Türk generaldan SENSASİON AÇIQLAMA: Türkiyə Qarabağ müharibəsində Azərbaycana niyə kömək etməyib... / ŞOK DETALLAR

Baxış sayı:
22443

"Bu briqadanı əgər ləğv etməsəydilər, ermənilər nə Qarabağ, nə də Naxçıvana doğru bir addım da ata bilməzdilər".
Məlum olduğu kimi 15 sentyabr Bakının Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad edilməsi bayramı kimi qeyd edilir və bu il tariximizin ən parlaq səyifələrindən birininin yazıldığı bu əlamətdar günün 101-ci il dönümüdür. 
Muxalifet.az xəbər verir ki, bu münasibətlə Bakıda səfərdə olan, Türkiyə Silahlı Qüvvələrinin təqaüddə olan general-mayoru, Kipr müharibəsi qazisi Cumhur Evcil Eurasia Diary-ə eksklüziv müsahibə verib və gündəmdə olan mövzuları dəyərləndirib.
General öncə Azərbaycan və Bakı barədə fikirlərini açıqlayıb.
- Bakını daim qəlbimizdə, xəyallarımızda yaşatmışıq. Bizim nəslimiz üçün gəncliyimizdən bəri Bakı bir gözəllik və qardaşlıq rəmiz olub. Mən 1938-ci ildədə anadan olmuşam və 1957-də zabit olmuşam. Türk ordusuna xidmət etdiyim 35 ildən çox bir müddətdə Azərbaycanla könül bağımız, münasibətlərimiz həmişə davam edib. Azərbaycan adıyla ilk tanış olmağım uşaqlıq dövrümə təsadüf edib. Uşaqlıqdan tarixə, xüsusilə müharibələr tarixinə böyük marağım olub. Birinci dünya müharibəsi haqqında çox kitab oxuyurdum və Azərbaycan haqqında ilk təsəvvürlərim də bu kitablar vasitəsilə olub.
Kitabların birində qeyd edilirdi ki, Birinci Dünya Müharibəsində əsir düşən türk zabitləri Sibirə və Xəzər dənizinin şimalında yerləşən əsir düşərgələrinə aparılıb. Oralarda əsir düşərgələrindən qaçan yüzlərlə türk zabiti Azərbaycana pənah gətirib. Azərbaycan xalqı o dövrdə türk soydaşlarına böyük risk müqabilində sahib çıxıb. Onları qoruyub, evlərində gizlədib, Türkiyəyə keçmələrinə kömək göstərib. Bu və bunun kimi tarixi faktları oxuduqca Azərbaycan xalqı haqqında ilk təsəvvürlərim yaranmış və Azərbaycan məmləkətini də ilk o zamanlar xəyal etməyə başlamışdım. O zamanlardan mənim Azərbaycan türklərinə və bu ölkəyə məhəbbətim yaranıb.  90-cı illərdə Sovet imperiyasının dağılmasından sonra Azərbaycanı müstəqil və hür bir dövlət kimi görməyin sevincini yaşamaq da şükür ki, bizlərə nəsib olub. Azərbaycan xalqı bizim könül bağımız olan soydaşlarımızdır.

- Osmanlının ən ağır dövrlərində, süqut mərhələsində Ənvər Paşa Bakını işğaldan azad etmək üçün Qafqaz İslam Ordusunu yaratdı. Bu tarixi addımı necə dəyərləndirirsiniz?
- Mundros sülh müqaviləsindən sonra Osmanlı imperiyası üçün hər şey bitdi. Yolun sonuna gəlindi. Mundrosdan sonra Osmanlının parçalanma və süqut dövrü başladı. Mundrosdan aylar əvvəl də hər şey bəlli idi. Yolun sonu görünmüşdü. Osmanlı işğalla üz-üzə qala bilərdi. Lakin Ənvər paşa o ağır durumlarda belə Azərbaycanı yalnız buraxmadı. Osmanlı torpaqları işğalla üz-üzə ikən Azərbaycanı işğaldan azad etmək üçün qoşun göndərmək böyük risk idi, ancaq Ənvər paşa risklərin adamı idi və bunu etdi. Tarixin bir cilvəsidir ki, o dönəm Qafqazda üç böyük güc qarşı-qarşıya idi. Azərbaycanda biz vardıq, Ermənistanda ruslar, Gürcüstanda müttəfiqmiz olan almanlar. Biz Azərbaycana gələrkən qarşımıza çıxan ilk qüvvə almanlar olub. Bütün bunlara rəğmən Ənvər paşa və silah yoldaşları soydaşımız olan Azərbaycan türklərini erməni zülmündən, qırğın və təcavüzlərdən xilas etmək, ermənilərdən törətdikləri qətliamların intiqamını almaq üçün Qafqaz İslam Ordusunu formalaşdırdı və qardaşı Nuru Paşanı Azərbaycana göndərdi. İki qardaş xalq birləşdi və Bakı işğaldan azad edildi.
- Dediniz ki, Ənvər Paşa ən çətin durumda ikən Azərbaycanı tək buraxmadı, yardım göndərdi. Bizdə belə bir sual yarandı: “Bəs Qarabağ savaşında niyə Türkiyə aktiv şəkildə siyasi və hərbi proseslərə müdaxilə etmədi? Niyə türk qoşunu ikinci dəfə qardaşlarının yardımına gəlmədi?
- Açığı o dövrdə Türkiyədə bir Ənvər yox idi. Olsaydı, yəqin ki, hadisələr başqa cür inkişaf edərdi. Lakin bu məsələlərdə hadisələrin ardıcıllığını diqqətlə izləmək lazımdır. Mən o zamanlarda yenicə təqaüdə çıxmışdım. Qeyd edim ki, ixtisasca paraşütçü olmuşam. Qarabağ savaşı qızışan zamanlarda Türkiyədə ən önəmli hava endirmə briqadası (paraşut briqadası) ləğv edildi, yeri və adı dəyişdirildi. Komando briqadasına çevrildi. Bu briqadanı əgər ləğv etməsəydilər, ermənilər nə Qarabağ, nə də Naxçıvana doğru bir addım da ata bilməzdilər. Və Türkiyə üçün bu müharibəyə müdaxilə çox asan və sadə olardı.
Ancaq Türkiyənin 90-cı illərdə Azərbaycana hərbi dəstək verə bilməməsini sadəcə Ənvər paşa kimi bir komutanın olmamasına bağlamaq olmaz. Siyasi konyuktura da buna imkan vermirdi. Tam Azərbaycan müstəqil oldu, tam Azərbaycanla qardaşlığımızı qüvvətləndirəcəyik deyərkən, iki ölkənin daxilində də müharibə ocaqları yarandı. Azərbaycanın Qarabağında, Türkiyənin Cənub-Şərqi Anadolusunda... Terror və sui-qəsdlərin, siyasi və iqtisadi böhranların hər gün yaşandığı bir dövr idi və mövcud hökumətlərin başı terrorla mübarizəyə qarışmışdı. Eyni zamanda, Türkiyəyə qarşı beynəlxalq təzyiq artmaqda idi. Türkiyə “terrorla mübarizə” aparmaqda ittiham edilirdi. Belə bir zamanda bir də qonşu Ermənistana müdaxilə etmək, Qarabağdakı savaşa qatılmaq türk siyasətçiləri tərəfindən ciddi risk olaraq görülmüşdü. Ona görə də Türkiyə Kiprdə olduğu kimi Qarabağda aktiv döyüş əməliyyatlarına qatıla bilmədi. Ermənilər də bu zamanı seçdilər. Ancaq bu o demək deyil ki, Qarabağ əbədi ermənilərin olacaq, ermənilərin törətdiyi cinayətlər cavabsız qalacaq. Əlbəttə ki, zaman bizə də güləcək və qisas alacağıq...
- Siz ən qısa zamanda Qarabağda Azərbaycan ordusunun zəfərinə inanırsınızmı?
- Çox maraqlı sualdır... Və maraqlı da cavabı var. Mən Kiprdəki türk mücahidlərinə döyüş təlimləri keçib onlarla birgə ölümə gedən bir komandir idim. O zaman da zəfərimizə inanlar çox az idi. Durumumuz ağır idi. Mənim Kiprdə kod adım bilirsinizmi nə idi? “ZƏFƏR”... Hər zaman türk üçün zəfər ehtimalı vardır, övladım. Aprel döyüşlərində mən bunu çox aydın gördüm və hiss etdim. Aprel döyüşlərindən sonra Azərbaycanın Qarabağda ələ keçirdiyi mövqeləri bir-bir gəzdim. Əsgərlərlə zabitlərlə görüşdüm. Çox böyük ruh yüksəkliyi müşahidə elədim. Onlarla ünsiyyətdə olanda mən Kiprdəki müharibəni, Kiprdəki aslanlarımı xatırladım, çox duyğulandım. O aslanlar da, bu aslanlar da bir millətin övladlarıdır və zəfər onların haqqıdır.
- Siz Azərbaycan və Türkiyə arasında münasibətlərin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?
- Bu gün Türkiyə və Azərbaycan münasibətləri yüksək səviyyədədir. Hər zaman demişəm və yenə də deyirəm. Azərbaycan və Türkiyə daim bir-birilərinə dəstək olmalıdır. Biz bir soydan gələn eyni millətik. İki dövlət bir millət olduğumuzu hər yerdə göstərməliyik. Bu gün cənab nazirə də dedim. Heydər Əliyevin "bir millət, iki dövlət" fəlsəfəsinə hörmət edirəm, dəstəkləyirəm, lakin artıq "bir millət, üç dövlət" fəlsəfəsini formalaşdırmağın zamanı gəlib. Bu üç dövlət Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Respublikalarıdır...