Türkanda avtobus problemi sakinləri təngə gətirib

Baxış sayı:
166

Bakının Türkan qəsəbəsinin sakinləri 101, 150, 187 saylı marşrutlar üzrə hərəkət edən avtobuslardan, intervaldan narazıdırlar. Qəsəbə sakinləri deyirlər ki, Türkan “Koroğlu” metro stansiyası marşrutu üzrə hərəkətdə olan avtobusların istismar müddəti çoxdan bitib: “1 saat 10 dəqiqəlik yoldur. 101 saylı marşrutda avtobuslar köhnəlib. Bu barədə dəfələrlə marşrut sahibi Gülmurad Balayevə demişik. Bakı Nəqliyyat Agentliyinə müraciətlərimiz olub. Çox təəssüf ki, yazlı müraciətlərimiz cavabsız qalıb.  Təkcə 101 saylı deyil, 150, 187 saylı marşrutlarda da vəziyyət eynidir”.

Sakinlərin 101 saylı marşrut üzrə sahibkarın dəyişdirilməsi üçün imza topladıqlarını da nəzərə çatdırıblar: “Köhnə, yarasız, tez-tez xarab olan avtobusları yeniləmək istəməyən sahibkarın nazı ilə niyə oynayırlar? Bu camaata niyə əziyyət verirlər? Tez-tez avtobus sıradan çıxır. Camaat məcbur olub birtəhər arxadan gələn avtobusa minir. 21-ci əsrdə yaşayırıq, bütün ucqar rayonların yolları abadlaşdırılır. Hər yerdə yenidənqurma işləri, abadlaşdırma aparılır. Türkanda isə bizlər marşrut dərdi çəkirik. Avtobuslar arasında interval yarım saatdır. 1 avtobus xarab oldusa, interval 1 saata qədər uzanır. Saatlarla marşrut avtobusu gözləyirik. Gediş haqqı da az deyil. 1 nəfər üçün 60 qəpikdir. Amma xidmət səviyyəsi çox aşağıdır. Şikayətçilərə də deyirlər ki, Allahınıza şükür edin ki, bu marşrutlar üzrə avtobuslar işləyir”. 

Türkanlılar marşrut probleminin tezliklə həll edilməsini istəyirlər: “Sentyabrın 15-dən dərslər başlayır. Müəllimlər, tələbələr saatlarla marşrut gözləyəcəklər. Bunun qışı, soyuq havaları var. Camaat gecənin zülmətində kimlərinsə kefi belə istəyir deyə yollarda qalır. Təsəvvür edin ki, Hövsanla qonşu olan Türkan qəsəbəsindəki üzümçülük sovxozuna marşrut var. Həmin marşrut üzrə avtobuslar vaxtında işləyir, mənzilbaşına vaxtında çatır. Həmin 210 saylı marşrutun Türkanda işləməsinə imkan verilmir. Qonşu Hövsan kəndinə getmək də böyük bir problemə çevrilib. Sakinlər saatlarla vaxtlarını itirirlər. Hövsana 3-5 kilometrlik yolu qoyub Əhmədliyə və ya Suraxanıya gedib Hövsana gəlirlər. Hansı ki, 210 saylı marşrutla bu yol dəfələrlə qısa ola bilər. Axşamtərəfi saat 7-də axırıncı avtobus Türkandan çıxır. Əhali taksilərin ümidinə qalır. Müvafiq qurumlardan xahiş edirik ki, Türkan marşrutlarında baş verənləri araşdırsınlar, tənzimləsinlər. İstəyimiz budur ki, avtobuslar arası interval 20 dəqiqə olsun, sonuncu avtobus Türkandan axşam 9-da çıxsın”.