​Trampın tarixi hesabatı: ABŞ İranla savaşa başlayır?

Baxış sayı: 28

Oktyabrın 5-də ABŞ Prezidenti Donald Tramp bir qrup amerikali hərbçi ilə görüşüb daha sonra onların ailə üzvləri ilə birlikdə şəkil çəkdirən zaman jurnalistlərə “fırtınadan əvvəlki sakitliyin şahidisiniz” deyə ifadə işlədib. Jurnalistlərin “bunun anlamı nədir” sualına isə Tramp sadəcə “görəcəksiniz” cavabını verməklə kifayətlənib.
Bəs Trampın dediyi “Fırtınadan əvvəlki sakitlik” ifadəsi nə deməkdir?
Əvvəla bu ifadənin hərbiçilərlə görüş zamanı işlədilməsi daha böyük önəm daşıyır. Hətta yaxın gələcəkdə bir müharibənin də ola biləcəyi anlamına gələ bilər.
Trampın bu ifadəsini 3 nöqteyi nəzərdən izah etmək olar.
Birincisi, Tramp daim diqqəti özünə cəlm etmək istədiyindən belə bir ifadəni işlətmiş ola bilər. Qeyd edək ki, Tramp 10 ildən çox bir televiziya kanalında şoumen və aparıcı kimi çalışıb. Bu səbəbdən daim gündəmdə qalmağı və sözlərlə oynayaraq sensasiya yaratmağı yaxşı bacarır.
İkinci, bu ifadəni işlədərkən Tramp Şimalı Koreyaya hücum planını nəzərdə tuta bilər.
Üçüncü ehtimal isə Trampın İrana qarşı tutduğu mövqedə ciddi dəyişikliyin olması ehtimalıdır. Belə ki, sabah Tramp “Altılıq” ölkələri ilə İran arasında nüvə sazişi barədə məruzə ilə çıxış edəcək. Tramp Konqresə təqdim edəcəyi hesabatda İranın nüvə sazişinə sadiq olub-olmaması haqda məlumat verməklə bərabər, İranla bağlı münasibətlərin gələcəyi barədə qərarı və məsuliyyəti konqresmenlərin üzərinə atmış olacaq.
Əslində Tramp bu sazişin tam əleyhinə olsa da, müqaviləyə imza atan müttəfiqlərinin mövqeyini nəzərə alaraq, həmin sazişi birbaşa ləğv edə bilmir. Həm də MAGATE-nin indiyə qədər İranın sazişə əməl etdiyini mütəmadi olaraq təsdiqləməsi də Tramp üçün heç bir imkan yaratmır.
İran və ABŞ münasibətlərini gərginləşdirəcək və fırtına yaradacaq siyasi davranışlardan biri Trampın “İranın nüvə sazişinə əməl etməməsi” ifadəsini öz məruzəsində açıq işlətməsi olacaq. Lakin ABŞ prezidentinin bu ifadəni işlətmək ehtimalı çox azdır.
Digər tərəfdən isə Tramp öz məruzəsində İranın nüvə sazişinin icrasına əməl etdiyi barədə dəqiq fikir bildirmədən rəsmi Tehranı bir sıra məsələlərdə şəffaflığa əməl etməməkdə ittiham etməsi ola bilər. Əslində MAGATE rəhbəri Yukio Amaneo sentyabrın 24-də İranın nüvə fəaliyyəti ilə bağlı məsələyə münasibət bildirərkən “onun təmsil etdiyi təşkilat İranın bu müqaviləyə əməl etdiyini yoxlamaqda acizlik çəkir” demişdi. Tramp məhz bu sitatdan istifadə edərək İrana qarşı bir sıra ittihamlar irəli sürə bilər.
Nüvə razılaşmasının “T” protokoluna əsasən İran nüvə partlayışlarının kompüter vasitəsi ilə oxşar şəraitinin yaradılması və yoxlanılması proqramlarından məhrum edilib. Amma bu partlayışların İranda kompüter vasitəsi ilə aparılıb-aparılmaması proqramlarının olması barədə MAGATE heç bir yoxlanış apara bilmir. Belə məqamlar Trampa İranın sazişə tam icra etməməsi barədə fikir söyləməsinə zəmin yarada bilər.
Trampın belə məruzəsi sazişi pozma cəhdi kimi dəyərlənməsə də konqresmenləri çıxılmaz duruma salacaq.
Tramp və konqresmenlərin arasında olan gərgin münasibəti nəzərə alsaq, belə bir şəraitdə prezidentin təsdiq etmədiyi bir sazişə konqresmenlərin etinasız qalması onların etibarına xələl gətirə biləcək amildir. Digər tərəfdən Konqres sanksiyaların bir qismini və ya hamısını bərpa edəcəyi təqdirdə hadisələrin gedişi həqiqətən fırtınaya səbəb ola bilər.
Tramp belə bir məruzə hazırlasa, Konqres İrana qarşı yeni sanksiyalar tətbiq edə və hətta İslam İnqilabı Keşikçiləri Korpusunun adını terror təşkilatları siyahısına salmağa məcbur ola bilər.
Konqresdə təsdiq olunan KATSA (ABŞ düşmənləri ilə sanksiyalar vasitəsi ilə mübarizə qanunu) qanununa uyğun olaraq konqresmenlər İrana hansısa sanksiyalar tətbiq etmək məcburiyyətində qalacaqlar. Bu sanksiyalar ağır və ya yüngül olmasından asılı olmayaraq, İranın etirazına və hətta sazişi ləğv etməsinə gətirib çıxara bilər.
İran rəsmiləri bu ehtimalları nəzərə alaraq müxtəlif hədələyici bəyanatlarla çıxış edirlər. Hətta oktyabrın 8-də Məhəmməd Əli Cəfəri SEPAH-ın terror təşkilatı siyahısınə salınması barədə ABŞ-a xəbərdarlıq edərək bildirmişdi ki, belə olan təqdirdə ABŞ İrana 2000 kilometrlik məsafədə olan bütün bazalarını yığışdırmalı olacaq, əks halda İran raketləri tərəfindən məhv ediləcək. O, həmçinin, bildirmişdi ki, belə olan təqdirdə SEPAH Suriyada ABŞ qüvvələrini İŞİD qüvvələri kimi görəcək və onlarla terrorçu kimi davranacaq.
ABŞ İrana qarşı yenidən sanksiyalar tətbiq edəcəyi təqdirdə İran iqtisadiyyatı ciddi çətinliklərlə üzləşə bilər. Bunun nəticəsində İran sazişi ləğv edib, sürətlə nüvəni zənginləşdirməyə (2013-2015-ci illərdə olduğu kimi) başlayacaq. Digər tərəfdən, Tehran həm də öz raket texnologiyasını genişləndirməyə cəhd edəcək. Bununla da hadisələr tərəflərin qarşılıqlı kəskin addımları ilə daha da gərginləşə bilər. Müzakirələrin olmadığı bir şəraitdə belə gərginliyin sonu hərbi müdaxiləyə qədər gətirib çıxara və nəhayət, Yaxın Şərqdə yeni və həqiqi mənada məhvedici bir müharibə ocağı alovlanmasına imkan yarada bilər.