«Türkiyə Krımı, Rusiya isə Şimali Kipri tanısın» – Türkiyəli professor

Baxış sayı:
5998

Beynəlxalq münasibətlər üzrə ekspert, professor Hasan Ünal hesab edir ki, Türkiyə Krımı Rusiya ərazisi kimi, Rusiya isə Şimali Kipr Türk Respublikasını tanımalıdır.

«Aydınlıq Qazetesi»-nin yazdığına görə, Rusiya və Türkiyənin ümumi maraqları mövcuddur. Ona görə də Vaşinqtonu mövcud problemlərin tənzimlənməsi prosesindən kənarlaşdırmaq lazımdır.

Ekspert bölgədə sakitliyin təmin olunmasına və Rusiya ilə münasibətlərin gələcək inkişafına yönəlmiş təkliflər səsləndirib. Ünal qeyd edib ki, bölgədəki qeyri-sabit vəziyyətin arxasında Amerika Birləşmiş Ştatları (ABŞ) dayanır və çox vacibdir ki, Vaşinqton mövcud probemlərin tənzimlənməsi prosesindən kənarlaşdırılsın. O, həm də qeyd edib ki, dünyada və Türkiyənin də yerləşdiyi bölgədə balans dəyişir.

«Mən, prezident Ərdoğanın yerində olsaydım, Putinə təklif edərdim ki, Şimali Kipr Türk Respublikasının Moskvada nümayəndəliyinin açılmasına icazə versin. Onun xarici işlər nazirliyi bəzi tədbirlərə dəvətlər göndərərdi. Bununla birlikdə, təklif edərdim ki, Rusiya Şimali Kipr Türk Respublikasına aviareyslər açsın, bunun qarşılığında isə «Türkiyə hava xətləri» Krıma reyslər təşkil edərdi. Növbəti mərhələdə, Türkiyə Krımı Rusiya ərazisi kimi tanıyardı, Rusiya isə rəsmi olaraq, Şimali Kipr Türk Respublikasının müstəqilliyini tanıyardı» – deyə, Ünal bəyan edib.

O, həm də əlavə edib ki, Türkiyənin Kiprdə böyük hərbi-dəniz bazası yaratması kəskin ehtiyaca çevrilib.

«Şərqi Aralıq dənizi bölgəsində daim gərginlik artır. Türkiyə kənar müşahidəçi mövqeyində qala bilməz. Türkiyə bunları qarşılamaq üçün nəhəng, effektiv dəniz bazası yaratmalıdır. Bu bazanın təhlükəsizliyi S-400 RZK-nin köməyi ilə təmin olunmalıdır. Suriyada Rusiyanın nəhəng dəniz bazası yerləşir. Onlar Şərqi Aralıq dənizində birlikdə fəaliyyət göstərə bilərlər. Əgər Rusiya Şimali Kipr Türk Respublikasını tanıyarsa, Rusiya ilə həm də yeni hərbi saziş də bağlamaq olar» – deyə, ekspert əlavə edib.