“TURAN”I SUSDURMAQ KİMİN MARAĞINDADIR?

Prezident ölkədə olmadığı bir ərəfədə bu agentlikdə yoxlama aprılması təsadüfdür, yoxsa...?
 
Xəbər verildiyi kimi, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti 7 avqust 2017-ci il tarixində “Turan” İnformasiya Agentliyinə qarşı cinayət işi açıb və ibtidai istintaqa başlayıb. Agentlik 37 min manat vergini ödəməməkdə ittiham olunur.
Dünən isə Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti “Turan”ın 2014-cü ildən 2016-cı ilə qədər olan fəaliyyətinin yoxlanılması haqqında 7 avqust tarixli qərarını ləğv edib. Departament 1 oktyabr 2010-cu ildən 1 avqust 2017-ci ilə qədərki dövr üzrə cinayət təhqiqatı aparılması haqqında qərar qəbul edib. Bu səbəbdən də, vergi əməkdaşları agentlikdən sentyabrın 5-nə qədər 1 oktyabr 2010-cu ildən 1 avqust 2017-ci ilə qədər olan dövr üçün agentliyin maliyyə-təsərrüfat fəaliyyəti haqqında sənədlərin təqdim edilməsini tələb ediblər.
Əlbəttə, “Turan” İnformasiya Agentliyinin 37 min manat vergini ödəməməkdə ittiham olunmasının əsassız olduğu kimsədə şübhə doğurmur. İndi cəmiyyətdə çoxları bu fikirdədir ki, bu araşdırmalar sıradan bir vergi yoxlaması deyil, agentliyin qapadılmasına yönəlik siyasi qərarı icra etmək cəhdidir. Marqlıdır, bəs “Turan”ı susdurmaq haqda siyasi qərar konkret olaraq kim tərəfindən verilib?
 
Bu suala cavab axtarmazdan öncə qeyd edək ki, “Turan” İnformasiya Agentliyi ölkədə sonuncu müstəqil media agentliyidir. “Turan”ın Qərbin aparıcı KİV-ləri ilə tərəfdaşlıq əlaqələri mövcuddur. Agentliyin mətbuat bülletenlərinə Bakıda fəaliyyət göstərən səfirliklər abunəçidir.
Agentliyin rəhbəri Mehman Əliyevə gəldikdə isə, onun Azərbaycandakı siyasi proseslərə baxışları və bu sahədəki dəyişikliklərə düzgün şərhlər və qiymət verməsi hər kəsə bəllidir. Üstəlik, onun agentlik rəhbəri kimi hər zaman obyektivliyi ilə seçilməsi və ən əsası da müstəqil olması kimsəyə sirr deyil. Təsadüfi deyil ki, məhz bu səbəbdən vaxtilə mərhum dövlət başçısı Heydər Əliyev Mehman Əliyevi Prezident Administrasiyasına işə dəvət etmişdi...
Bəli, ola bilər ki, M.Əliyevin məhz müstəqil xasiyyətli olması Azərbaycan hakimiyyətində kimlərisə qane etmir. Lakin nəzərə alaq ki, o, heç vaxt “qırmızı xətti” də keçməyib. Belə olduğu halda, bu cür peşəkar insanın imkanlarından geniş istifadə etməkdənsə, onun rəhbərlik etdiyi KİV sahəsini yığışdırmaq kimə və nəyə lazımdır?! Bəlkə, bütün bunların arxasında tamamilə fərqli niyyətlər var: bununla beynəlxalq təşkilatlara Azərbaycanda söz azadlığının boğulması istiqamətində yeni bir “yem” verirlər və Azərbaycanın Qərbə inteqrasiyadan uzaqlaşdırırlar?!
Onu da nəzərə almaq lazımdır ki, “Turan” İnformasiya Agentliyinə qarşı basqılar 2018-ci il prezident seçkilərinə hazırlıq ilində baş verir. Ən maraqlısı isə budur ki, ölkə başçısı Azərbaycanda olmadığı vaxtda nüfuzlu media qurumuna qarşı bu cür tədbirlər həyata keçirilir. Əlbəttə, hesab etmək olar ki, Mehman Əliyev kiməsə mane olur. Kimə? Bu barədə növbəti yazıda...
 
RƏŞAD