Türkiyə Azərbaycana yeni silahlar verəcək - Ermənilərin "Bakı hücum fürsəti gözləyir" təlaşı

Baxış sayı:
495

Rusiyanın nüfuzlu hərbi nəşri yeni türk silahının üstünlüklərindən yazdı; Azərbaycanla qardaş ölkə arasında hərbi əməkdaşlıq yeni fazaya keçir, “vahid millət, ortaq ordu” - niyə də olmasın?..

Azərbaycanın NATO üzvü Türkiyə ilə tarixi dostluğu və davam edən müttəfiqliyi təkcə ərazisinin 1/5-i işğalı altında olan ölkəmiz üçün, onun milli maraqları üçün önəm kəsb etmir.

Eyni zamanda, regional təhlükəsizliyin təminatında yetərincə çəkindirici faktor rolundadır. İki qardaş ölkənin xüsusən də hərbi sahədə ilbəil dərinləşən əməkdaşlığı, o sırada intensivləşən birgə hərbi təlimlər, Naxçıvanda qurulan müasir hərbi sistemlər Ermənistana göz dağı, açıq siqnaldır ki, onun Azərbaycan torpaqlarını uzun müddət işğal altında saxlaması mümkün olmayacaq. Daha dəqiqi, erməni təcavüzünə son veriləcək gün elə də uzaqda deyil.

Söz düşmüşkən, bu arada Türkiyənin özünün yeni güclü silahı - “Hisar -A” yaxın mənzilli havadan müdafiə sistemlərinin seriya istehsalına hazırlaşdığı barədə xəbər yayılıb. “Yeni Müsavat”ın Türkiyə qaynaqlarına istinadən verdiyi məlumata görə, bu komplekslər 2021-ci ildən ordunun silahlanmasına daxil ediləcək. Bildirilir ki, həmin müdafiə sistemlərin istehsalını “Roketsan” raket istehsalçısı və  hərbi elektronika sahəsində ixtisaslaşan “Aselsan” şirkəti birgə həyata keçirəcək.

“Texniki xarakteristikalara gəlincə, ”Hisar -A" şaquli antiraket zərbələri hesabına istənilən hava hədəflərini vurmağa imkan verir. Kompleksin tərkibinə üç koordinatlı radar, elektro-optik hesablayıcı qurğu və atəşi idarə edən sistem daxildir. Qarşısına qoyulan hədəfləri baxımından Rusiyanın ZRK “Top” sistemləri ilə müqayisə edilə bilər"  - Rusiyadakı nüfuzlu “Voenniye vedomosti” (“Hərbi icmal” - red.) nəşri yazıb.

“Sistem mühüm inzibati və hərbi bazalar da daxil, hərbi obyektlərin, hava və dəniz limanlarının müdafiəsini təmin edir, hərbi qruplşamların yerdəyişməsi zamanı onları havadan qoruyur. ”Hisar -A" həmçinin, vertolyot və təyyarələr, pilotsuz uçan aparatlar, qanadlı raketlər və “hava-torpaq” sinfindən olan raketlərlə mübarizə üçün nəzərdə tutulur və heç sübhisiz, Rusiyanın S-350 komplekslərinin yer aldığı sırada yer alacaq", - deyə nəşr əlavə edib.

türkiyədən silah ile ilgili görsel sonucu

*****

Başqa sözlə, qardaş ölkə özünün hərbi-sənaye kompleksinin inkişafı baxımından növbəti, dost-müttəfiqləri sevindirəcək, düşmənləri kədərləndirəcək olduqca mühüm uğura imza atmaq ərəfəsindədir. Türkiyənin güclənməsi, silah alıcısından silah satıcısına çevrilməsi isə şübhəsiz ki, Azərbaycanın güclənməsi, Qarabağ məsələsində özünü daha güvənli hiss etməsi deməkdir.

Yeri gəlmişkən, məlumatlara görə, Ankara yeni sistemlər Türkiyə Ordusunun silahlanmasına daxil olan kimi onun ixracına da başlayacaq. “İxrac ölkələri isə dost dövlətlər, o cümlədən Azərbaycan, habelə Pakistan, Qətər və Orta Asiyanın bəzi ölkələri olacaq”, - deyə Türkiyə müdafiə sahəsi üzrə məmurlardan biri “Defense News”a bildirib.

Beləcə, iki qardaş ölkə arasında hərbi və hərbi-texniki əməkdaşlıq yeni fazaya keçmək ərəfəsindədir. Bunun həm Türkiyə, həm də Ermənistanla illərdir müharibə vəziyyətində olan Azərbaycan üçün şəkk-şübhəsiz bir sıra üstünlükləri var.

türkiyədən silah ile ilgili görsel sonucu

Əvvəla, belə silah ticarəti ilə Azərbaycan hansısa yad dövlətin, tutaq ki, Ermənistanın müttəfiqi Rusiyanın deyil, qardaş ölkənin büdcəsinə xeyir verir.

İkincisi, ordumuzun silah parkı və onun funksionallığı, təmiri, əvəzlənməsi Moskvadan daha çox, Ankaradan asılı duruma gəlir ki, bu da hərbi əməliyyatlar zamanı mühüm önəm kəsb edir.

Üçüncüsü, Rusiyanın analoji silahları ilə müqayisədə Türkiyə silahları daha ucuzdur. Keyfiyyəti isə geri qalmır.

Nəhayət, dördüncüsü, söhbət hava-hücumundan effektli müdafiədən gedir ki, əksər ekspertlərə görə, müasir dövrdə müharibənin aqibətini ən əvvəl ondan asılıdır. Azərbaycanın hərbi-hava qüvvələri, bütövlükdə ordumuz isə əcnəbi analitiklərin də təsdiqlədiyi kimi, Güney Qafqazda ən güclüdür.

*****

Azərbaycan Ordusunun hərbi və döyüş potensialının daha da artırılması üçün şübhəsiz ki, Türkiyə bundan sonra da əlindən gələni edəcək. “Bir millət, ortaq ordu” - niyə də olmasın? Qardaş ölkənin ali rəsmiləri bunu da zaman-zaman bəyan edir ki, Türkiyə Azərbaycanı heç vaxt yalnız qoymayacaq. Hər mənada - yetər ki, Azərbaycan kömək istəsin.

Yəqin ki, bu köməyə ehtiyac olmayacaq. Rusiyanın neytral qalması yetər ki, Azərbaycan işğalçının dərsini özü, artıqlaması ilə versin və öz ərazi bütövlüyünü qısa müddətdə bərpa eləsin. Bunu düşmən tərəfdə də artıq anlayıblar. Hər halda, 2016-cı ilin “aprel qulaqburması”, aprel dərsi var. Hansı məğlubiyyəti ki, işğalçı ölkədə yaradılan parlament komissiyası aylardır araşdırır. Acı etiraflar, ittihamlar səslənir. 

türkiyədən silah ile ilgili görsel sonucu

“Azərbaycan Aprel müharibəsində ön cəbhəyə silahlı qüvvələrinin 20%-ni cəlb etmişdi”. Bunu Ermənistan Baş Qərargahının keçmiş rəisi, general Norat Ter Qriqoryants deyib (Axar.az). “Erməni tərəfi komandirlərini, zabitlərini, əsgərlərini itirdi. Bizim tərəfimizdən aradan qaldırılmalı çatışmazlıqlar vardı. Hərbi işdə oxşar məntiq olmalıdır”, - deyə o bildirib.

Onun sözlərinə görə, Azərbaycan yeni hücum üçün uyğun zaman gözləyir: “Buna görə ordumuz hazırlıqla məşğul olmalı, bilik və təcrübəsini təkmilləşdirməlidir. Düşmən hərbi təlimə başlayanda biz hazır olmalıyıq. Belə ki, onlar qəfildən hərbi fəaliyyətə keçə bilərlər. Bir tərəfdən atəş açıb, digər tərəfdən hücum edə bilərlər”.

*****

Düşmən tərəfin təlaşı boşuna deyil. O gün mütləq gələcək. Azərbaycanın genişmiqyaslı təlimləri “X günü”ndə torpaqlarımızda kök salmış çağırılmamış qonaqlara qarşı real əməliyyatlara da keçə bilər...//musavat