​Trampla İran generalı arasında “Taxt-tac oyunları”

Baxış sayı:
5950

ABŞ dövlət katibi Mayk Pompeo iranlı general-mayor, İranın xaricdəki məxfi əməliyyatları və hərbi tapşırıqlarını icra edən xüsusi Qüds qoşunlarının komandiri Qasım Süleymaninin “Instagram”da ABŞ prezidenti Donald Trampı ələ salan və bir növ ABŞ-ı təhdid edən posterinə münasibət bildirib. 
Belə ki, 2 noyabrda Tramp İrana qarşı sanksiyaların 5 noyabrda qüvvəyə minəcəyilə bağlı xəbərdarlıq və xatırlatma etmək istəyib və bunu məşhur “Taxt-tac oyunları” serialının “Qış gəlir” posterinə oxşadaraq özünün şəkli üzərində “Sanksiyalar gəlir” yazmaqla edib. 
Trampın bu posteri internetdə çox sayda memelərin (obraz təqlidi - daha çox yumoristik kontekstdə) qoyulmasına səbəb oldu. Onlardan biri də iranlı general Qasım Süleymaninin "Taxt-tac oyunları” serialının eyni posterinə istinadla öz şəkli üzərində “Sənə qarşı duracam” yazaraq Trampa cavab verməsi olub. 
Azvision.az xəbər verir ki, jurnalistlərin ümumiyyətlə Trampın serialın posterindən istifadə etməsinin indiki vəziyyətdə uyğun olub-olmamasilə bağlı suallarını cavablandıran Pompeo diqqəti Trampdan Süleymaninin posterinə və İranın ABŞ üçün doğurduğu təhdidə çəkib.
“Trampın “Taxt-tac oyunları” stilində posteri ətrafında çox səs-küy var. Qasım Süleymani də buna reaksiya bildirib. Amma mən görmədim ki, sizlərdən kimsə (jurnalistlərdən) bunu şərh etsin. Bu adamın əlləri amerikalıların qanına bulanıb. O, amerikalı əsgərləri öldürüb. Və bu, heç də gülməli deyil. İran İslam Respublikasının etdiyi hərəkətlər isə Avropaya, Yaxın Şərqə və bütün dünyaya təsir göstərən olduqca ciddi məsələlərdir”, – Pompeo vurğulayıb. 
Qeyd edək ki, Trampın posterindən sonra məşhur “Taxt-tac oyunları” serialının ərsəyə gəlməsi və yayımı ilə məşğul olan ABŞ-ın “HBO” telekanalı serialdan siyasi məqsədlər üçün istifadə edilməməsini xahiş edib.