“Turan”a hücum ölkəni daha çox zülmətə qərq etmək cəhdidir - EKSPERT

Ələsgər Məmmədli
 
Turan Informasiya Agentliyinə bu gün vergi cinayətlərini araşdıran ekibin “hücum edərcəsinə” basqın etməsi və axtarış aparması açıq şəkildə siyasi basqının hüquqi kamuflyajıdır.
 
Vergilər Nazirliyi 8 avqust tarixində Turana rəsmi məktub göndərib, 23 avqusta qədər müəyyən sənədlərin təqdim edilməsini tələb etmişdi. Qanuna görə 15 günlük müddət hüququn tələbidir. Bu gün həmin müddəti gözləmədən məhkəmə qərarı çıxararaq axtarış aparılmasının verdiyi mesaj budur ki “Turanın fəaliyyətini istəmirik, bütün qanuni və qanunsuz yollarla fəaliyyətə əngəl olacağıq”.
Ayrıca, gələn ekibin qeyri-peşəkarlığı və ya qəsdən qanunsuz hərəkətlər etməsi də başqa bir problem təşkil edir. Müstəqil Azərbaycanın ilk informasiya agentliyinə- peşəkarlıq və tərəfsizlik aspektindən tək güvənilir agentlik kimi ölkə daxili və xarici tərəflər üçün ilkin mənbə olan bir quruma küçə bakkalına girən kimi girib, jurnalistika fəaliyyətini iflic etmələri, jurnalistlərin öz funksiyalarını icra etmələrinə qanunsuz məhdudiyyət tətbiq etmələri, jurnalist mənbələrinin gizliliyinə qanunsuz müdaxilə ciddi qanun pozuntusudur. Bunlar dərk etmirlər ki, ya da dərk etmək istəmirlər ki, jurnalistlərin fəaliyyətini yalnız qanunla və legitim məqsədlərlə məhdudlaşdırmaq olar. Sənəd götürməyə gələnlər çəkilişi məhdudlaşdıra bilməz. jurnalistin mənbəyinin gizliliyinə müdaxilə edib, onun kompüterlərinə girə bilməz. Turana axtarışa gələnlərin əlindəki məhkəmə qərarı sadəcə mühasibat sənədlərini götürməklə bağlı olduğuna baxmayaraq, özlərini fövqəladə güc hesab edərək onlarla jurnalistin işini görmələrinə mane olmaq özü cinayət məsuliyyəti yaradır.
Amma bunlar əmindirlər ki Turana məhdudiyyət siyasi sifarişlə verildiyinə görə onların bütün hüquqdankənar fəaliyyətləri toxululmazlıq zirehi ilə qorunacaq. Siyasi sifarişlər sabah məhkəmələrdə də qanunsuz hərəkətlərin tanınması və aradan qaldırılması üçün müraciət edənlərə qarşı yeni qərarlar üçün stimul olacaq. Belə olmasa həmin məhkəmələr daha bir həftə öncə Vergilər Nazirliyini məhkəməyə verən Turanın şikayətinə baxmadan, qisas olsun deyə Turanın ofisində axtarış aparmaq istəyən Vergilər Nazirliyinin istəyini müticəsinə qərara çevirməzdilər.
Sonda qeyd edim ki, Turana qarşı baş verənlər azad medianın son işartılarını söndürmə təşəbbüsüdür. Ölkəni qaranlıqlara qərq etmə təşəbbüsüdür. Bu təşəbbüslər dərhal dayandırılmalıdır.
Yazı müəllifin Facebook səhifəsindən götürülüb