“Türkiyə Liviyada ciddi çətinliklərlə qarşılaşa bilər” – QABİL HÜSEYNLİ

Baxış sayı:
2963

“Haftara silah verən və onu döyüşlərə ruhlandıran Rusiya olub”
 
Dünən Türkiyə prezidenti Rəcəb Təyyub Prezident Ərdoğan  Türkiyə Böyük Millət Məclisində (TBMM) Qrup yığıncağında atəşkəs mətnini imzalamadan Moskvadan qaçan liviyalı qiyamçı marşal Haftara xəbərdarlıq edib.
“Türkiyə müdaxilə etməsəydi hazırda qiyamçı Haftar bütün ölkəni ələ keçirmiş, Liviya xalqının hamısı zülmün pəncəsinə düşmüş olacaq idi”, - deyə Ərdoğan bildirib.
Nəzərə çatdıraq ki, “Al-Hadat” telekanalı Liviya Milli Ordusunun komandanı Xəlifə Haftarın ölkədə vəziyyətin nizama salınması üzrə keçiriləcək Berlin konfransında iştirak edəcəyini bildirsə də, Liviya Milli Ordusunun komandanlığı və ya marşal özü hələ bununla bağlı rəsmi bəyanat yaymayıb.
Bununla belə, yanvarın 19-da Berlində keçiriləcək konfransda Rusiya, ABŞ, Çin, Böyük Britaniya, İtaliya, Fransa, Türkiyə, Misir, Əlcəzair, Birləşmiş Ərəb Əmirlikləri, Konqo Respublikası, həmçinin BMT, Avropa Birliyi, Afrika İttifaqı və Ərəb Dövlətləri Liqasının nümayəndələri iştirak edəcəklər.
Beynəlxalq konfransa Liviya Milli Razılıq Hökumətinin rəhbəri Faiz Sarrajın da dəvət edildiyi bildirilir.
Yeri gəlmişkən, yanvarın 13-də Liviya Milli Ordusunun rəhbəri Xəlifə Haftarın Moskvaya səfəri zamanı tərəflərə atəşkəs haqqında müqaviləni imzalamaq təklif edilsə də, Haftar bir gün vaxt istəmişdi, həmin vaxt isə bitib. İndi isə Liviyada gedən proseslərlə bağlı gözlər yanvarın 19-da Berlində keçiriləcək beynəlxalq konfransa dikilib. Görəsən, Ərdoğan Liviyada istədiyinə nail ola biləcək?
“Hürriyyət” sualını cavablandıran keçmiş dövlət katibi, politoloq Qabil Hüseynli dedi ki, Türkiyənin potensialı da, hərbi gücü də böyükdür, amma Liviya əməliyyatlarında, proseslərində iştirak etmək nə qədər məntiqliqdir, nə qədər Türkiyənin strateji maraqlarına cavab verir, bunu söyləmək bir qədər çətindir: “Çünki Liviya demək olar ki, destablizə edilib, ciddi vətəndaş qarşıdurması vəziyyətindədir. Üstəlik də digər ərəb ölkələrinin, Ərəb Liqasının, hamısının barmağı Liviyadadır və Türkiyənin oraya gəlməsini istəmirlər, hətta bunu bəzi Avropa ölkələri də istəmir. Belə bir çətin şəraitdə hələ Suriya problemini bitirməmiş, bu problemin içindən çıxmamış yeni bir macəra axtarmaq mənim zənnimcə, Türkiyəyə lazım deyildi. Xüsusilə Haftar kimi qiyamçı və qanuna hörmət etməyən Səddam tipli adamın yenidən zühur etməsi Liviya xalqı üçün ciddi  bəlalar törədəcək və əgər Türkiyə bu prosesin içinə girsə, o da ciddi çətinliklərlə qarşılaşmalı olacaq”.
 
“Haftara silah verən və onu döyüşlərə ruhlandıran Rusiya olub”
 
“Ərdoğanın da dediyi kimi, bundan sonra Haftarla bağlı bütün məsuliyyət Rusiyanın  üzərinə düşür. Çünki ona silah da, hətta canlı qüvvə verən (red-“Vaqner” dəstələrini nəzərdə tutur) də Rusiyadır. Yəni Haftarın taleyi Rusiyanın əlindədir. Çünki ona silah verən və onu döyüşlərə ruhlandıran Rusiya olubdur”,-deyə politoloq əlavə etdi.
Berlin konfransının çox mühüm konfrans olduğunu vurğulayan Q. Hüseynli qeyd etdi ki, bu, beynəlxlaq konfransıdır, Rusiyanın Haftarla Liviyanın qanuni hökumətinin başçısını görüşdürmək məsələsi deyil: “Burada qəbul edilən qərarlar elə həmin ölkələrin özlərinə də tapşırılacaq. Yəni Haftar Berlin konfransında iştirak etdi-etmədi, orada qərarlar qəbul ediləcək. İştirak etsə, daha yaxşı olar, daha tez sülhə nail olmaq olar. Yox, əgər iştirak etməyəcəksə, Berlin konfransı işini davam etdirib, qərarlar qəbul edəcək və həmin qərarların icrasını da tələb edəcək”.
 
“Liviyada sülh sazişinin əldə edilməsi Haftarın vəzifədən götürülməsindən keçir”

“Berlin konfransında nə kimi qərarlar qəbul oluna bilər” sualına Hüseynlinin cavabı belə oldu: “Haftar Liviya ordusunun rəhbəri idi. O, birdən- birə qiyam qaldırıb, öz qanuni hökumətinə qarşı çıxıb. Əslində, bu, cinayət əməli törədib, ölkədə də xeyli qırğın törədib. Məncə, ilk oncə, Haftarı Liviya  ordusunun başçısı vəzifəsindən kənarlaşdırmağa cəhd edəcəklər. Əgər bu, alınmasa, onu qanuni hökumətlə barışdırmağa çalışacaqlar. Amma Liviyada sülh sazişinin, dincliyin əldə edilməsi Haftarın vəzifədən götürülməsindən keçir. Haftar vəzifədə qalandan sonra, bu qoca köpək yenə də istədiyini etməyə çalışacaq”.
 
“Haftarı bu yola təhrik edən ərəb dövlətləri var”
 
Haftarın sülh sazişini imzalamamaq üçün Moskvada aradan çıxdığını diqqətə çatdıran Q. Hüseynli bildirdi ki, saziş tərəflərin atəşkəs rejimini elan etməsi və buna riayət etməsi üçün idi: “Haftar isə bundan qaçdı. Yəqin ki, onu bu yola təhrik edən ərəb dövlətləri var. Başda Misir, Səudiyyə Ərəbistanı olmaqla, bir sıra dövlətlər Haftarı çevriliş edib, qanuni hökuməti yıxmağa çağıran ölkələrdir. Bu ölkələr Haftara ruh verirlər”.
“Rusiya köməyi kəsərsə, Türkiyənin necə hərəkət edəcəyini mən hələ bilmirəm. Türkiyə ölkədə fetöçuları tutmaqda davam edir. Bir tərəfdən də ölkədən kənarda müharibə aparır. Məntiqlə bunları başa düşmək o qədər də asan deyil”,-deyə politoloq söylədi.
 
“Ərdoğanın özü də bu saat Rusiyaya inanmaqda çətinlik çəkirsə…”
 
Q. Hüseynlinin sözlərinə görə, Rusiya elə dövlətdir ki, onun nə edəcəyini qabaqcadan proqnozlaşdırmaq  mümkün deyil: “Ərdoğanın özü də bu saat Rusiyaya inanmaqda çətinlik çəkirsə, biz nə haqla Rusiyanın Liviyadan çəkiləcəyini və Haftara kömək etməyəcəyini söyləyə bilərik? Mənim zənnimcə, Rusiya orada olan muzdluların Rusiyanın mərkəzi hakimiyyətinə tabe olmadığını, özəl qüvvələr olduğunu deyər və bununla da vəziyyətdən yaxasını qurtarmağa çalışır”.
 
Şamo EMİN,
Hurriyyet.org