TÜRK ORDUSU GÖZLƏNİLƏN YERDƏ! – Türkiyə qardaşlığın fərmanına baş əyib, vəfalı Türk qardaşına dəstəyə gəldi!

Baxış sayı:
2710

Türk demək törəli, ədalətli, cəsur, mərd, mərhəmətli, güclü insan deməkdir. Türk milləti olaraq hər zaman insani dəyərləri önəmsəmiş, məzlumun, məsumun yanında, zalımın qarşısında olmuşuq. Kim bilir, bəlkə də bu səbəbdən bütün soysuzlar, vətənsiz xainlər, şərəfsizlər, vicdansızlar bizlərə qarşı daima cəbhə alır, hər fürsətdə müqəddəs dəyərlərimizə, bayrağımıza, Türk yurdlarına, vətən toprağımıza saldırırlar.
Prof. Dr Tufan Gündüz bəyin söylədiyi kimi "Türk gözlənəndir". Bəli, Türk tarix boyu hər zaman ümidlə gözlənilmişdir. Türk zalımın zülmünə məruz qalanın, zorda-darda və çarəsiz olan ümmətin gözlədiyidir. Nə zaman Türkün şanlı Tuğu, bayrağı bir səmada süzülərsə, uca göylərdə dalğalanarsa, demək, orada dinçlik, rahatlıq vardır. Elə bu səbəbdən, düşmənə yurd olan, minarəsində azanı susmuş olan Türk yurdlarında - Qarabağda, İrəvanda, Uyğur elində və daha bir çox işğal edilmiş Türk torpaqlarında Türkün şanlı ordusu ümidlə gözlənilir. Tək Türk ulusudur-millətidir ki, əsla sömürgəçilik və faşistlik kimi bir qara ləkəni tarixinin səhifəsinə yazmamışdır. Türkün əli əsla məsumun qanına bulaşmamışdır.
Amma biz Türklər əsil-nəcib atalarımız kimi nə qədər mərd və ədalətli olsaq da qarşımızdakı düşman bir o qədər şərəfsiz, namərd, xain və məkrlidir. Biz bunu müasır çağımızda da yaşıyırıq və təcrübə edirik. Örnəyin, birilərinin, açıqca söyləyərsək Rusyanın və ortaqlarının (Fransanın da daxil olduğu məlum beşli şər birliyinin- müəl.) maşası olan  Ermənistan vəhşicə Türk yurdu Azərbaycanın tarixi toprağlarını işğal edir, dünya bu ədalətsizliyə göz yumur. Bölgəmizdə güclənən iki Türk dövlətindən - Türkiyə və Azərbaycandan narahat olanlar, qorxuya düşənlər xaincə müxtəlif hiylələr, oyunlar qururlar. Çünki artıq bu coğrafiyada əvvəlki kimi “at oynada” bilmirlər. Sömürdükləri, sahibsiz saydıqları Türk yurdlarındakı diktatorluğunun, yəni Sovet rejiminin devrildiyini, Azərbaycanın nefti, təbii qazı kimi doğal qaynaqları üzərindəki hakimiyyətini itirdiyini hələ də qəbul etməyən Rusiya da maşası olan ermənilərə Fransanın dəstəyi ilə xüsusi sifarişlər verir, onlar da 12 iyulda Tovuz sərhəddinə, Türk yurdu Azərbaycana saldırmaq kimi hədsizliyə başlayırlar.
Hələ bu azmış kimi, 23 iyulda Rusiya Ermənistanda əsgəri təlim həyata keçirir, bunu da işğalçı ermənilərin Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan “Facebook” hesabından elan edir və təlim sırasında dronlara qarşı yeni mübarizə yöntəmlərini öyrəndiklərindən bəhs edərək deyir: "Təlimdə rus və erməni hava müdafiə sistemlərinin komandirləri, rus və erməni ovçu savaş uçaqları və Ermənistan ordusunun hava müdafiə sisteminin bütün birlikləri iştirak edir”. Beləcə, Rusiya ilə “güc nümayişi” etdirən Ermənistan özünə xas tərzdə hədsizcə öyünməyə davam edir. Bununla da Rusiya da coğrafiyamızda hələ də söz sahibi olduğunu sübut etməyə çalışarkən bir çıxmazın içərisində dəbələnib durur.
Qədim Oğuz Türk yurdu, ərlərin, ərənlərin yurdu olan Azərbaycanımıza isə 1918-ci ildə Bakının qurtuluşu üçün Qafqaz Türk İslam Ordusunun yetişdiyi kimi, bu dəfə də özünün qan qardaşı olan Türkiyə Türk Cumhuriyyətinin Ordusu dəstək oldu. Türk dünyasının söz ustadı, azərbaycanlı şair Əhməd Cavadın 1918-ci ildə yardıma gələn Türk əsgərləri üçün yazdığı "Ey Əsgər" şeirindəki tabirlə, ifadə ilə  "Qardaşlığın fərmanına baş əyib", qardaşının dəstəyinə, imdadına yetişdi. Beləcə, 28 iyulda iki qardaş ölkənin - Türkiyə və Azərbaycanın birgə genişmiqyaslı ortaq əsgəri təlim tətbiqatına qatılacaq Türk əsgərləri Azərbaycana gəldi. Türk əsgəri, Türk yurdu Naxçıvan Muxtar Cumhuriyyətinin Sədərək sərhəd keçidində, Araz çayı üzərindəki Ümid Körpüsündə (Könül Körpüsü) törənlə qarşılandı. Törəndə İstiqlal Marşı və Azərbaycan milli marşı səsləndirildi, bayraq dəyişimi edildi. Türkiyəli Türk əsgər qan, can qardaşı Azərbaycan Türkü əsgərlə Araz çayı üzərindəki Ümid Körpüsündə salamlaşdı. Tam da bu səhnə mənə yenə Türk dünyasının ünlü şairi, söz ustadı, Turan sevdalısı Əhməd Cavadın "Çırpınırdı Qara Dəniz" şeirində Türkün vəfasından bəhs etdiyi bu misraları xatırlatdı:

Çırpınırdı Qara dəniz
Baxıb Türkün bayrağına!
"Ah!..." deyərdim, heç ölməzdim
Düşə bilsəm ayağına.
Ayrı düşmüş dost elindən,
İllər var ki, çarpar sinən!..
Vəfalıdır gəldi, gedən,
Yol vər Türkün bayrağına!

İncilər tök, gəl yoluna,
Sırmalar səp sağ, soluna!
Fırtınalar dursun yana,
Salam Türkün bayrağına!

"Həmidiyyə" o Türk qanı!
Həç birinin bitməz şanı!
"Kazbek" olsun ilk qurbanı!
Heyran Türkün bayrağına!

Dost elindən əsən yellər,
Bana şer, salam söylər.
Olsun turan bütün ellər
Qurban Türkün bayrağına!
Yol ver Türkün bayrağına!!!

Bu arada, diqqətinizi Araz çayı üzərində Türk əsgərlərinin qarşılandığı körpünün isminə yönəltmək istərdim. Çünki Azərbaycanın Türkiyə sərhəddinin yanı başındakı körpünün isminin "Ümid Körpüsü" Türkiyə ləhçəsindəki deyimi ilə  "Umut Köprüsü" olması çox manidardır. Yəni bu körpü qardaşlığa, dostluğa, dəstəyə və ümidə açılan qapıya gedir - deməkdir. Ümid Körpüsünə "Könül Körpüsü" də deyilir. Bu da əslində anlayan və iki qardaş ölkənin - Azərbaycanın və Türkiyənin qardaşlığını bilənlər üçün dərin tarixi mənalar ifadə edir.
Bəhs etdiyimiz, Türkiyə və Azərbaycanın birgə həyata keçirdiyi  genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinə 29 iyulda başlanılmışdır. İki ölkənin hava qüvvələrinin də qatıldığı təlimdə Türkiyə və Azərbaycanın savaş uçaqlarından da istifadə edilmişdir. Təlim Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlaxda həyata keçirilmiş ve 10 avqustda sonlandırılmışdır. Bakı ve Naxçıvanda 1 avqustda başlayıb, 5 avqustda bitən qara (torpaq yolu) qüvvələrinin həyata keçirdiyi təlimdə müxtəlif əmrlər icra edilib, zirehli maşınlar, top və havanlardan təmsili düşman hədəflərinə atəç açıb.
Bu genişmiqyaslı, güclü hərbi təlimlərlə Türkiyə və Azərbaycan əsgəri düşmənə gözdağı verərək "ağlınızı başınıza yığın!” deyir. Qardaş Türkiyə can, qan qardaşı Azərbaycanımızın yanında olduğunu sübut edir. Türkiyə Cümhuriyyətinin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycana gedərək, düşmənə gərəkli və çox önəmli mesaj vermişdir. Beləcə, vəfalı Türk vəfasının gərəyini edir! Vəfalı Türk, gözlənən Türk gəldi yenə! Allah qardaşlığımızı daimi etsin! Amin!
Nə Mutlu Türküm Deyənə!

AynurTALIBLI,
Tarix və mədəniyyət araşdırmaçısı.
İstanbul, 13.08.2020