“Təəssüf ki, bütün dünya Türk xalqlarını inkar yolunu tutub”

Rafael Bezertinov: “Artıq tatar xalqı dərk edir ki, ermənilər işğalçı siyasət aparmaqla böyük güclərin hədəflərinin mərkəzində dayanıblar”

“Bütün uğurlarıma görə, Azərbaycana və onun xalqına borcluyam”

“Avropa İdman Oyunlarını Kazanda seyr etdiyimdə gözlərim yaşla doldu”

Rafael Bezertinov mənşəcə tatardır. O, Azərbaycanın paytaxtı Bakıda anadan olub. Burada orta məktəbi bitirdikdən sonra, indiki İqtisad Universitetində ali təhsil alıb. Uzun müddət mühasib, sonralar müəllim kimi çalışıb. Keçmiş Sovetlər Birliyi dağılan ərəfədə mərhum türkoloq alim, millət vəkili Aydın Məmmədovun təşəbbüsü ilə yaradılan “Ana dili” cəmiyyətinin fəallarından biri olub. Hal-hazırda Tatarıstan Respublikasının paytaxtı Kazanda yaşayır. Tatarıstanda onu məşhur türkoloq alim, Türk Dünyası üzrə bir neçə samballı əsərlərin müəllifi kimi çox yaxşı tanıyırlar. Elə onunla söhbətimizi bu məcrada quraraq, diaspor və lobbiçilik məsələlərinə də aydınlıq gətirməyə başladıq.
– Rəfael bəy, sizi Bakıdan tanısaq da, bəs necə oldu ki, türkologiyaya üz tut tutdunuz və nədən Kazana köçdünüz?
– Keçmiş Sovetlər Birliyi dağılan ərəfəyə kimi mən Bakıdan kənara belə, çıxmamışdım. Uşaq vaxtlarımdan evimizdə tatarca danışırdıq. Elə Azərbaycan dilini də beləcə asanlıqla öyrəndim. Rus dilində orta təhsil alsam da, bizimlə birlikdə oxuyan başqa millətlərin nümayəndələri, xüsusilə də ermənilər nədən azərbaycanca danışdığıma  paxıllıqla yanaşır və təpki göstərərdilər. Çünki rusdilli məktəblərdə mümkün qədər sizin xalqı aşağılamağa çalışardılar. Hətta bizimlə oxuyan azərbaycanlılar belə, mənsub  olduğu millətin nümayəndəsi olmaqdan dolayı xəcalət çəkərdilər. Bax belə bir siyasətə qarşı içimdə uşaq vaxtı bir üsyan var idi. Öz-özümə deyərdim ki, bunca qohum olan dillər nədən bu qədər bir-birinə yad olmalıdırlar. Bundan əlavə, dərsliklərdə biz tatarları tarixin ən qorxunc və qəddar, nifrət ediləsi xalqı kimi təqdim olunması dözülməz dərəcədə dəhşətli idi. Sanki, tatar kimi doğulmaq cinayət idi. Beləcə bunun səbəblərini gizli şəkildə araşdırmağa başladım. Bir çox azərbaycanlı türkoloq alimlərlə dostluq etməyə başladım. Xüsusilə Mirəli Seyidov, Fərhad Zeynalov, Nəsir Rzayev, Aydın Məmmədov, Samət Əlizadə və başqalarının elmi əsərləri, onlarla canlı söhbətlərimiz sayəsində əcdadlarımızın tarixini, dil, etnik və mədəni birliyini öyrənməyə başladım. 1989-cu ildə İçərişəhərdə “Ana dili” Cəmiyyətini yaratmaqla, burada yaşayan və mənşəcə Türk olan xalqların ortaq birliyini gündəmə gətirdik. Tatar, Qaqouz, Çuvaş, Marı, Altay, Başkort, Telengit, Kumuk, Noqay, Qaraçay, Qazax, Türkmən, Uyğur və başqa Türk kökənli xalqların nümayəndələri burada birləşmişdilər. Onların arasında həkim, iqtisadçı, müəllim, hərbçi, təqaüdçü, tələbə və başqa sahələrin adamları var idi. Daha sonra, o dövrdə Bakı və Sumqayıtda yaşayan 50 minlik Tatar Türkünün mədəni mərkəzini, “Tuqan Tel” (doğma dil) təşkilatını qurduq. Bununla yanaşı, “Güzelim” mahnı və rəqs ansambılını yaratdıq. Bizim bu iki təşkilatın sayəsində burada Tatar Türklərinin Azərbaycan xalqı ilə eyni əcdadların övladları olduğunu gündəmə gətirdik. Bununla yanaşı, o dönəmdə biz görürdük ki, Azərbaycan xalqının milli azadlıq hərəkatında böyük bir canlanma var. Burada alimlər və ziyalılar əcdad kultu üzərində köklənmiş milli dövlət quruculuğu yolunda xalqı necə də möhtəşəm şəkildə maarifləndirirlər. Mən bütün bunlardan qürur duyurdum. Bir də unutmaq olmaz ki, Azərbaycan xalqı 200 illik bir əsarət çağını yaşamağa məcbur olub. Mənsub olduğum Tatar Türkləri isə 1554-cü ildən özünün milli kimliyini itirmək kimi dərin siyasətlərin acı hədəfləri içindədir. Buna görə də, Kazana köçməyə qərar verdim. Məqsədim heç də Rusiya Federasiyasının dağılması deyil, məşhur türkoloq alim Lev Qumilyevin də dediyi kimi, Avrasiyanın Türk-Slavyan xalqlarının həqiqi mənada vahid məkanı olmasında bizim xalqı müdafiə etmək oldu.  Sovetlər Birliyi, xüsusilə də stalinizm dönəmdində aparılan yanlış siyasətlərin qarşısını almaq gərəkdi. 
– Beləcə Kazanda fəaliyyətinizi davam etdirdiniz…
– Mən Azərbaycana borcluyam bu gün əldə etdiyim uğurlara görə. İyirmi ildən çoxdur ki, Tatarıstan, Başkortstan, Altay, Çuvaşstan respublikalarında və Tümen, Həştərxan, Çələbi (Çelyabinsk), Orenburq, Samara, Volqaqrad, Sverdlovsk, Nijni Tagil, Oryol, Tomba (Tomsk), Omba (Omsk) və başqa vilayətlərdəki tatar icmalarının arasında azərbaycanlıların bizimlə eyni kökdən və ortaq bir dili paylaşan, mədəniyyətə sahib olan xalq olduğunu anladıram. Qarabağ həqiqətlərini izah edirəm. Ermənilərin sadəcə Azərbaycan dövlətinin deyil, həm də bütün Türk Dünyasının düşməni olmasını tarixi faktlarla və elmi dəlillərlə başa salıram. Eyni zamanda öz elmi əsərlərimdə qədim türk xalqlarının inanc və mədəniyyətinin bizləri əcdad kultu və genetik baxımdan bağlayan səbəblərin tarixi həqiqətlərini ortaya qoyuram.
– Bununla da səssiz-sədasız Azərbaycan lobbiçiliyini edirsiniz.
– Əlbəttə, bütün bunların hamısını bir zamanlar Azərbaycanda yaşadığım dönəmdə öyrəndim. Hər gün Azərbaycan televiziya kanallarını seyr edirəm. İnternet vasitəsilə proseslərin təhlilini aparıram. Azərbaycan bu gün keçmiş Sovetlər Birliyinə məxsus olan ölkələrin içində ən parlaq şəkildə inkişaf edən bir dövlətdir. İndi hər kəs çox yaxşı başa düşür ki, əgər Azərbaycan xalqına məxsus olan sərvətlər keçmiş sovet rejimi dönəmində elə oranın sosial-iqtisadi, elmi və mədəni rifahı üçün xərclənsəydi, indi gör nələr baş verərdi. Düz 70 il Azərbaycan xalqını bütün bunlardan məhrum ediblər. Dövlət müstəqilliyinizin gələn il 25 yaşı tamam olacaq. Ötən 25 ilə nəzər saldıqda baxıb görəcəksiniz ki, necə də məhtəşəm quruculuq işləri gedib. Biz Moskva televiziyasının kanalları ilə Ermənistanı, digər keçmiş müttəfiq respublikalarındakı durumu canlı olaraq təqib edirik. Bütün bunların şahidlərindən biri də mənəm. Bu möhtəşəmliyi kimsədən dəstək almadan, öz xalqımın arasında izah edirəm. Bir türkoloq alim kimi onu da qeyd etmək istəyirəm ki, bütün türk xalqlarında bu nadir istedad vardır. Yetər ki, dünya siyasətində türk xalqlarına daha geniş şəkildə etibar etsin. Türk xalqlarını çox təəssüflər olsun ki, başda Avropa dövlətləri olmaqla, bütün dünya inkar yolunu tutmuşdur. Axı bəşəriyyətdə bu gün mövcud olan nəhəng inkişaf məhz biz türklərə məxsusdur. İstər dövlət quruculuğu, istərsə dini, mədəni və sakral dəyərlər baxımından bütün bunlara görə dünya birliyi çox şeyləri biz türklərdən öyrəniblər. İndi bizləri inkar etmək nə dərəcədə doğrudur? Adicə Azərbaycan və Türkiyə dövlətlərinin inkişaf sürəti bunu sübut edir. Dünya birliyi elə buna görə də ermənilərin Qarabağı işğal siyasətini müdafiə edir. Hətta BMT səviyyəsində qəbul edilmiş qətnamələrə belə əməl etməkdə ermənilərə təzyiq edən yoxdur. Türkiyəni bir neçə yerə parçalamaq hədəfləri də bu siyasətin davamıdır. Mən qürur hissi keçirirəm ki, Azərbaycanın müxalifəti də, iqtidarı da Qarabağ və işğal olunmuş ərazilərimiz məsələsində vahid mövqedən çıxış edirlər. Artıq tatar xalqı dərk edir ki, ermənilər işğalçı siyasət aparmaqla böyük güclərin hədəflərinin mərkəzində dayanmışlar. Bizim səylərimiz nəticəsində tatar xalqı qardaş Azərbaycan xalqına qarşı yapışdırılmış “alverçi”, “cinayətkar”, “başkəsən” və başqa yarlıqları qəbul etmir. Azərbaycan dövlətinin inkişaf sürəti və xalqın nə qədər istedadlı olmasını indi çoxları etiraf etmək məcburiyyətində qalmışdır.
– Sizin elmi əsərləriniz ilk zamanlarda çoxları tərəfindən bir yandan başa düşülmürdü, o biri yandan isə, hətta kitablarınıza qarşı böyük etimadzıqlıq kimi yanaşılırdı.
– Tamamilə doğru buyurursunuz. 1997-ci ildə dərc olunan “Tatarlar, Türklər – Böyük köçlün heyrətamizliyi”, 2000-ci ildə “Tanrıçılıq – Türklərin və moğolların inancıdır”, 2005-ci ildə “Türk – Tatar adları”, 2006-cı ildə “Qədim Türklərdə Gök Tanrı inancı”, 2006-cı ildə “Tatar idarəetmə düzəni”, 2011-ci ildə “Çin və dünyaya köç”, 2013-cü ildə “Geopolitika və Tatar-Moğol imperiyasının başçıları” kimi elmi kitablarım nəşr olunub. Bundan əlavə, “Çingiz Xan”, “Türk döyüş sənəti”, “Türk düşüncəsinin perspektivləri”, “Qədim Türklərdə dünyabaxış”, “Attila”, “Onqular və indiki tatarlar”, “Qədim Türklər necə olublar”, “Gök Tanrı inanclı ukraynalılar”, “Altay diyarı”, “Altaylarda moğol petroqlifləri”, “Türk birliyinin çağdaş problemləri” və “Gök Tanrı abidəsi” kimi əsərlərim vardır. Bütün bu uğurları qazanmağıma görə, hər zaman Azərbaycana və onun xalqına borcluyam. Əvvəllər mənim adicə elmi məqalələrimə qarşı öz doğma xalqımı təmsil edən bir çox alimlər tərəfindən təpkilər səsləndirilirdi. Hətta məni dinsiz və imansız adlandıranlar da var idi. Heç yerdə işləməyə belə imkan verilmirdi. Bütün acılara və məhrumiyyətlərə baxmayaraq, zamanla, xüsusilə də gənclik əsərlərimə böyük maraq göstərməyə başladı. Bunun da əsas səbəbi bu idi ki, ayrıca tatar xalqının varolma düzənini indi çoxları qəbul etmirlər. Bizlər bir millət olaraq, Türk Dünyası ailəsinin tərkib hissəsiyik. Hər il “Novruz Beynəlxalq Teatr Festivalı”nda, “TÜRKVİZYON”, TÜRKSOY” və başqa tədbirlərdə iştirak edən tatar xalqı nəhəng mədəniyyətin bir parçası olduğuna daha çox inanmağa başlamışdır. Biz bütün bu təşəbbüsləri dəstəkləməklə yanaşı, həm də onun elmi baxımdan daha da effektiv təsir vasitələrini ortaya qoymalıyıq. Türk Dünyasında baş verən bu mədəni inteqrasiya həm də Qarabağ probleminin və digər sorunların həllinə doğru atılmış nəhəng addımlardır. Beləcə ermənilər və başqa antitürk siyasəti aparan güclər də zəifləməyə başlayacaqlar. Biz alimlərin üzərinə çox böyük yük düşür. Biz daha da məhsuldar çalışmalıyıq. Ən azından yeni elmi əsərlərimizlə xalqımıza və Türk Dünyasına faydalı ola biləcək fikirlərimizlə gündəmə gəlməliyik.
– Anadan olduğunuz Azərbaycanı, xüsusilə də Bakını ziyarət edirsinizmi?
– Əlbəttə. İmkan olan kimi dərhal Bakıya qaçıram. Kimsə ilə görüşmədən şəhərin küçələrini gəzib dolaşıram. Valideynlərimin məzarını ziyarət edirəm. Son gəlişimdə ən çox qürur duyduğum səbəblərdən biri də tatar uşaqlarının Azərbaycan məktəblərinə meyil göstərmələri oldu. Əvvəllər “rusdilli xalq” adı altında bizləri assimliasiya etmək üçün, tatar və başqa xalqların uşaqları rus məktəblərində təhsil almağa üstünlük verirdilər. Azərbaycan dilində olan məktəbə gedən bir tatar balasından soruşdum ki, nədən rus məktəbinə deyil, oraya gedirsən. Cavabında dedi ki, axı mən bu dövlətin və xalqın çörəyini yeyirəm. Bir də bizim dilimizlə Azərbaycan dili daha yaxın və qohum dillərdir. Bütün bunlardan, xüsusilə də Azərbaycandakı inkişaf prosesindən çox qürur duyuram. Son Avropa İdman Oyunlarını Kazanda seyr etdiyimdə gözlərim yaşla doldu. İlk dəfə idi ki, Türk Dünyasını təmsil edən bir ölkədə bunca möhtəşəm dünya tədbiri keçirilirdi. Bax Türkün istedadı və nə qədər başarılı olmasının sirri budur.        

Ə. Yusifoğlu