"Trampın atdığı addımlar praktikada yoxdur" – EKSPERT

 Tramp Kubanı öz hakimiyyəti altında saxlamaqla Rusiyadan uzaqlaşdırmaq istəyir. Trampın fikrincə, bununla Kubaya yeni imtiyazlar verilir. Bu imtiyazların sırasına viza rejimi məsələsi, ikili ticarət əlaqələrinin genişlədirilməsi kimi məsələlər daxildir.
 
Bu sözləri sabiq dövlət müşaviri Qabil Hüseynli ABŞ Prezidenti Donald Trampın Obama administrasiyasının Kuba ilə əlaqələrin normallaşdırılmasına dair qərarını ləğv etməsi haqda Axar.az-a danışarkən deyib.
“Soyuq müharibə dövründən başlayaraq Kuba Amerika Birləşmiş Ştatları tərəfindən blokadaya alınmışdı. ABŞ-dan oraya gediş-gəliş, eləcə də ticarət əlaqələri mümkün deyildi. Obama hakimiyyətinin son dövrlərinə yaxın iki ölkə arasında qarşılıqlı razılaşma ilə müqavilə imzalandı. Bununla da Kubanın blokadası götürüldü.
Donald Tramp Kubanın Rusiya ilə yaxınlıq etməsini istəmir, amma Kubada əvvəllər SSRİ-nin, indi isə Rusiyanın hərbi bazaları var və bu bazaların bəzilərində ballistik nüvə raketləri yerləşdirilib. Rusiyanın sualtı gəmiləri də Kubanın hərbi donanmasının bazasından istifadə edir. Tramp belə hesab edir ki, Kuba ABŞ üçün təhlükə olaraq qalır. ABŞ-a təhlükə mənbəyinə çevrilməməsi üçün onunla münasibətlər blokada şəraitində olmalıdır. Amma bu müqavilə Konqresdən, hər iki ölkədə qanunvericilik məclislərindən keçib. Prezidentin deməsi kifayət etmir, Konqres razılaşmalıdır”, - Q.Hüseynli qeyd edib.
Politoloq bildirib ki, bir ölkə rəhbərinin qəbul etdiyi qərarı xələfinin ləğv etməsi kimi praktika dünyanın heç bir yerində olmayıb:
“Bu nadir hallarda atılan bir addımdır. Yalnız ölkə üçün fövqəladə təhlükə kəsb etdiyi zaman müqavilə pozula bilər. Tramp daha əvvəl İrana qarşı da “5+1” formulası üzrə imzalamış nüvə sazişini ləğv etmişdi”.
Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Donald Tramp Obama administrasiyasının Kuba ilə əlaqələrin normallaşdırılmasına dair qərarını ləğv edib.