Trampın “ən axmaq şahzadəsi” MİLYARDER VALİDİN HƏBS ŞOKU

Məhəmməd ibn Salmanın əmri ilə həbs olunan Səudiyyə milyarderi, şahzadə Valid bin Talal – qeyri-müəyyən və ziddiyyətli şəxsiyyətdir.
Muxalifət.az xəbər verir ki, dünyanın ən zəngin şəxslərindən biri sayılan 62 yaşlı biznesmen ərəb dünyasının 2 görkəmli simasının nəvəsidir. Bunlardan biri müasir Səudiyyə Ərəbistanının banisi hesab olunan kral Əbdüləziz əs-Səud, digəri isə Livanın ilk baş naziri Riyad əl-Solhdur.
Şahzadə Valid ilk növbədə 1980-ci illərin sonlarında hazırda qlobal imperiya şəklini almış bankların, lüks mehmanxanaların və media holdinqlərinin əsasını qoyduğu dövrdə siyasətə gəlib. Sonrakı 10 il ərzində isə o, qüdrətli investor, Səudiyyə Ərəbistanının müasirləşdirilməsinin tərəfdarı və son nəticədə ABŞ Prezidenti Donald Trampın tənqidçisi kimi tanınıb.
2015-ci ildə Trampı prezidentlik kampaniyası əsnasında istifadə etdiyi ifadələrə görə kəskin tənqid edərək onu "Amerikanın rüsvayçılığı" adlandırıb və namizədliyini geri çəkməyə çağırıb. Cavabında isə Tramp onu “ən axmaq şahzadə” adlandırdı. Hərçənd Səudiyyənin gələcək kralı şahzadə Məhəmməd Trampın yaxın müttəfiqidir. İlk baxışdan şahzadələrin ortaq baxışları mövcuddur. Onlar qadın hüquqlarını müdafiə edirlər, avtomobillərini özləri idarə edirlər. Buna baxmayaraq, Krallıq elitasında şahzadələr arasında kəskin rəqabət olduğu bildirilir.
Şahzadənin həbsi onun nəhəng investor olduğunu düşünən bir sıra şirkətlər üçün böyük şok yaradıb. 95 faiz səhmə sahib olduğu Krallıq holdinq şirkətinə həmçinin Londondakı “Savoy”, Parisdə “Fairmont Plaza” və məşhur “George V” oteli də məxsusdur. Onun eyni zamanda “Lyft”, “Tvitter”, “Nyus Korp”, “Avro Disney” və “21-ci əsr Foks” şirkətlərində paya sahib olduğu bildirilir. Şahzadə Validin həbs qərarından sonra sahib olduğu şirkətin səhmləri 7.6 faiz dəyər itirib.
Forbes onun sərvətini 18.7 milyard dollar olaraq qiymətləndirir. Bu ilin ən zənginləri siyahısında 45-ci yerin sahibidir. Valid həmçinin hər il milyonları xeyriyyə işlərinə sərf edən filantropdur. 2015-ci ildə şahzadə xeyriyyə işlərinə bütün sərvətini xərcləmək niyyətini açıqlamışdı.
Şahzadə Valid heç bir zaman öz fikirlərini gizlətməyib, bir çox məhdudiyyətlərlə üzləşən ölkədə qadın hüquqları müdafiəçisi və siyasi islahatların açıq bir tərəfdarı olaraq tanınır. İslam dininin beş sütununun və ya prinsipinin tərəfdarı olan şahzadə qadınların cəmiyyətdə inkişafını məhdudlaşdıran Səudiyyə ənənələrini tənqid edir. O, yerli qadın pilotun təlim uçuşunu maliyyələşdirməyə hazır olduğunu açıqlayıb.
Şahzadənin tələbəlik illəri Nyu Yorkda və Şimali Kaliforniyada keçib. Valid ilk dəfə “Forbes”in milyarderlər siyahısına 1988-ci ildə düşüb.
Qeyd edək ki, korrupsiya əməliyyatı çərçivəsində son iki gündə Səudiyyənin kral ailəsi üzvlərindən 30 nüfuzlu şəxs həbs edilib./axar.az/