​Trampın Çinə jesti ilə bağlı Ağ Evdən - Açıqlama

Baxış sayı:
15484

ABŞ prezidentinin administrasiyası Amerika biznesinin Çinin “Huavey” kompaniyası ilə əməkdaşlığına qoyduğu qadağanı xeyli yumşaldıb.
Muxalifet.az "Finənşl Tayms" qəzetinə istinadən xəbər verir ki, ABŞ-ın ticarət naziri Uilbur Ross kompaniyalara milli təhlükəsizliyə təhdid yaratmadan öz məhsullarını Çinin telekommunikasiya avadanlığı istehsalçısına satmaq üçün lisenziya veriləcəyini deyib.
Lakin “Huavey” kompaniyası qara siyahıdan çıxarılmayacaq: onunla biznes əlaqələri qurmaq üçün Amerika kompaniyaları yenə də lisenziya almalı olacaq.
Birləşmiş Ştatların prezident administrasiyası güzəştlərin nə qədər davam edəcəyi barədə məlumat verməyərək, ABŞ-ın Çinlə danışıqlarda irəliləyişə nail olunmasa, “Huavey” kompaniyasına qarşı mövqeyini yenidən sərtləşdirə biləcəyinə işarə edib.
Xatırladaq ki, mayın 15-də Prezident Donald Tramp ABŞ-ın informasiya-kommunikasiya infrastrukturunun xarici təhdidlərdən qorunması üçün fövqəladə vəziyyət rejiminin tətbiqi barədə fərman imzalayıb. Bununla bağlı Birləşmiş Ştatların Ticarət Nazirliyi mayın 17-də milli təhlükəsizliyə təhdid səbəbindən “Huavey” kompaniyasını qara siyahıya salıb.
İki həftə öncə ABŞ Prezidenti Donald Trampla ÇXR sədri Si Szinpin arasında Osakada keçirilən görüşdə "Huavey"lə bağlı razılıq əldə olunub.