Trampın son qərarı nə İsrailə, nə Fələstinə sülh gətirməyəcək... - TƏHLİL

Baxış sayı:
7336

Mensur Akgün,
"Karar" qəzeti

ABŞ hökumətləri hər zaman İsrail təəssübkeşliyi siyasətini apadılar, İsrailin təhlükəsizliyi onların təhlükəsizliyi hesab olundu. Hətta Oslo sülh prosesində Bill Klintonun Yasir Ərəfata təqdim etdiyi həll variantları belə İsrail yönlü idi. Lakin heç biri Tramp qədər birtərəfli olmamış, onun qədər tərəfkeşlik etməmişdi.  
Tramp hakimiyyətə gələr-gəlməz ölkəsinin Fələstinlilərə verdiyi maliyyə yardımını kəsdi. Fələstinli mühacirlər üçün BMT-nin qurduğu UNRWA təşkilatına yardımı sıfıra endirdi, Vaşinqtondakı FKÖ ofisini bağladı, illərdir ABŞ səfirliyinin Qüdsə köçürülməsi barədə qeyri-müəyyən olan qərarın qəbulunu qətiləşdirdi, Qüds və Qolan Təpələrinin beynəlxalq səviyyədə statusunun tanınması üçün cəhd etdi.
ABŞ dövlət katibi Mayk Pompeo Qərbi Şəriadakı İsrail yaşayış məntəqələrinin beynəlxalq hüquqa zidd olmayacağını vurğulayan açıqlama verdi. Pompeonun bu açıqlaması fələstinlilərin illərllə sürən münaqişənin çözülməsi ümidlərini yoxa çıxardı.
Baxmayaraq ki, yaxın zamanlara qədər ABŞ bu yaşayış məntəqələrinin Dördüncü Cenevrə Sazişinə (49 maddə) zidd olduğunu söyləyirdi. Dünyanın qalan hissəsi də bu yaşayış məntəqələrinin hüquqa qarşı olduğunu qəbul etmişdilər. İsrail bunun əksini iddia etsə də, BMT bu durumu qəbul etməmişdi. Pompeo nə deyirsə desin, dünyanın bunu bu tezliklə qəbul edəcəyi inandırıcı deyil. Amma təəssüf ki, bu tezis öz hüquqi qiymətini itirəcək, danışıqların mübahisəsiz elementi kimi mənası qalmayacaq.
Pompeonun fikrincə, belə açıqlamanın səbəbi reallığı nəzərə alaraq müzakirələrə şərait yaratmaq, kimin haqlı-kimin haqsız olduğunu nəzərə almadan məsələnin həll edilməsidir. Yəni əslində güclünün gücsüzü daha da əzməsinə hüquqi bəraət qazandırmaq.   

ABŞ dövlət katibi “mədəni" şəkildə "artıq biz ümumi hüququ yox, güclü olanın hökmünü qəbul edəcəyik” deyir. Tezliklə Trampın kürəkəni Kuşnerin hazırladığı plan açıqlanarsa təəccübül olmaz.
Bir tərəfdə Tramp impiçmentlə əlləşir, o biri tərəfdə Netenyahu təzyiq altındadır, İsraildə hökumət kabinetini qura bilmir. Gündəmin dəyişməsi üçün, yeni yollar tapılmalı və ictimai dəstək artırılmadır.
İndi, bunun qarşısını ala biləcək Ərəb dünyası da qalmadı. 1967-ci ilin sərhədləri olmadan sülh ola bilməz, sülh olmadan ərəblər İsraili tanımayacaq deyən və Ərəb Sülh Təşəbbüsünə imza atan Səudiyyə Ərəbistanı artıq başqa əhval-ruhiyyədədir. Səudiyyə Ərəbistanı indi İsraili İran təhlükəsinə qarşı yanına çəkmək istəyir.
Misirə ABŞ və Səudiyyə Ərəbistanı öz stabilliyi, hətta sağ qalması üçün lazımdır. İraq özü-özünə kömək edə bilmir, Suriyada vətəndaş müharibəsi hökm sürür. Livanın özü siyasi böhranın cəngindədir. İran öz çəkisinə baxmayaraq, bu problemin həllində iştirak edə bilmir.
Türkiyəyə gəlincə, ABŞ-la münasibətlərə üstünlük verməlidir. PYD, Kipr və digər problemləri diqqətdən qaçırmaq olmaz. Bundan daha da artıq, əgər Türkiyənin heç bir problemi olmasa belə, təkbaşına, yalnız öz gücüylə, diplomatik yolla Trampı Fələstin barədə qərarından döndərməyə və fələstinliləri sevindirəcək nəticə alması mümkünsüzdür.
Ola bilər ki, yenidən İslam Əməkdaşlıq Təşkilatının iclası çağrıla bilər, Yerusəlimin statusu məsələsində beynəlxalq hüquq və keçmiş qətnamələri xatırladaraq BMT-nin Baş Assambleyasının qərarını qəbul elətdirə bilər. Ancaq sülh prosesinin gedişatına təsir edəcək və fələstinlilərə ümid verən bir təşəbbüs göstərmək olar. Çox güman ki, İsraili 1967-ci il sərhədlərinə qayıtmağa və bu prinsip əsasında bir kompromis əldə etməyə inandırmaq özünü doğrultmayacaq. Fələstin və fələstinlilər üçün Avopa İttifaqı ilə birlikdə bir şey etmək asan və daha təsirli olacaq. Əlbəttə ki, eyni zamanda İƏT-in dəstəyinə müraciət etmək, 1967-ci il sərhədlərinə qayıtmaq prinsipinin və digər əsas qərar parametrlərin təsdiqlənməsini təmin etmək vacibdir. Türkiyə böyük və nüfuzlu oyunçuları öz tərəfinə cəlb edə bilsə, bu həm fələstinlilərə, həm də  türklərə fayda verəcək, Türkiyəni, daha doğrusu, Türkiyə fikrini yeni səviyyəyə qaldıracaq.
Tərcümə etdi: Ülviyyə Şükürova,
Muxalifet.az