“Tərəflərin əlində böyük sayda hərbi qüvvə, texnika var, hər şey ola bilər...” - AVROPA İTTİFAQININ NÜMAYƏNDƏSİ

Baxış sayı:
2634

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində son bir neçə gündür ki, misli görünməmiş sakitlik hökm sürür. Hər iki tərəf atəşkəsin pozulması hallarının demək olar ki, baş vermədiyi haqda raportlar verirlər. Hətta Azərbaycan Müdafiə Nazirliyinin cəbhə xəttindəki vəziyyətə dair gündəlik raportlarında da “ara-sıra açılan tək atəşlər istisna olmaqla” nisbi sakitlik hökm sürdüyü qeyd olunur.

Lakin bu, tufanqabağı nisbi sakitlik də ola bilər. Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar hesab edir ki, hər iki tərəfin əlində böyük sayda hərbi qüvvə və texnika cəmləşdiyi bir vaxtda istənilən vaxt hər şeyin baş verməsi mümkündür.

“Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində diplomat bildirib ki, Qarabağ münaqişəsi zonasında situasiya partlayış təhlükəldir.

“Bizim baş nazir Paşinyanla görüşümüz oldu və əlbətdə, Dağlıq Qarabağ haqda da danışdıq, nazirlərin Vaşinqtondakı son görüşünü müzakirə etdik. Və son bir ay-ay yarımda təmas xəttində gərginliyin artmasının şahidi olduğunu dedik. İndi Vaşinqton görüşündən sonra ümid edirik ki, bu aktivlik aşağı düşəcək”,-Toyvo Klaar deyib.

 

Avropalı diplomat təmas xəttindəki vəziyyəti Ermənistanın xarici işlər naziri ilə də müzakirə etdiyini deyib. Onun sözlərinə görə, situasiya olduqca kövrəkdir. Bu baxımdan insan itkiləri ilə nəticələnən atışmalar olur.

“Və məhz bu situasiyanı aradan qaldırmaq üçün danışıqlar yolu ilə daha uzunmüddətli və möhkəm sülh prosesinə doğru getmək lazımdır. Nə qədər ki, hər iki tərəfin əlində böyük sayda hərbi qüvvə və texnika var, situasiya partlayış təhlükəli olaraq qalacaq, hər şey baş verə bilər”,-o əlavə edib.