​Turistlərə etdiklərimiz: GƏLƏN NİYƏ BİRDƏ GƏLMƏK İSTƏMİR?

Baxış sayı:
5473

Havalar isindikcə Azərbaycanda turizm sahəsində canlanma başlayır. Hər kəs istirahət etmək üçün cibinə uyğun istirahət yerləri axtarırır. İstər bölgələrimizə, istərsə də ölkə xaricinə üz tutan vətəndaşlar var. Ümumilikdə, bütün mütəxəssislər Azərbaycanın böyük turizm potensialının olduğunu bildirirlər. Duzdağ, Naftalan, Qalaaltı və s. kimi sağlamlıq üçün əhəmiyyətli bölgələrimiz var. Lakin hələ də bu inkanlardan tam istifadə edə bilmirik.
Hər il ölkə vətəndaşlarının böyük əksəriyyəti istirahət üçün Türkiyə və Gürcüstan kimi ölkələrə üz tuturlar. Demək olar ki, hər il eyni ölkəyə, hətta eyni otele istirahət üçün yollanan ailələr var. Bu o deməkdir ki, bu ölkələrin bəlli bir turist auditoriyası var.
Bəs görəsən bütün təbii imkanlarımız olduğu halda niyə təkrar turist axınını təmin edə bilmirik? Gələn turstlərin böyük əksəriyyəti bir dəfə gəlib, qayıdırlar. Sonra başqa ölkələrə üz tuturlar. Səbəb nədir?
Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov Publika.az-a bildirdi ki, bunun əsas səbəbi ölkədə turizm sahəsində çalışan insanların qeyri-peşəkarlığıdır:
 “Mən düşünmürəm ki, Azərbaycan istirahət məqsədilə gəlinəcək ölkə deyil. Gürcüstandan, Türkiyədən nə təbiətinə, nə də mədəniyyətinə görə geridə qalırıq. Sadəcə bu ölkələrdə turizm sektorunda çalışan peşəkarlardan çox şey öyrənməliyik. Bu işdə onlardan çox geri qalırıq. Hər kəs fəaliyyət göstərdiyi sektorun incəliklərini bilməlidir ki, orada müəyyən nailiyyətlərə nail ola bilsin. Ümumiyyətlə, ölkədə turizm sektorunun inkişafı üçün vacib olan 4 amil var: qiymət siyasəti, xidmət, marketinqin düzgün aparılması və reklam siyasəti. Bu amillərə diqqət edildiyi təqdirdə sektorda nailiyyətlər qazanmaq mümkündür. Ölkəyə turist cəlb etmək üçün bu faktorlara ciddi nəzarət edilməlidir. Baxın, belə bir misal çəkim. Biz hər il Türkiyəyə 10 minlərlə turist göndəririk, amma Türkiyədən heç yüzlərlə turist qəbul etmirik. Niyə? Bu özü çox ciddi və cavablandırılması vacib suallardan biridir. Ölkədə fəaliyyət göstərən turizm qurumları bu barədə düşünməli, tədbir görməlidirlər. Ərəb ölkələrindən, Rusiyadan, hətta Cənubi Koreyadan da ölkəyə gələn turistlər var, amma nədənsə Türkiyədən Azərbaycana gələn turistlərə rast gəlmək olmur. Duzdağ, Naftalan, Masallıda İstisu və s. mənbələr haqqında geniş məlumatlar verilməlidir. Düzgün reklam siyasəti yeridilməlidir ki, turistlərin marağına səbəb olsun. Bizim də turizm infrastrukturumuz zəngindir. Turistləri cəlb etmək üçün bir qayda olaraq yeni konsepsiyalar, silsilə tədbirlər, yay əyləncələri təşkil olunmalıdır. Bu işə isə yalnız və yalnız mütəxəssis kadrlar cəlb olunmalıdır. Bilirsiz, bu gün dəqiq statistika aparmaq da çətindir. Əvvəl turizm qurumları birmənalı olaraq siyahıya alınırdı və bu siyahıdan hər kəs faydalana bilirdi. Hər kəs bilirdi ki, nə qədər otel və turizm şirkətləri var, onların nə qədəri fəaliyyət göstərir. Yaxşı olardı ki, vergidə qeydiyyata düşən şirkətlərin informasiyalarının bir hissəsi avtomatik olaraq Turizm Agentliyinə göndərilsin. Belə olan halda təhlillər aparmaq olar ki, hansı tipli otellər var, hansı tipli otellerin yaradılmasına ehtiyac və tələbat yaranıb və s. Bütün bunlar nəzərə alındıqdan sonra Azərbaycan özünə davamlı turist qrupları cəlb edə bilər”.
Ekspertlərin dediklərindən belə qənaətə gəlirik ki, ölkədə fəaliyyət göstərən otellərin qiymətlərinin turistlərin, eləcə də yerli vətəndaşların ciblərinə münasib olması vacib şərtdir. Belə olmadığı halda heç bir rəqabətdən söhbət gedə bilməz. Əgər ölkədə ucuz və keyfiyyətli otel yoxdursa, "5 ulduz" adı ilə kimisə ölkəmizə cəlb etməyə çalışmaq heç bir nəticə verimir.
Turizm üzrə ekspert Çingiz İsmayılovun sözlərinə görə, bu sahədə inkişaf əldə etmək üçün qiymət və servis amilinə xüsusi diqqət yetirilməlidir:
“Təəssüf ki, bu gün qonşu ölkələrlə müqayisədə iqlim şəraiti baxımından fərqlənirik. Sadəcə olaraq məsafə önəmli olduğu üçün Türkiyə, Gürcüstan turistlərin istirahət üçün daha tez-tez getdikləri ölkələrdir. Məsələn, Kubanın özü çox gözəl ölkədir. Orada qiymətlər kifayət qədər münasib, servis xidməti isə yüksək səviyyədədir. Amma məsafə baxımdan əlverişli deyil. Bu səbədən də Avropadan ora istirahətə gedənlərin sayı azdır. Məsələn, Kuba Aralıq dənizi ətrafında yerləşsəydi, hər kəs ora gedərdi. Coğrafi mövqe, təbii iqlim şəraiti baxımdan isə Azərbaycan çox-çox irəlidədir. Amma qiymət və servis baxımından bu sözləri deyə bilməyəcəm. Əgər mən bir dəfə istirahət üçün Qəbələni seçirəmsə, təbii ki, buranı digər alternativlərlə müqayisə edəcəm. Görsəm ki, Qəbələdə 3 günlük istirahətin qiyməti baha, servis xidməti isə Gürcüstanda, Batumidə 3 gün istirahətdən olduqca aşağıdır, təbii ki, mən ikinci dəfə bu seçimi etməyəcəm. Əlbəttə, belə olan halda hamı Batumiyə gedəcək və ölkəmizin davamlı turist auditoriyası formalaşmayacaq. Minimum hər bir ailə 700-800 dollar istirahətə xərc çəkəndə, bu məbləğin ölkə iqtisadiyyatı üçün nə demək olduğunu özünüz düşünün. Ölkədə servis səviyyəsi o qədər aşağıdır ki, turistlərə təklif edilən menyular da olduqca məhdud saydadır. Restoranların eyni yeməkləri təklif etməsi turistlərin xoşuna gəlmir. Məsələn, mən istirahətin 3 günü ard-arda eyni təklifləri görürəmsə və qətiyyən doymuramsa, əlbəttə ora 7-10 günlük istirahətə gəlmərəm. Amma hər gün mənə fərqli təklif pakletləri təqdim edilirsə, 10 gün də qalaram, 20 gün də. Bax budur rəqabət. Dəfələrlə turizm şirkətlərinə tövsiyə etmişəm ki, təklif edilən paketlərə xüsusi diqqət yetirilməlidir. Kür çayı boyunca qayıqla, velosipedlə və s. müxtəlif turlar təşkil etmək olar. Bütün bunlar turistlərin ən çox sevdiyi məşğuliyyətlər sırasına daxildir. Amma təəssüf ki, bizdə yerindən duran meşələrdə 3-5 ağac kəsir, kotejlər tikir, 1 gününü də od qiymətinə təklif edir. İstirahət üçün də heç bir şey olmur. Orda maksimum 3 gün kimsə qalar, ya da qalmaz. Heç kim bu cür təkliflə 15 gün orada qalmaz. Camaat ailəsini götürüb minimum 10-15 gün istirahət etmək üçün müxtəlif ölkələrdə təklif edilən istirahət paketlərini gözdən keçirir. Azərbaycan isə bu siyahıda yoxdur. Rəqabət aparmaq üçün ciddi layihələr görülməlidir. Təsəvvür edirsiz, 10 il bundan qabaq Türkiyədə, Bodrumda istirahət edirdim. Orda mənə deyilən informasiya qarşısında şoka düşdüm. İngiltərədənin Mançester bölgəsindən Bodruma hər il bir təyyarə dolusu adam gəlir və bu sadəcə 1997-ci ildən bu günə kimi Bodrumda istirahətə gələn eyni ailələrdir. 10 il düşünə bilirsiz? Ailəsi ilə gələn 1 yaşlı uşağın artıq 10 yaşı var və o hər il eyni yerə fərqli təkliflərlə istirahətə gəlir. Azərbaycanda bunu etmək olmazmı? Yaxşı olmazmı ki, vətəndaşlarımız istirahət üçün öz ölkəmizi seçsinlər və xərclənən vəsait öz iqtisadiyyatımıza yatırım olsun? Bütün bunları yaratmaq üçün peşəkar şəxslərin bu işləri araşdırması, düzgün strategiya yürütməsi lazımdır. Turistlər haqlı etiraz edirlər. Mən özüm də dəfələrlə şahidi olmuşam, ölkədəki ailəvi istirahət mərkəzlərinin hovuzlarında camaatın saç telləri fırlanır. Bu gigeynik cəhətdən sağlamlıq üçün zərərli olduğu kimi həm də onların öz imiclərinə ziyandır. Nəticə də o olur ki, vətəndaşlarımız da daxil olmaqla, insanlar il ərzində qazandıqları pulları başqa ölkələrdə istirahət etmək üçün xərcləyir və onların iqtisadiyyatına xeyir verir. Bizim insanların məqsədləri tezbazar qazanc əldə etməkdir. Davamlılıq, sabit müştəri toplama istiqamətində siyasət yürüdülmür. Bu məsələnin həlli ilbəil yubadılır. Ümid edirəm, turizm şirkətləri artıq hərəkətə keçmək vaxtı olduğunu başa düşərlər”.