​“Türkiyə Atatürk modelinə qayıdarsa, bu, onun iqtisadiyyatının sonu ola bilər”

Baxış sayı:
3094

“Türkiyə Atatürk modelinə qayıdarsa, bu, onun iqtisadiyyatının sonu ola bilər”

Natiq Cəfərli: "Dövlətin nəzarəti altında olan bazar iqtisadiyyatı modelinə keçiddən sonra yatırımcılar sürətlə ölkədən çıxacaq"
Qubad İbadoğlu: "Türkiyədə lirə böhranı, ilk növbədə, bankları və yerli istehsal şirkətlərini sıradan çıxaracaq və onların müflisləşməsini şərtləndirəcək"

"Şirkətlərin Türkiyə bazarına güvəni alarsa, onda bu, iqtisadiyyatda böyük çaxnaşmalara səbəb ola bilər"
"ABŞ və Avropa ilə diplomatik gərginlik, ticarət müharibəsi aradan qaldırılmalı, beynəlxalq maliyyə kredit təşkilatları ilə danışıqlara başlanmalıdır"
Acı da olsa, etiraf etmək lazımdır ki, ABŞ-ın Türkiyəyə qarşı elan etdiyi iqtisadi savaş, son günlər qardaş ölkənin ciddi maliyyə böhranı ilə üz-üzə qalmasına, lirənin dollar qarşısında dəyərdən düşməsinə səbəb olub. Məhz buna görə də rəsmi Ankara mövcud vəziyyətdən az itki ilə çıxmağın, o cümlədən ABŞ-a adekvat cavab verməyin yollarını axtarmaqdadır. Artıq bununla bağlı bir sıra təkliflər irəli sürülüb. Belə ki, Türkiyə Energetika Bazarları Siyasəti İnstitutunun direktoru Volkan Özdemir qardaş ölkənin maliyyə böhranından çıxması üçün Atatürk modeli, yəni Çin nümunəsi üzrə dövlət kapitalizmi iqtisadi modelinə keçməsini təklif edib.
Onun sözlərinə görə, maliyyə böhranıyla qarşılaşan Türkiyə bunun öhdəsindən gəlmək üçün Çin nümunəsi üzrə dövlət kapitalizmi iqtisadi modelinə keçməyə məcburdur: "Mənim nöqteyi-nəzərimdən liberal iqtisadiyyat Türkiyə üçün faydalı deyil. Biz dövlət kapitalizmi şəraitində çinlilərin necə müvəffəqiyyətli olduğunu görürük. Rusiyada da həmçinin dövlət kapitalizmi var və Türkiyə belə yolla getməlidir. Türkiyədə gənclərin payı böyükdür və bu, istehsal üçün böyük potensialdır. Amma inandırıcı deyil ki, özəl sektor üçün ondan istifadə etmək olar. Deməli, Türkiyə 1930-cu illərdəki Atatürkün iqtisadi siyasətinə qayıtmalıdır, yəni özəl sektor saxlanılmalıdır, amma dövlət sektoru ən əhəmiyyətli olmalıdır". Özdemir bildirib ki, bugünkü iqtisadi modellə Türkiyə iqtisadiyyatdakı mənfi ssenarilərdən qaça bilməyəcək. O, hesab edir ki, Türkiyə iqtisadi siyasətində struktur dəyişikliyi lazımdır: "Uzunmüddətli perspektidə Türkiyə öz iqtisadi modelini və siyasətini dəyişdirməlidir: daha az idxal, daha çox malı ölkə daxilində istehsal etmək, idxalatçıların iqtisadiyyatından eksportçuların iqtisadiyyatına keçmək".
Məlumat üçün bildirək ki, bu gün Çin hökümətinin yürütdüyü iqtisadi siyasət əsasən dövlət bankları və dövlət korporasiyalarının xeyrinədir. Belə ki, dövlət bankları əhalidən əmanətləri ucuz faizlərlə, yəni inflyasiya dərəcəsindən aşağı fazilərlə cəlb edir, sonra bu pulları dövlət koorporasiyalarına və şirkətlərinə ucuz faizlərlə kredit kimi verirlər. Məhz bunun nəticəsində Çin "yüksək sürətli dəmiryolu və qatarlar" kimi bahalı layihələr həyata keçirə bilir. Bəzi ekspertlər Çinin iqtisadi modelini dövlət kapitalizmi və ya qırmızı kapitalizm adlandırırlar. Çünki rəsmi Pekin sürətli iqtisadi artıma böyük həcmli ixrac və dövlət investisiyaları ilə nail ola bilib. Hazırda iqtisadi inkişafın ən geniş yayılmış ABŞ modelində isə özünü tənzimləyən bazar mexanizmi, məhsul istehsalı və xidmət sahəsinə dövlətin müdaxiləsi olduqca zəifdir. Əsas üstünlük bazar dəyişikliklərinə tez uyğunlaşa bilən nəhəng iqtisadi mexanizm və sahibkarlıq aktivliyinin yüksək səviyyədə mövcud olması, daxili və xarici bazarın həcminin böyük və əhalinin həyat səviyyəsinin yüksək olmasıdır. Sosial yönümlü bazar iqtisadiyyatı modeli isə daha çox Avropa ölkələrinə aiddir. Nəzərinizə çatdıraq ki, iqtisadi inkişafın Yaponiya modelinin əsas xüsusiyyəti milli maraqların reallaşdırılması naminə əməyin, dövlətin və kapitalın (həmkarların, sənayeçilərin və dövlətin) səmərəli qarşılıqlı əlaqəsidir. İnsan amilinə güclü arxalanmaq və cəmiyyət tərəfindən milli istehsala aktiv surətdə dəstək bu model üçün səciyyəvidir.

Maraqlıdır, görəsən liberal iqtisadiyyatdan imtina Türkiyəyə əlavə paroblemlər yarada bilərmi? Ümumiyyətlə, Çin modelinə keçid qardaş ölkəyə nəyə verə bilər? Bu və digər suallarla müraciət etdiyimiz iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, Türkiyə artıq uzun illərdir azad bazar iqtisadiyyatı modeli ilə inkişaf edir və bunun təqribən 50 ilə yaxın tarixi var. Odur ki, həm Türkiyə, həm də dünya yatırımcıları artıq buna öyrəşib: "Türkiyənin bu yoldan dönməsi, hər hansı bir idarə olunan, dövlət tərəfindən nəzarət altında olan bazar iqtisadiyyatı modelinə, hətta buna Çin modeli də desək, bu modelə keçmək istəsə, o zaman bu, Türkiyə iqtisadiyyatının sonu ola bilər. Çünki bundan sonra yatırımcılar sürətlə ölkədən çıxacaq. Türkiyə səhm bazarında təqribən 700-800 milyard dollara yaxın sərmayəni idarə edən xarici oyunçular var. Bu səbəbdən də Türkiyə iqtisadi modelini dəyişdikdə onlar dərhal bazardan çıxacaqlar. Bu da son nəticədə Türkiyə iqtisadiyyatının kollapsına səbəb ola bilər. Hətta 1 dolların 20 lirəni keçməsinə belə, gətirib çıxara bilər. Ona görə də belə bir modelə keçid mümkün deyil. Əslində bu, heç lazım da deyil".
Ekspertin sözlərinə görə, dünya təcrübəsi də sübut edir ki, bu gün ən uğurlu model rəqabətli bazar iqtisadiyyatı və bazarın özünün tənzimləyici gücünün olduğu bir modeldir: "Və bu rəqabətli bazar iqtisadiyyatı modeli həmişə uğura apara biləcək əsas şərtlərdən birinə çevrilə bilər. Bu nöqteyi-nəzərdən Türkiyənin belə bir modelə keçidi mümkün deyil. Hətta keçidi baş tutsa belə, bu, Türkiyə iqtisadiyyatına ciddi heç nə verməyəcək. Əksinə böyük problemlər yarada bilər. Mustafa Kamal Atatürkün dövründə dünya tamam fərqli idi. Belə ki, dünyanın indiki qədər qloballaşması, birjaların indiki gücü yox idi. Eyni zamanda, dünyada şirkətlərin sayı məhdud idi və səhm bazarı bu cür inkişaf etməmişdi. Bu səbəbdən də o dövrlə indiki dövrü bir tutmaq mümkün deyil. İndi tamam başqa, qloballaşma dövrüdür. Və dünya iqtisadiyyatının əsas oyunçuları şirkətlərdir. Bu şirkətlərin də Türkiyə bazarına güvəni alarsa, onda bu, Türkiyə iqtisadiyyatında böyük çaxnaşmalara səbəb ola bilər".
Yeri gəlmişkən, qeyd etməliyik ki, rəsmi Ankara Vaşinqtonun iqtisadi savaşına cavab olaraq ABŞ-dan idxal edilən elektrik məhsullarını boykot edib. Bunu Ədalət və İnkişaf Partiyasının (AKP) 16-cı simpoziumunda çıxış edərkən bəyan edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ABŞ-ın maliyyə sanksiyalarına qarşı edə biləcəkləri iki şey var: "Türkiyəyə qarşı açıq iqtisadi hücum var. Mütəşəkkil formada üstümüzə gəlirlər. Edə biləcəyimiz iki şey var: biri iqtisadi, digəri siyasi davranışdır. İqtisadiyyatın tələb etdiyi texniki tədbirləri gördük, görürük. Amerikanın elektrik məhsullarını biz boykot edəcəyik. Onların "Ayfon"u varsa, o biri tərəfdə "Samsunq" var. Öz ölkəmizdə "Vestel" var. Biz bunlardan istifadə edəcəyik. İşin arxasında başqa niyyətlər var. Özümüzə güvənirik. Biz sizinlə strateji ortaq deyilikmi? Somalidə bərabər olmadıqmı? Əfqanıstanda hər kəs bir tərəfə qaçarkən orada bərabər qalmadıqmı? Kosovada bərabər olmadıqmı? Bəs bu etdiyiniz nədir? Nə etmək istəyirsiniz? Amma bunu bilin, bu millətin xarakteri sağa-sola sovrulan deyil. Fabriklərimizi çox işlədəcəyik, sərmayələrimizə ara verməyəcəyik. Dünya qazan, biz çömçə. Daha çox çalışacağıq". Ərdoğanın açıqlamasından da göründüyü kimi, qardaş ölkə ABŞ qarşısında geri çəkilmək niyyətində deyil və sonadək mübarizə aparmaqda israrlıdır. Lakin unutmaq lazım deyil ki, Türkiyənin İndoneziya kimi yetərincə böyük rezervləri yoxdur ki, vəziyyət çətinləşdikdə iqtisadiyyatını xilas edə bilsin. Digər tərəfdən, "CreditSights" firmasından təhlilçi Richard Briggs də dediyi kimi, Türkiyədəki xarici valyutanın böyük qismi banklarda saxlanır və bu vəsaiti də müştərilər çıxara bilər. Yəni bu o deməkdir ki, Türkiyə valyutasının daha da ucuzlaşmasını önləməkdən ötrü onu almaq iqtidarında olmaya bilər. Durum pisləşərsə, ölkə borcunu maliyyələşdirməyə başqa yollar tapmalı olacaq. Bunlardan biri Beynəlxalq Valyuta Fondundan maliyyə yardımı almaqdır. Bir çox təhlilçilərin fikrincə, Türkiyə mərkəzi bankına öz işinə görməyə imkan versəydilər, ölkə belə bu duruma düşməzdi. "Standard Chartered Bank"ın təmsilçisi Eric Robertsen isə bu qənaətdədir ki, Türkiyə faiz dərəcələrini artırmasa, iqtisadi problemlərini yoluna qoyması çətin olacaq.

Bu arada, Azərbaycanın tanınmış iqtisadçı ekspertlərindən olan, iqtisad elmləri doktoru Qubad İbadoğlu isə bu düşüncədədir ki, Türkiyə iqtisadiyyatı sürətlə böhrana sürüklənir. Belə ki, "Siyasi müdaxilələrlə qərarların monopoliyaya alındığı, Mərkəz Bankın gerçək müstəqilliyinin təmin olunmadığı, xarici faktorlardan asılılığın artdığı, siyasi elitanın korporativ və korrupsiya maraqları ilə bazar iqtisadiyyatına keçidi əngəllədiyi, mövcud iqtidara iş adamlarının etimadının itirildiyi istənilən ölkə iqtisadiyyatında milli valyuta böhranı baş verə bilər" deyən Qubad İbadoğlunun fikrincə, Türkiyə ilə Azərbaycanı bu mənada fərqləndirən cəhətlər azdır: "Sadəcə Türkiyədə orta təbəqə, bazar iqtisadiyyatı institutları Azərbaycandan güclü, tədiyyə balansının durumu və beynəlxalq valyuta ehtiyatları isə zəifdir. Digər sadaladığım faktorlar arasında isə demək olar ki, fərq yoxdur. Hər iki ölkədə xarici şoklardan asılılıq güclü olsa da, onlar sadəcə formaca fəqrlənir. Belə ki, dünya bazarında neftin qiymətinin 70 dollar ətrafında sabitləşməsi Azərbaycanın durumunu müvəqqəti olsa da, yaxşılaşdırıb və müqavimət gücünü artırıb". Qeyd edək ki, iqtisad elmləri doktoru lirənin dəyərsizləşməsinin böhrana gətirib çıxara biləcəyini meşə yanğınındakı güclü küləyə bənzədir: "Bu prosesi güclü küləklə müşayiət olunan meşə yanğınlarına bənzətmək olar. Bu zaman həm ağaclar sıradan çıxır, həm də yanğına qarşı istifadə olunan resurslar səmərəsizcəsinə tükənir. Türkiyədə lirə böhranı, ilk növbədə, bankları və yerli istehsal şirkətlərini sıradan çıxaracaq və onların müflisləşməsini şərtləndirəcək. Təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilməzsə, sonrakı mərhələdə böhran iqtisadiyyatın digər sektorlarına - xidmət, ticarət və inşaat bölməsinə də siyarət edəcək". Belə tədbirləri iqtisadi və siyasi müstəvidə fərqləndrməyin vacibliyindən danışan Qubad İbadoğlu hesab edir ki, iqtisadi tədbirləri isə 3 qrupda təsnifləşdirmək olar: "İlk növbədə 20 faizə çatan inflyasiyanı durdurmaq hədəflənməli və bunun üçün monetar və qeyri- monetar amillərdən çevik istifadə edilməli, istehlakçıların gözləntiləri idarə olunmalıdır. İnvestorların etimadını və inamını təmin edən siyası bəyanatalar deyil, iqtisadi mexanizmlər işə salınmalıdır. Mərkəzi Bankın gerçək müstəqillik verilməlidir. Mərkəzi Bank ehtiyat normaları, uçot dərəcələri və açıq bazar əməliyyatları ilə çevik tənzimləmə vasitələrindən istifadə etməlidir. Siyası tədbirlərə gəlincə, ABŞ və Avropa ilə diplomatik gərginlik və ticarət müharibəsi aradan qaldırılmalıdır. Həmçinin Türkiyə beynəlxalq maliyyə kredit təşkilatları ilə danışıqlara başlamalıdır".
Vazeh BƏHRAMOĞLU