“Türk dünyasına yeni Üzeyir Hacıbəyov lazımdır”

İlham Əsğəroğlu: “Milli olmayandan sonra ifanın mənası yoxdur”

Əslində bu yöndə təşəbbüs göstərənlər çox olub. Kimi yolun uzaqlığından, kimi yükün ağırlığından, kimi də şəxsi maraqları üzündən bu işi yarıda qoyub. Amma türk ortaq dəyərlərini üzə çıxarmaq, türk mənəviyyatını yaşatmaq divanə yolçuluq istəyir...
İlham Əsgəroğlu kimi... İllərdir sazı əlində diyar-diyar gəzib bu istəyə can atır. Həm də bu istəyini ifaçı, aşıq musiqisini muğamla sintezində gerçəkləşdirir.
Dəstəyi, qolundan tutanı olsa, görəvinı sevə-sevə başa çatdıracaq. 
- İllərdir, ortaq türk dəyərləri ilə bağlı layihələriniz üçün caba göstərirsiz. İşlərinizdə bir gəlişmə varmı?
- Hə. Az öncə Türkiyə televiziyalarından və universitetlərindən dəvətlər almışam. Hazırda onları dəyərləndirirəm. Qars şəhər Konservatoriyasına çağırıblar. Eyni zamanda daha bir neçə şəhərin musiqi ocaqlarında tədris üçün dəvətlər gəlib. Açığı, hansına gedəcəyimə hələ qərar verməmişəm.
Televiziyalara gəlincə, deyim ki, onları türk dünyası ölkələrinin vahid orkestrinin yaradılması haqda təşəbbüsüm çox maraqlandırıb. Həm TRT, həm də Show-TV-də layihələrimlə bağlı konkret təkliflər almışam. TRT, TRT- Avaz, TRT- türk, TRT- müzik kanalları bu istəklərimı həyata keçirməkdə dəstək olmaq istəyir.
Mənim bu yöndəki işlərimi onlar çoxdan bilirlər. Çünki iki il şamanların festivalında Münsiflər Heyətinin üzvü olmuşam. Krımda onların vaxtaşırı maraqlı festivalları keçirilir. Orda gördüm ki, insanlarda qədim türk musiqisinə necə böyük marağı var.
Özüm də bu həvəslə belə maraqlı mahnıları öyrənirəm. Özbək, türkmən, qazax, qırğız, uyğur...
 
Saza bənd olub
 
- Siz peşəkar vokalçısız, amma saza elə bənd olmusuz ki, sizi çox vaxt “aşıq” deyə də çağırırlar...
- Aşıqlıq mənim ruhumda, qanımda var. Hansı janra üz tutsam da, bu bağlılığım orda özünü göstərir. Ümumiyyətlə, aşıq kimə deyirlər?! Əvvəlcə bunun cavabını tapmaq lazımdır. Hər saz çalana aşıq deməzlər. Çünki saz türk mənəviyyatının rəmzidir. Ozanlıq qədim türk mədəniyyətinin əski qatlarıyla bağlıdır.
Mən saz ustası kimi uzağı 30-40 havacat bilə bilərəm. Amma aşıqlığın 72  havası var. Onunçün gərək bu havaların hamısını biləsən, dastanlarımızı öyrənəsən. Qıfılbənd, dodaqdəyməz, təcnis deyəsən. Amma bununla bərabər mən özümü aşıqlıq sənətindən kənar da saymıram. Muğamla sazın sintezini özümə bir yol seçmişəm. Klassik musiqinin bu sintezini Üzeyir bəy “Koroglu” operasıyla möhürləyib, ən mükəmməl nümunə yaradıb. Mən də bu yolda bir şeylər eləmək istəyirəm.  Gələcəkdə qismət olsa, bununla bağlı ansambl yaratmağı düşünürəm. Türkiyədə çox insanlar buna maraq göstərir.
 
Sazla muğamı sintez edən bəstəkar yoxdur
 
- Azərbaycan musiqisində sintez Üzeyir bəylə başladı, Vaqif Mustafazadə ilə davam elədi. Amma bu gün sintez bizim musiqimizlə əcnəbi musqilərin əcaib qarışığından başqa bir şey deyil. Yəni bu mənada peşəkar sintezin məsuliyyətli çox ağırdır...
-  Əvvəla, buna bəstəkarlıq lazımdır. Mən bu sahədə ifaçı olaraq öz yolumu cızıram. Eləcə də bu layihəni gerçəkləşdirib bir başqalarına yönləndiririəm, deyirəm ki, ifaçılığı mən öz üzərimə götürürəm, onun bəstəkarlıq tərəfini isə bacaran adam eləsin. Əlbəttə, bu işın yönləndirici tərəfini edəcək peşəkar bəstəkarlar olsa, çox gözəl olar...
Türk dünyasının özündə də buna maraq göstərən insanlar çoxdur. Amma mənim içimdən nə gəlirsə, onu çatdıra bilərəm. Məsələn, “Koroğlu” operasında şikəstəni bir var orkestr çalsın, bir də var sazla bərabər özün çalıb oxuyasan.
...Aşıqsayaq mahnıları rəhmətlik Səid Rüstəmov yazmışdı, Cavanşir Quliyev də bir ara bu işə əl qoydu. Amma davamı gəlmədi. Mən ifaçı kimi nə bacarıram edirəm. Düzdür, ağır yükdür, amma bunu mən eləməyim, sən eləmə, bəs kim eləsin?!
-Elə isə sinteziniz necə qarşılanır?
-Sintez edib peşəkar oxumağı, əlbəttə, bəyənməyən də ola bilər. Amma bu oxuma tərzi çox insanların canına yatırsa, qəbul olunursa, nədən pis olsun?!
 
Lütfiyar İmanov sazı mənə qadağa elədi
 
Mən vaxtında Lütfiyar İmanov kimi ustaddan “xeyir-dua” almışam. İki il Lütfiyar müəllim, üç il də Mobil Əhmədov mənə dərs verib. Əvvəllər Lütfiyar müəllim sazı mənə qadağa eləyirdi. Deyirdi, İlham, mən sənə Avropa məktəbi qururam, sən xalq boğazına gətirib çıxarırsan. Muğamla aşıq boğazları demək olar ki, eynidir. O baxımdan, mən Lütfiyar müəllimlə razılaşmırdım. Ona deyirdim ki, “Koroğlu” operasında butaforlu sazla oxunur. Rəhmətlik Bülbül də belə oxuyurdu. Saz çalan vokal oxuya bilmirdi, vokalı bilən saz çalmağı bacarmırdı. Əslində Koroğlu oynayan bunların ikisini də bilməlidir. Amma Lütfiyar müəllim deyirdi, yox, oğlum, bu belə deyil. Mən də məcbur oldum, pianoçuyla danışdım, dedim, gəl bunu heç Lütfiyar müəllimə də deməyək, imtahanda Lüfiyar müəllimə sürpriz eləyək. Belə də oldu. İmtahandan sonra Lütfiyar müəllim dedi, oğlum, bu çox yaxşıdır, amma sən çalış vokal səsini də saxla.
 
Dünya görməlidir ki, türkdə nələr var...
 
-Türk dünyasının birliyi üçün çalışan başqa sənət adamları da var. Nə əcəb onlarla işbirliyi qurmamısız?
-Əslində, hamısıyla münasibətim var. Sadəcə, bu, cox ağır işdir. Hər kəsi bir yerə toplamaq olmur. Mən üç il Türk Dünyası Müzik Toplumunda çalışdım. Orda hər cür musiqi aləti var. Qırğız, uygur, özbək alətlərinin hamısını bir araya yığıb orkestr yaratmaq çox çətin məsələdir. Bu məsələdə TÜRKSOY, TİKA və Mədəniyyət Nazirliyinin də gərək rolu olsun. Ən əsası bu işə maddi dəstək verilməlidir. O ki qaldı ayrı-ayrı sənət adamlarına, Azərin, Araz Elsəs, Əhməd Şəfəq (o, elə mənim dostumdur), hamısıyla yaxşı münasibətım var. Azərin xanımla bu haqda dəfələrlə söhbətimiz olub.  Hətta ona “Çırpınırdı Qara dəniz”ı bir yerdə oxumağı da təklif eləmişəm. O da “baxarıq” dedi, elə də qaldı. Araz Elsəs də çıxdı belə getdi. Amma mən çox istəyirəm ki, bizim sənətçilərin hamısıyla birgə ortaq bir musiqi qrupu yaransın. Bütün dünya görsün ki, bizdə nələr var..
...Şamanların festivalında olanda, gördüm ki, onlar gözəl qıtlaq səsləri çıxarırlar. Sonra qəribə şəkildə başqa  səslərə keçirlər. Elə ona görə qran-prini onlara verdik. Çox möhtəşəm bir şey idi. Onlar bizim kökümüzü, Atilla dövründən bu yana, hunları göstərirdilər. İstəyirəm dünya bunları görsün. Bu işə TRT- Avaz, TRT Türk, TRT muzik-də TURKSOY, elə TİKA dəstək verir. Son dönəmlərdə Türkiyədə Qarapapaq Birliyi yaradıldı. Seyfullah Türksoy onun başqanı seçıldı. Onlar Türk dünyası ilə bağlı layihələri reallaşdırırlar. Layihədə bir gün qırgız, bir gün qazax, sonrakı gün Azərbaycan musiqilərinin əks olunması nəzərdə tutulub. Yəni hər verilişdə bu ölkə musiqisi haqda ətraflı bilgi verilmiş olur. Hər proqramda şaman da ola bilər, qıbçaq da, oğuz da...
 
Canlı oxuyana efir vermirlər

-Vaxtilə TRT-Avaz-da bu məzmunda  verilişlər olub. Amma onların davamı gəlmədi...
-Televiziyada bunun üçün müəyyən müqavilə bağlayırlar. Bir neçə bölümdən sonra o müqavilə bitir. Amma belə olmamalıdır. Çünki əsas amac yarıda qalır. Məsələn, “TRT Avaz”la İctimai Televiziyanın ortaq verilişi vardı. Amma sonra o veriliş dayandırıldı. Mənim özümü o zaman həmin proqramdan çıxardılar. Burdan “Səhər” proqramının rəhbərlərindən biri  zəng edib demişdi ki, o adam bizdən icazə almamış niyə efirə çıxıb?! O, bizi saymır! Halbuki məni ordan dəvət eləmişdilər. Fərqi nədir ki... Mən Azərbaycanı təmsil edirəm. Mən Ahiska türklərinin marşını yazmışam, Türkiyədə çox rəğbətlə qarşılanıb. Bizdə isə etinasız...
-Yəqin elə ona görə də sizi Türkiyədə Azərbaycandan daha çox tanıyırlar...
- Elə deməzdim. Burda da yetərli qədər tanıyırlar. Azərbaycan canımdır-ciyərimdir, amma orda daha çox sərbəstlik var. Vaxtilə ciddi proqramlarda çıxış edəndə lazım idim, indi lazım deyilləmmiş. Şou göstərən sənətçi oldu, amma canlı oxuyana efirdə yer olmadı? Fonoqram oxuyanla canlı ifaçının fərqi olmalıdır. Çox vaxt toylarda da camaatı belə aldadırlar. Çünki bizdə prodüsser mərkəzləri yoxdur. Bizdə toy biznesi var, onu da belə qururlar, deyirlər, filankəs televizora çox çıxır, 5-10 min verin, qoyun gəlsin, day neynəyək, uşaq istəyir.
Mən neçə proqrama müraciət etmişəm, bizdə hər dəfə “yaxşı olacaq” deyiblər, amma nəticəsi olmayıb. Türkiyədə isə  sərbəstlikdir. Deyirlər, nə gözəl oxuyur. Zəng edirlər ki, sabah gəlin bizim proqramımıza. Mənim orda çoxlu sənət dostlarım var, amma belə məsələlərdə dost-yoldaşın “ağız açması”na gərək olmur. Onlar özləri peşəkar adamı axtarıb tapırlar.
-Siz deyrsiz, TÜRKSOY bəzi layihələrə dəstək verəcək. Amma Samir Cəfərov da bu qurumdan gileylənirdi ki, onlar “Koroğlu”nu elə səhnələşdiriblər, elə bil monqol xanının həyatını yaradıblar...
- TÜRKSOY-un rəhbəri qazaxdır. Bəlkə də bu, onunla bağlıdır. Təbii ki, biz o şərti qoymalıyıq ki, bu əsəri Üzeyir bəy belə yazıb. Üzeyir bəy türk dünyasının bəstəkarıdır. Onlar traktovka verə bilər, amma onun yazdığına əl dəyilə, təhrif oluna bilməz. O əsərin gözəlliyi musiqilərində və milli ruhundadır.
 
Rəşidə xanım deyir: “Atamın ruhu sizdədir
 
-Hərdən səsinizi Rəşid Behbudovun səsinə də bənzədirlər...
-Hə. İlk dəfə bunu böyük sənətkarımız Rəşid Behbudovun qəbrini ziyarət edəndə demişdilər. Elə Rəşidə xanım da deyir ki, atamın ruhu sizdədir. Mən də Rəşid müəllim kimi Tiflisdə oxumuşam. Nodar Aquadzenin sinfində təcrübə keçmişəm. Qızıyla tanışlığımız var. Rəşid müəllimın sənəti böyük musiqi məktəbidir.
 
Ebru Gündəş, Hadisə, Murad Boz...
 
-Dost demişkən, tanınmış türk sənətçilərinin çoxuyla yoldaşlıq edirsiz?
- Hə. Səlami Şahin, Burhan Çaçanla yaxın dostam. Amma “O səs Türkiyə”də Ebru Gündəş, Hadisə, Murat Bozla da dostlaşdım.
-Amma deyəsən, dostlarınız sizə ədalətsizlik elədilər?
- Hə. O yarışmada ədalətsizlik oldu. Ora sazımı da çıxaracaqdım. İlk olaraq səs imkanlarını göstərmək tələb olunurdu. Ona görə əvvəldən sazla oxumadım. Bilmədim, belə olacaq. Vokalçı kimi çıxış elədim. Nədənsə, ikinci, üçüncü tur tamaşaçısız keçdi. Qəribə bir şey baş verdi. Dedilər, “Survivor” yarışması tez başlayacaq. Ona görə formatda dəyişiklik elədilər. İnsanların duyğusuyla oynadılar... Amma olsun. Peşman deyiləm. Əslində əvvəldən ora getmək fikrim yox idi. Sadəcə, dostlarımın ürəyində xal qalmaması üçün ora qatıldım.
Layihələrimiz öz yerini alsa, mənim üçün bu ən böyük uğur olacaq.
Mənim nə qədər canımda can var, Azərbaycan türkü kimi sazımla, sözümlə hər yerdə öz sözümü deyib həyatdan köçəçəm. İfaçıda milli ruh olmayandan sonra oxuduğunun heç bir mənası olmur...
Rəna, Hurriyyet,org