​Təşkilat sədri döyülən uşaqla bağlı dövlət orqanlarına səsləndi: “Anasından alınmalıdır”

Baxış sayı:
3088

Müəllimi tərəfindən döyüldüyü iddia olunan 189-190 saylı orta məktəbin birinci sinif şagirdi hazırda fiziki və psixoloji zorakılığa məruz qalır.
Muxalifet.az xəbər verir ki, bunu aznews.az-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə döyülən şagirdin anası Xanım Əliyevanın sosial şəbəkədə qızı ilə bağlı yaydığı videodan danışarkən deyib. Kamalə Ağazadə qətiyyətlə uşağın anadan alınmasını tələb edir:
“Hamı döyülmə faktı, ananın davranışları haqqında danışır və hamı müəllimi günahlandırır. Amma uşağın haqqında heç kəs danışmır. Uşaq heç kəsin yadına düşmür. 3 gündən yuxarıdır ki, bu hadisə baş verib. Amma hələ də hadisə ilə bağlı məktəbin yerləşdiyi və o uşağın qeydiyyatda olduğu rayon icra hakimiyyətinin qəyyumluq komissiyasından heç bir reaksiya gəlməyib. Mən ananın sosial şəbəkədə uşağı ilə bağlı paylaşdığı videonu izlədim. Bu sahənin içində olan mütəxəssis kimi deyirəm ki, ana uşağını zorla kamera arxasında tutub onu videoya çəkdirir. Uşağa psixoloji təzyiq var. Mən üzümü Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, uşağın qeydiyyatda olduğu rayon icra hakimiyyətinin qəyyumluq komissiyasına və hüquq-mühafizə orqanlarına tururam və bildirirəm ki, uşaq təcili olaraq müvəqqəti anadan alınmalı və onunla psixoloji reabilitasiya işi aparılmalıdır. Ananın qərəzli olması göz qabağındadır”.
Qeyd edək ki, bir neçə gün öncə 189-190 saylı orta məktəbin birinci sinif şagirdinin anası uşağının müəllimi tərəfindən döyülməsi ilə bağlı məlumatlar yaydı. Bundan dərhal sonra ATV kanalının aparıcısı Zaur Baxşəliyev şagirdin müəllimi deyil, anası Xanım Əliyeva tərəfindən döyülməsini əks etdirən videogörüntü yaydı. Həmin görüntü cəmiyyətdə böyük rezonasa səbəb olub.