Türkiyə nüvə silahına can atır? – Bir iddianın gerçək hədəfi

Baxış sayı:
9952

Hasan Oktay: “Bu cür xəbərlər beynəlxalq aləmdə Türkiyəni təhlükəli dövlət kimi göstərməyə xidmət edir”

Türkiyə “Akkuyu” Atom Elektrik Stansiyasında nüvə silahı istehsal etməyi planlaşdırır. Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu iddia ilə Cənubi Kipr Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri Storgos Andreas Pentaras çıxış edib.

Keçmiş kəşfiyyat şefinin iddiasına görə, “Akkuyu” layihəsində Türkiyə-Rusiya biznes əməkdaşlığının pərdəarxasında nüvə silahının istehsalı dayanır. Onun sözlərinə görə, “Akkuyu”da inşa ediləcək 4 reaktorun nüvə enerjisinin istehsalı ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. “Bu 4 reaktordan nüvə silahı və bombasının istehsalı üçün istifadə ediləcək” - Pentaras əlavə edib.

Qeyd edək ki, “Akkuyu” atom elektrik stansiyası dinc məqsədlidir. Rusiya və Türkiyə hökumətləri arasında əldə olunmuş razılaşmaya əsasən Akkuyu nüvə stansiyasını Rusiyanın “Rosatom” şirkəti tikəcək. Layihənin dəyəri 22 milyard dollar qiymətləndirilir. “Rosatom”un direktoru Sergey Kiriyenko “Akkuyu”nun açılış mərasimində bildirib ki, nüvə stansiyası möhkəm bünövrə üzərində inşa olunacaq. Onun sözlərinə görə, əgər Yaponiyada Fukuşima stansiyasında bu cür möhkəm özül olsaydı, bu qəza baş verməzdi.

Mersin şəhərində inşa edilən “Akkuyu”da hər biri 1200 MVt gücündə olan 4 reaktor quraşdırılacaq. Hazırda Türkiyədə 56 min MVt elektrik enerjisi istehlak edir. Beləliklə, “Akkuyu” ölkənin elektrik enerjisinə olan tələbatının 12 faizini ödəyəcək. daha əvvəl stansiyanın 2020-ci ildə fəaliyyətə başlayacağı bildirdilsə də, hazırda proqnozlara görə “Akkuyu” 2023-cü ildə fəaliyyətə başlayacaq.

Qeyd edək ki, hazırda dünyada elektrik enerjisinin 11 faizi nüvə enerjisindən əldə olunur. ABŞ və Rusiyada isə elektrikin 19 faizi nüvə enerjisindən alınır. Hazırda ABŞ-da 100, Rusiyada isə 39 nüvə stansiyası var. O cümlədən hər iki ölkədə 5 nüvə stansiyası tikilir. Yeri gəlmişkən, Türkiyə hazırda ərazisində nüvə silahının olduğu azsaylı ölkələrdən biri olsa da, bu silahlar ABŞ-a məxsusdur. Türkiyə hökuməti nüvə silahı əldə etmək niyyətinin olmadığını bəyan edib.

Ancaq son illərdə Rusiya və Türkiyənin yaxınlaşması, üstəlik, regional məsələlərdə yaxından əməkdaşlıq etməsi müşahidə olunur. Rusiya rəsmiləri Ankara və Moskvanın Aralıq dənizinin şərqində birgə əməkdaşlıq edə biləcəyini bildiriblər. Görünür ki, bu açıqlamalar və Türkiyənin nüvə stansiyası inşası Cənubi Kiprdə narahatlıq doğurub.

“Kafkassam” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Hasan Oktay bu iddiaların əsasının olmadığını deyir. “Yeni Müsavat”a açıqlamasında H.Oktay bildirdi ki, bu cür xəbərlər Türkiyəyə qarşı gözdən salma kampaniyasıdır: “Türkiyə “Akkuyu” nüvə stansiyasını tamamən mülki məqsədlər üçün inşa edir. Bu stansiya gələcəkdə elektrik enerjisi istehsal edib Türkiyə iqtisadiyyatına dəstək verəcək. Cənubi Kiprdə belə bir xəbərin yayılması gözlənilən idi. Çünki hazırda Aralıq dənizinin şərqində enerji müharibəsi davam edir. Türkiyənin haqlı mövqeyini baltalamağa yönəlik bu cür xəbərlər beynəlxalq aləmdə Türkiyəni təhlükəli dövlət kimi göstərməyə xidmət edir”.

Hasan Oktay ile ilgili görsel sonucu

Hasan Oktay deyir ki, Türkiyə müttəfiq ölkələrlə hər cür silah və texnika istehsalı layihəsinə daxil ola bilər, çünki suveren dövlət olaraq bu, onun haqqıdır. Lakin onun fikrincə, rəsmi Ankaranın nüvə silahı istehsalı ilə bağlı hər hansı planı yoxdur və bu cür xəbərlər isə daha çox məqsədli gözdən salmaya xidmət edir: “Akkuyu ilə bağlı xəbərlər bu mənada məqsədlidir. Çünki Türkiyənin indi nüvə silahına hər hansı ehtiyacı yoxdur. Hazırda Türkiyənin daha çox ehtiyac duyduğu iqtisadiyyatın inkişafı, sənaye istehsalına təkan verəcək enerji mənbələrini əldə etməkdir. Bu cür xəbərlər Türkiyənin beynəlxalq aləmdə öz haqlı mövqeyini müdafiə etmək üçün apardığı mübarizəyə zərbə vurmaqdır. Nəzərə almaq lazımdır ki, Türkiyə Rusiya ilə anlaşmadan əvvəl təxminən 50 il ərzində nüvə stansiyası inşası ilə bağlı ABŞ-la nəticəsiz danışıqlar aparıb. Ancaq bu danışıqlar nəticə vermədi və sonda Ankara Moskva ilə bu mövzuda anlaşa bildi. Güman ki, indi buna görə əvəz çıxırlar. Böyük dövlətlər özləri edə bilmədiklərini kiçik dövlətciklər və təşkilatların əli ilə edir. Düşünürəm ki, Türkiyə ABŞ və Rusiya ilə əlaqələrini inkişaf etdirib dünyada sülhə töhfə verə biləcək”./musavat