​Türk Şurasına üzv ölkələr Bişkekdə toplaşdı

Baxış sayı:
1033

Sentyabrın 2-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib.
Muxalifet.az xəbər verir ki, iclasda Qırğızıstan, Türkiyə və Qazaxıstanın xarici işlər nazirləri Erlan Abdıldayev, Mövlud Çavuşoğlu, Kayrat Abduraxmanovo, Azərbaycan xarici işlər nazirinin müavini Ramiz Həsənov, həmçinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov iştirak ediblər. İlk dəfə olaraq Şuranın iclasına fəxri qonaq qismində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto da qatılıb.
İclas Qırğızıstanın xarici işlər naziri Erlan Abdıldayevin sədrliyi ilə keçirilib.
Şuranın iclasında sentyabrın 3-də Qırğızıstanın Çolpon-Ata şəhərində keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitində müzakirə ediləcək məsələlərə baxılıb.
Tədbirdə türk dövlətləri arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsi, o cümlədən ticari-iqtisadi, mədəni-humanitar sahələrdə regional əməkdaşlığın dərinləşdirilməsi, Türk Şurasının və digər türk institutlarının gələcək inkişaf perspektivləri müzakirə edilib.
Görüşdə Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti ilə bağlı sazişlər imzalanıb.
İclasda, həmçinin, Macarıstana Türk Akademiyasında müşahidəçi statusu verilməsi ilə bağlı qərar qəbul edilib.