​Türk ordusunun 8 şəhid verdiyi hücumun - DETALLARI

Baxış sayı:
2830

Türkiyə Silahlı Qüvvələrinin 8 şəhid verdiyi xain hücumun təfərrüatları bəlli olub.
Muxalifət.az xəbər verir ki, kəskin hava şəraitindən istifadə edən terrorçular türk ordusunun mövqelərinə ardıcıl 2 dəfə hücum edib və helikopterlərin yaralıları çıxarmasına əngəl törədib.
Afrinin şimal-qərbində Məhmədli, Bilalko və Əl-Maski kəndlərinin qarşısındakı 1083 saylı təpəyə ötən gün səhər saatlarında terrorçular hücum edib. Jandarma və polis xüsusi təyinatlı dəstələri hücumun qarşısını alıb. Lakin dumanlı havadan istifadə edən terrorçular bu dəfə günorta saatlarında 100 nəfərlik dəstə ilə qalın beton divarlarla örtülmüş tunellərdən hücuma keçib. Terrorçular çiyində daşınan raketlər, ağır silahlar və pulemyotlarla hücuma başlayıb. Türk əsgəri hücuma dərhal qarşılıq verib.
Bölgəyə əlavə qüvvələr cəlb edən türk ordu komandanlığı həmçinin sərhəddə yerləşən artilleriya qüvvələrinə atəş əmri verib və 1083 nömrəli yüksəkliyə artilleriya və raket zərbələri endirilib. Havadan dəstək və yaralıların təxliyəsi üçün əraziyə göndərilən ATAK helikopterləri də terrorçuların hücumuna məruz qalıb. Helikopterlərdən biri bölgəyə enə bilməyib və qayıtmağa məcbur olub.
Terrorçuların atəş mövqelərinin radarlar vasitəsilə müəyyən edilməsindən sonra F-16-lar havaya qaldırılıb və onların olduğu mövqelər, qaçış nöqtələri darmadağın edilib. Yalnız ağır bombardmandan sonra əraziyə enən helikopterlər yaralıları Hataydakı xəstəxanalara çatdırıb.
Qeyd edək ki, ötən gün baş verən qanlı qarşıdurmada 8 türk əsgəri şəhid olub, 26-sı yaralanıb. Döyüşlərdə həmçinin ASO-nun 2 üzvü həlak olub, 2-si yaralanıb.
Terrorçulardan isə 23 nəfər məhv edilib. Biri yaralı olmaqla 2 terrorçu əsir alınıb./axar/