Türkiyə, Azərbaycan və Pakistan arasında hərbi ittifaq yaratmaq mümkündürmü? – POLİTOLOQ ŞƏRH EDİR

Baxış sayı:
307

Türkiyə və Pakistan dövlətləri həmişə Azərbaycanın yanında olublar. Hər iki dövlət Azərbaycana hər cür vasitələrlə yardım edə biləcəyini dəfələrlə bəyan edib. Cəbhədəki son döyüşlərdən sonra da Türkiyə və Pakistan Azərbyacana açıq dəstək verdilər və hazırda Türkiyə hərbçiləri Azərbaycandadır. Bəs Azərbaycan, Türkiyə və Pakistan arasında hərbi-siyasi ittifaq yaratmaq mümkündürmü? Ümumiyyətlə, bu nə dərəcədə rela görünür? 

Məsələ ilə bağlı “Azsiyasət.com” saytına açıqlama verən politoloq Qabil Hüseynli bildirdi ki, hər 3 dövlət arasında belə bir hərbi-siyasi ittifaq yaratmaq mümkündür: “Sadəcə olaraq, bu istiqamtdə ciddi iş aparmaq və bu məsələni aktullaşdırmaq lazımdır. Təkcə 3 dövlət yox, məsələn, Şimali Kipr Türk Cumhurriyyətini yaradılacaq ittifaqa üzv etmək olar. Yaxşı olardı ki, daha ciddi və güc mərkəzi kimi qavranılması üçün orada ən azı 5 dövlət olsun”.

“Belə bir ittifaq yaranarsa, türk dövlətlərinin həmin ittifaqda təmsil olunması mümkündürmü?” sualına Q.Hüseynli belə cavab verdi:

“Türk dövlətləri içərisində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (MTMT) kənarda qalan tək Özbəkistandır, o da Rusiyaya meyllidir. Onlar Rusiyanın tam təsirindən çıxa bilməyiblər, hələ də Rusiya qorxusunu hiss edirlər”.

Q.Hüseynli daha sonra qeyd edib ki, Pakistan canı, qanı ilə həmişə Azərbaycanın yanında olub:

“Tovuz hadisələri zamanı da, ondan əvvəl də, bütün məsələlərdə “Azərbaycanı hər cür vasitələrlə müdafiə etməyə hazırıq” deyib. Bu münasibətləri artıq hərbi sazişə çevirmək lazımdır. Azərbaycanın ərafında onu müdafiə edən dövlətlərin bir həlqəsinin yaradılması üçün böyük imkanlarımız mövcuddur. Bu imkanların reallaşdırılması istiqamətində gərgin, diplomatik və siyasi işlərin aparılması tələb olunur. Azərbaycan syasi rəhbərliyinin bununla bağlı müəyyən fikirləri olmalıdır. Sadəcə olaraq, bu fikirləri reallığa çevirmək üçün düzgün iş aparılmalıdır”.

“Bəs Rusiyanın reaksiyası necə olacaq?” sualına cavabında Q.Hüseynli qeyd edib ki,

“Məncə, Rusiyanın reaksiyasından keçib. Rusiya üçün ən arzuedilməz vəziyyət Türkiyənin Azərbaycanı indiki şəkildə – hərbi-siyasi ittifaq yaradılması şəklində dəstəkləməsi idi. Rusiya nə qədər nüvə silahına malik olsa da, Türkiyədən çəkindiyi qədər heç bir dövlətdən çəkinmir, hətta ABŞ-dan da o qədər çəkinmir. Pakistana da real güc, real nüvə dövləti və eyni zamanda, müsəlman dövlətləri içərisində ən inkiaf etmiş ölkələrdən biri kimi yanaşır. Pakistanın Azərbyacanı dəstəkləməsinə qətiyyən səs çıxara bilməz. Çünki Rusiyanın ətrafında kifayət qədər ona qarşı olan qüvvələr var, daxili vəziyyəti sabit deyil, əhalinin etirazları var. Üstəlik də, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar getdikcə gücləndirilir. Mənə belə gəlir ki, pandemiyanın sonunda Rusiyaya qarşı sanksiyaların yeni dalğasını gözləmək olar”.