"​Türkiyə Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyir" — POLİTOLOQ RƏYİ

Muxalifet.az xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Ərdoğanın səfərinin vaxtının hələlik məlum olmadığını bildirib. Türk səfirin sözlərinə görə, prezidentin yaxın zamanda Azərbaycana səfəri gözlənilir: “Bu yaxınlarda prezident Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfər edəcək. Azərbaycana səfərin tarixi tam müəyyənləşməsə də, səfərin yaxın zamanlarda olacağı bəllidir”.
Səfir əlavə edib ki, artıq Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi başa çatıb və çox yaxında açılışı olacaq. Prezidentin səfərinin dəmir yolunun açılışı ilə bağlı olub-olmamasına da münasibət bildirən E. Özoral vurğulayıb ki, onlar ayrı proqramdır: “Prezident dəmir yolunun açılışına kimi də gələ bilər. Ümumiyyətlə, bu ilin sonuna kimi bir çox nazirin Azərbaycana səfəri gözlənilir. Türkiyənin ətraf mühit və şəhərsalma naziri, ailə və sosial siyasət nazirinin Azərbaycana gəlməsi nəzərdə tutulur”.
Azərbaycanlı siyasətçilər isə düşünürlər ki, Türkiyə ilə Azərbaycan hökumətlərinin danışılacaq və razılığa gələcək çox məsələ var. Politoloq Zərdüşt Əlizadə “Ölkə.Az”a açıqlamasında bildirib ki, bu danışıqlarda Dağlıq Qarabağ münaqişəsi müzakirə olunsa belə, əss mövzu bu deyil.
“Dağlıq Qarabağ məsələsini Türkiyə həll etmir. Türkiyə bu məsələdə Azərbaycanı dəstəkləyir və Azərbaycan hakimiyyətinin yanındadır. Lakin bu münaqişənin həlli Türkiyədən birbaşa asılı deyil”, - deyə siyasətçi bildirib.
Qaldı ki, Ərdoğanın Azərbaycan səfərində hansı məsələlərin müzakirəsinə, Z.Əlizadə deyir ki, müzakirə ediləsi çox məsələ var:  “Türkiyə ilə Azərbaycan arasında neft, qaz və Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi barədə müakirələr aparıla bilər. Bundan başqa, iki ölkə rəhbəri qarşılıqlı ticarət barədə danışa bilərlər. Bundan başqa, Rusiya və İranla münasibətlər də müzakirə edilə bilər. Lakin düşünürəm ki, səfərin əsas məqsədi kürd məsələsidir.  Çünki kürd məsələsilə bağlı Azərbaycan da diqqət mərkəzindədir. Xarici qüvvələr istəsələr bu məsələdə Azərbaycana da toxuna bilərlər. Çünki 1920-ci illərdə Sovet Kürdüstanı (“Qırmızı Kürdüstan”) vardı. Beynəlxalq oyunçular istənilən anda Azərbaycanı da kürd məsələsinə qata bilərlər. Düşünürəm ki, iki dost-qardaş dövlətin siyasətlərinin uyğunlaşdırılması üçün dövlət başçılarının görüşməsi faydalıdır”.