiyac var. Müharibə aparmaq başqa şeydir, cəbhədə yürüdülən savaşlar isə tamamilə fərqlidir”.

Politoloq bildirib ki, Azərbaycanda da bu cür sistemə keçid etməyə ehtiyac var: “Azərbaycan da peşəkar orduya ehtiyac duyur. Hazırda deyə bilərlər ki, bizim Qarabağ problemimiz var. Bəli, bu, belədir. Ancaq yuxarıda da qeyd etdiyim kimi müharibə aparmaq başqa şeydir. Bu zaman xalqın bütün kateqoriyaları cəlb edilir. Azərbaycan professional ordu ilə Qarabağ məsələsini də həll edib, digər uğurlara da sahiblənə bilər. Düşünürəm ki, 18-19 yaşında uşaqların ön xəttə aparılıb, orada şəhid olmalarının da məntiqi yoxdur. Yəni Azərbaycan kimi savaş içərisində olan bir dövlətin mənə görə çoxdan professional ordu sisteminə keçməsi lazım idi. Professional ordu demək, daha təcrübəli ordu, daha az itki deməkdir. Daha az bilgili komandir, daha çox itki verə bilir. Daha az sayda peşəkar heyət isə, daha çox uğur qazanır. Yəni orduda heyətin sayının çoxluğu, həmin ordunun mütləq şəkildə zəfər qazanacağı anlamına gəlməz. Çünki artıq çağımız texnologiya dövrüdür. Artıq orduda insan gücündən çox, texnologiyanın gücündən faydalanırlar. Biz gördük ki, ABŞ İraqdakı müharibəni ordu ilə deyil, texnologiya ilə apardı və qazandı. Quru qoşunlarının sayı, əslində klassik bir anlayışdır. Bizim də professional orduya keçərək, texnoloji yeniliklərdən daha çox istifadə etməyimiz lazımdır”.

T.İsmayıl bildirib ki, türk ordusu bu gün 5-10 min əsgərlər savaş aparır: “Türk ordusu çox böyük  rəqəmlərə, qüvvətə sahibdir. Ona görə də bu cür müqayisə mənə görə doğru deyil. Bu cür islahatlar sadəcə olaraq ehtiyacdır. Çünki cəmiyyətdə problemlər çıxır. Məsələn, dünyaca məşhur müğənni olan Tarkanın, uzunmüddətli əsgərə getməsi nə deməkdir? Yaxud da gənc və çox uğurlu elm adamı uzun müddət orduda olur, öz işindən uzaq düşür. Bunun özü də doğru deyil. Ona görə də bu, bir çıxış yoludur. Bəs mükəmməldirmi? Hesab edirəm ki, deyil. Ancaq mükəmməlliyə doğru hər zaman arayış var. Azərbaycanda bir zamanlar tələbə universiteti bitirən kimi əsgər aparırdılar. Heç imkan vermirdilər ki, bir ay dincəlsin. İndi yaxşı addım atıldı ki, magistraturadan sonra çağırış gəlir. Məndən olsa, bunu doktorantura səviyyəsinə qədər qaldırmaq olar. Hətta uğurlu insanların orduya alınmasının nə qədər məntiqli olduğunu da düşünmək gərəkdir. Söhbət elm, texnologiya sahəsindən gedir. Hansı ki, insanlar bu prosesdən qoparmaq, prosesin özünə zərər vermək kimidir. Bu isə təxminən xəyanət kimi bir anlamı verir”.

Politoloq söyləyib ki, orduda yaş məsələsinin heç bir önəmi yoxdur: “Türkiyədə orduya getdiyiniz zaman sizə maaş bağlanır. Burada yaş məsələsi önəm daşımır. Önəmli olan qaydalara əməl etməkdir. Məsələn, sovet dönəmində “dedavşina” kimi məsələlər var idi. Türkiyə ordusunda bu cür hallar yoxdur. Bu, yolverilməz haldır. Kiminsə 1-2 ay öncə gəlməsi, onu yeni gələndən ranqca üstün edə bilməz. Orduda üstünlük rütbə ilə müəyyən olunur. İkincisi də orduda olan da öz millətimizdir. Nə üçün bir-birimizə zülm etməliyik? Baxın, yuxarıda dediyim professional ordu modelinə keçdiyimiz zaman, bu cür hallar da ortadan qalxar. Hər kəs vəzifəsinə görə cavabdehlik daşıyır və daha sistemli xidmət aparır. Düşünürəm ki, zabitlərlə bağlı da müəyyən islahatlar aparmaq olar. Ümumilikdə, bu, çox həssas mövzudur. Ona görə də işin içərisində peşəkar hərbiçilərin olması lazımdır. Çünki hər dövlətin özünə xas özəllikləri var. Bugünkü savaşda texnologiya əsasdır. Əlbəttə ki, həyatını orduya vermək də başqa bir məsələdir. Məsələn, bir akademik də həyatını elmə verir. Ordu da bu cürdür. İnsan həyatını bütünlüklə orduya verir və onun üçün bütün şəraitin doğru-düzgün şəkildə inkişaf etdirilməsi lazımdır. Əsgərlərin, zabitlərin, yüksək rütbəli hərbiçilərin dövlət hər zaman qeydinə qalmalıdır. Çünki ordu ən vacib məsələlərdən biridir. Təbii ki, biz savaşdan yanaş deyilik. Ancaq barışı da əldə etmək üçün ciddi bir gücə ehtiyac var”.