Trampın Türkiyəni təhdid etməsinin PƏRDƏARXASI - Ekspertlər prezidentin qərarını şərh edir

Baxış sayı:
11911

Qabil Hüseynli: “Tramp həm siyasətçi, həm də prezident kimi təcrübəsiz bir adamdır”
 
Elxan Şahinoğlu: “Belə prezident hələ Amerikada olmayıb”

 
Dünən ABŞ prezidenti Donald Tramp Türkiyəyə yönəlik kəskin ifadə işlədib: “İŞİD yenidən dirçəlirsə, yaxınlıqdakı bazalardan hücum edəcəyik. Türkiyə kürdləri vurarsa, Türkiyəni iqtisadi olaraq məhv edəcəyik. 20 millik təhlükəsiz zona quracağıq. Eyni şəkildə kürdlərin də Türkiyəni təxribata çəkməsini istəmirik. Rusiya, İran və Suriya ABŞ-ın təbii düşməni olan İŞİD-ın məhv edilməsindən yararlanacaqlar. Biz də bundan yararlanacağıq, ancaq əsgərlərimizi evə qaytarmaq zamanıdır. Sonsuz müharibələr bitəcək”.
“ABŞ prezidenti Trampın “Türkiyə kürdləri vurarsa, onları iqtisadi olaraq məhv edərik” deyə təhdid etməsi, əslində, bir prezidentə yaraşan açıqlama deyil. Artıq neçənci dəfədir ki, Tramp dünyanın müharibəyə sürükləyən “tvitlər” atır ki, bu da Amerikanın dünyada demokratiya dəstəkçisi yox, əksinə dünyada hegemonluğa, özbaşınalığa yol verdiyini göstərir.
Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın ABŞ prezidenti Trampın Türkiyəyə yönəlik açıqlamasına cavab verib: “Türkiyə kürdlərlə deyil, terrorçularla döyüşür. Kürdləri və Suriyalıları bütün terror təhdidlərinə qarşı qoruyacağıq. Kürdləri PKK və onun Suriya qolu PYD/YPG ilə bərabər tutmaq ölümcül bir səhvdir. ABŞ-dan strateji tərəfdaşlıq öhdəliklərini yerinə yetirməsini gözləyirik”.
Bu bəyanatda Türkiyənin kürdlərlə deyil, terrorçularla döyüşdüyü aydın ifadə olunub. Trampın isə terroçularla sadə kürdləri qarışdırması yanlış bir addımdır. Başqa vaxt deyirlər ki, ABŞ dünyada terrora qarşı mübarizə aparır, amma lazım gələndə terroçulara aşkar dəstək verir.
 
Terroçulara qarşı mübarizə belə aparılır?
 
Dünən Türkiyə Silahlı Qüvvələrinin Münbiç və Fərat çayının şərqində həyata keçirməyi planlaşdırdığı əməliyyata hazırlıqların tamamlanması və 80 min hərbçinin hücum əmrini gözləməsi ilə bağlı məlumat yayıldı ki, bu da Türkiyənin haqlı savaşı, mübarizəsidir. Məlumata görə, hədəf təxminən 30 min kvadrat kilometr ərazini terror təşkilatlarından təmizləyərək “terror dəhlizi” təhdidini tamamilə aradan qaldırmaqdır. Donald Trampın açıqlamasından sonra Münbiç və Fərat çayının şərqində həyata keçirilməsi nəzərdə tutulan əməliyyatda Türkiyə və Amerika əsgələri də üzə-üzə gələ bilər ki, bu da arzuolunan deyil. Çünki Trampdan əvvəl onun müşaviri Con Bolton da Türkiyəni çətin vəziyyətdə qoyacaq bəyanat vermişdi ki, kürdləri qorumaya yönəlik anlaşma imzalanmadan əsgərimiz Suriyadan çıxmayacaq. Bu baxımdan, Türkiyənin Münbiç və Fərat çayının şərqində həyata keçirməyi planlaşdırdığı əməliyyat Suriyada “Fərat qalxanı” və “Zeytun Budağı” kimi asan həyata keçiriləcək əməliyyat deyil. Çünki Amerika bu əməliyyata ciddi maneədir.
Qeyd edək ki, Türkiyənin prezident sarayından ictimai əlaqələr üzrə məsul Fəxrəddin Altun da Trampın Türkiyəyə yönəlik təhdidindən sonra açıqlama verib. O, Trampa cavab olaraq bu sözləri deyib: “Türkiyə dövləti kürdlərin düşməni deyil, hamisidir. Türkiyənin kürdlərlə heç bir problemi yoxdur. Bizim üçün əsas olan milli təhlükəsizliyimizdir. Terrorizmlə mübarizəmizi müəyyən edən əsas amil də budur. Terrorizmin mənbəyi istər ideoloji, istər dini, istərsə də etnik olsun, bizim üçün fərq etməz. Terror terrordur və mənbəyində qurudulmalıdır. Türkiyə Suriyada tam da bunu edir”.
Türkiyənin kürdlərlə heç bir problemi olmadığını, milli təhlükəsizliyini qorumağa çalışdığını Fəxrəddin Altun aydın ifadə edib. Əslində, Türkiyə dövləti kürdlərin düşməni olsaydı, 10 milyon kürdün Türkiyə vətəndaşı və türklər kimi hüquqları qorunmaz, normal yaşaya bilməzdi. 10 milyon kürdün öz hüquqlarından vətəndaş kimi isifadə etməsi və normal yaşaması Türkiyədə kürdlərə olan hörməti göstərir. Amerikanın sadə kürdləri deyil, terrocuları dəstəkləməsi səhv olduğu üçün də bütün dünya buna qarşı mübarizə aparmalıdır.
 
“Trampın təhdidinə həm diplomatik etika baxımından, həm də protokoldan yana məqbul saymıram”
 
ABŞ prezidentinin Türkiyəni təhdid etməsi ilə bağlı keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli “Hürriyyət”ə dedi ki, Trampın bu bəynatı Türkiyə-Amerika münasibətlərinə mənfi təsir edəcək: “Amma bu, siyasətçi açıqlaması deyil. Regionun ən güclü və qüdrətli dövlətlərindən birini, özü də müttfiq olan bir dövləti bu cür hədələmək prezidentin səviyyəsinə yaraşmır. Bu, onu göstərir ki, o, həm siyasətçi, həm də prezident kimi təcrübəsiz bir adamdır. Tramp fikirlərini tez-tez dəyişir. Suriyadan qoşunun çıxarılması ilə bağlı Türkiyə ilə razılaşmasına baxmayaraq, kürdlərə görə Türkiyəni hədələyir. Mən NATO blokunda müttəfiq olan bir dövlətin başçısının o biri dövləti bu cür təhdid etməsini təəssüf ki, həm diplomatik etika baxımından, həm də protokoldan yana məqbul saymıram”.
“Sözsüz ki, Tramp öyrətmələrə baxır. Ərdoğan da Con Bolton Ankarada olarkən ona qarşı bir qədər hörmətsizlik nümayiş etdirdi, onu qəbul etmədi. Gərək, qəbul edəydi. Bundan sonra, Con Bolton da getdi, Trampın başını doldurdu və belə bir vəziyyət yarandı”,- deyə politoloq əlavə etdi.
“Türkiyə Silahlı Qüvvələrinin Münbiç və Fərat çayının şərqində həyata keçirməyi planlaşdırdığı əməliyyata hazırlıqlar tamamlanıb, 80 min hərbçi hücum əmri gözləyir.Trampın bəyanatı Türkiyənin mövqeyinə təsir edəcəkmi” sualına Q. Hüseynli belə cavab verdi: “Türkiyə müstəqil dövlətdir, müstəqil qərarlar qəbul edir. Amma müttəfiqi olan Amerika Birləşmiş Ştatları ilə bu məsələdə indiyə kimi razılaşdırılmış mövqe sərgiləyirdilər. Trampın bu bəyanatının Türkiyənin mövqeyinə təsir edib, edəcəyini söyləməkdə çəinlik çəkirəm. Türkiyə bu məsələdə ehtiyatlı olmağa məcburdur”.
“Bundan sonra, münasibətlər gərginləşə bilərmi” sualına gəlincə, poltoloq vurğuladı ki, bu, Türkiyənin əməliyyatları necə keçirəcəyindən asılıdır: “Mən inanmıram ki, münasibətlər gərginləşməyə doğru getsin. Onsuz da Trampın danışdıqlarının çoxu həmişə boşa çıxır. Əməliyyatlar da Türkiyənin təhlükəsiliyi nöqteyi-nəzərindən məcburi əməliyyatlardır və buna Amerika vaxtilə razılıq verib. İndi sözünü dəbbələyir, bu, onun öz məsuliyyətidir”.
 
“Tramp özbaşına qərarlar verir”
 
D.Trampın Türkiyəyə yönəlik yersiz açıqlaması ilə bağlı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə dedi ki, Donald Tramp qeyri-adi prezidentdir: “Amerikanın uzaq və yaxın tarixini bir az bilirəm, prezidentlərin də fəaliyyətindən xəbərim var. Belə prezident hələ Amerikada olmamışdır. Yəni heç nə ilə hesablaşmır, özbaşına qərarlar verir. Hətta dostları da özünə düşmən edir, müttəfiqlərlə küsüşür. Bir ara dedi Türkiyə ilə yaxınlaşıram, Suriyadan qoşunları çıxarıram. İndi tam tərsini deyir. Çünki onu öz ətrafı başa saldı ki, Suriyadan belə rahatlıqla çıxmaq olmaz, kürdlərə dəstək verməliyik. İndi də illərin müttəfiqi olan Türkiyəni çox kobud şəkildə hədələyir. Bu cür siyasət Türkiyəni Amerikadan daha çox uzaqlaşdırır. Amerikanın bundan heç bir qazancı olmayacaq. Suriyada vəziyyət indi belədir ki, Türkiyə də seyrçi qala bilməz. Çünki orada PKK-nın uzantıları var, onları neytrallaşdırmalıdır. Amma Amerika orada varkən türk ordusunun ora girməsi də ziyanlıdır. Tramp bu cür kobud ifadələr işlətsə belə, Ankara məcburdur Vaşinqtonla dialoqu davam etdirsin. Çünki Amerika əsgəri nə qədər Suriyada, Fəratın şərqindədir, türk orudusu ora rahatlıqla daxil ola bilməyəcək. Çünki toqquşma, hər iki tərəfdən itkilər ola bilər. Bu, iki keçmiş müttəfiqi düşmən vəziyyətinə gətirib çıxara bilər. Artıq Ərdoğan da Trampın xasiyyətini bilir ki, bu gün bir, sabah başqa cürdür. Trampın bu açıqlaması həm də vəziyyətin mürəkkəb olduğunu göstərir. Çünki amerikanlar silahlı kürdlərə, terrorçu təşkilatlara dəstəkdən əl çəkmək istəmilər. Çox təəssüf ki, Amerikada həmin terroçu təşkilatlarla bütün kürdlər arasında bərabərlik işarəsi qoyulur. Vəziyyəti gərginləşdirən də məhz budur”.
“Kalının Trampa cavabını yetərli hesab etmək olarmı? Yəni Türkiyə hökumətinin daha yüksək səviyyədə bu təhdidə cavab verməsinə ehtiyac var idimi” sualına E. Şahinoğlu belə cavab verdi: “Türkiyə hər zaman Amerikanın bu cür təhdidlərinə, kobud ifadələrinə cavab açıqlaması ilə çıxış edir. Xatirinizdədirsə, rahib Branson tutulanda da vəziyyət son dərəcə mürəkkəbləşmişdi, iki dövlət rəsmilərinin bir-birilərinə qarşı çox ciddi ittihamları var idi. Hətta iki nazir Amerika tərəfindən sanksiya siyahısına salınmışdı. Bu baxımdan, bu açıqlamadan sonra mən vəziyyətin yenidən gərginləşəcəyini gözləyirəm. Amma yenə də deyirəm, bu vəziyyət nə Amerikanın, nə də Türkiyənin xeyrinədir. Bütün hallarda yəqin ki, ortaq məxrəcə gəlməyə çalışacaqlar. Görünür, Boltonun cümhur başqanı Rəcəb Təyyub Ərdoğan tərəfindən qəbul olunmaması da Trampa təsir edib. Amma bunu günahkarı da elə Tramp administrasiyasıdır, Boltondur. Çünki Bolton Ankaraya səfərdən bir gün öncə açıqlama verdi ki, biz kürdləri heç kimə təslim etməyəcəyik. Yəni “Bolton” sözü kürdlərlə terrorçu təşkilatlar arasında bərabərlik işarəsinin qoyulması deməkdir”.
“Türkiyə Silahlı Qüvvələri Münbiç və Fərat çayının şərqində nəzərdə tutulan əməliyyatları həyata keçirərkən Türkiyə ABŞ-ın təhdidlərini nəzərə alacaqmı” sualını isə E. Şahinoğlu belə cavablandırdı: “Bu məsələ indi Türkiyədə də müzakirə olunur. Mən də bu fikirdəyəm ki, Türkiyə hökuməti xarici siyasətinə bir korrektə etməlidir. Düzdür, vaxtilə Əsədlə bütün “körpüləri” yandırdılar. Əslində, Ankara bunda da haqlı idi. Çünki Əsəd kütləvi qətliamlar həyata keçirtdi, günahsız insanları öldürdü. Amma 4 il əvvəl Əsəd zəif idisə, indi zəif deyil. İranın və Rusiyanın hesabına ölkənin əsas hissəsinin nəzarətini özünə qaytara bildi. Ona görə, yaxşı olar ki, Türkiyə Moskva və Tehran üzərindən yenidən Əsədlə təmasa başlasın. Çünki PKK-nın uzantıları ilə Əsədin birləşməsi üçün imkan vermək olmaz. Artıq ərəb ölkələri də bunu anlamağa başlayıb. Təsadüfi deyil ki, yenidən Suriyada səfirlikləri açmaq barədə düşünürlər. Türkiyə Əsədi qəbul etməsə də, elə etmək lazımdır ki, Əsədlə təmaslara başlamalıdır. Çünki hamı ilə eyni zamanda mübarizə aparmaq da çətindir. Artıq Əsədi düşmən elan etmək yanlışdır. Çünki qonşu ölkənin prezidentidir və ölkəni artıq nəzarətə keçirib. Düzdür, 4-5 il əvvəl bəzi türk rəsmilərinin yanlış açıqlamaları oldu ki, guya, 6 aya Əsəd gedəcək, amma getmədi və ölkə üzərindəki nəzarəti bərpa etdi. Ona görə, bu reallıqla hesablaşmaq lazımdır. Mən Türkiyə cəmiyyətində siyasi ekspertlər tərəfindən edilən müzakirələri izləyirəm. Onlar da bu fikirdədirlər ki, hamı ilə düşmən olmaq mümkün deyil. Heç olmasa Əsədlə dil tapıb, əlaqə yaradıb, PKK-ya qarşı birgə mübarizni təşkil etmək olar. Çünki əks halda Əsəd özü PKK uzantıları ilə ittifaq yarada bilər. Bu, artıq Türkiyə üçün daha böyük təhlükə yaradar”./Hurriyyet.org